Mikayıl Müşfiq: “Könlümün dedikləri”

Əzəldən söz olub.

Şeir cildində…

İlk insanlar işarələrlə ifadə eləyə bilmədikləri hissləri şeirlərə çeviriblər.

“Çünki dünyada elə sözlər var ki, onları ancaq şeirlə demək olar”

Bir anın içində şeirə çevrilən duyğular başqa məkanlarda, başqa zamanlarda və  başqa ruhlarda  milyon anda yenidən doğulur.

Anlar əbədidir çünki…

Şeirlər kimi…

Epiloq.az bu dəfə “Anın şeiri” layihəsində   Mikayıl Müşfiqin “Könlümün dedikləri” şeirini təqdim edir.

Mənim könlüm deyir ki,

Hələ bunlar nədir ki…

Böyük günlər, şanlı günlər, şən günlər,

Yoluna düşən günlər

Hələ qarşımızdadır!

Hələ bunlar nədir ki…

Mənim könlüm deyir ki,

Həyat ondan küsənləri incidər

Möhkəm dəzgah, şirin əmək, inci tər

Hələ qarşımızdadır!

Babam derdi: “Keçən günə gün çatmaz!”

Mənim könlüm bu sözlərə heç yatmaz.

O düşünüb deyir ki,

Hələ bunlar nədir ki…

Ay işığı, dolu ürək, yaşıl bağ,

Qızğın günəş, sərin çeşmə, qarlı dağ

Hələ qarşımızdadır!