Mikayıl Müşfiq: “Gecə düşüncəsi”

Əzəldən söz olub.

Şeir cildində…

İlk insanlar işarələrlə ifadə eləyə bilmədikləri hissləri şeirlərə çeviriblər.

“Çünki dünyada elə sözlər var ki, onları ancaq şeirlə demək olar”

Bir anın içində şeirə çevrilən duyğular başqa məkanlarda, başqa zamanlarda və  başqa ruhlarda  milyon anda yenidən doğulur.

Anlar əbədidir çünki…

Şeirlər kimi…

Epiloq.az-ın “Anın şeiri” layihəsində bu dəfə Mikayıl Müşfiqin “Gecə düşüncəsi” şeirini təqdim edirik.

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

Gecə sakit… düşüncəm sakit deyildir fəqət,
Gözlərimin önündə canlandı bir həqiqət.
Xəyalım ənginlərə o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
İlk dəfədir kainat –
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda, solda döyüşmüş,
Sonra yoluna düşmüş.
Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!

Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,
Yarı qönçə, yarı gül.
Səni gördüm, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizə bu nazlı aləm görünərdi qaranlıq,
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.

Xoşladığm bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən,
Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…