Müharibə mövzusunda ən yaxşı əsər – SORĞU

Epiloq.az “Müharibə haqqında yazılmış ən yaxşı əsər” barədə sorğunu təqdim edir.

Cəlil Cavanşir:

Müharibə mövzusunda ən bəyəndiyim əsərləri Remark yazıb. “Üç yoldaş”, “Qərb cəbhəsində sakitlikdir”, “Zəfər tağı” romanları məncə bu mövzunun ən yaxşı nümunələridir. Uşaqlıq illərimdən yadımda qalan Osayevanın “Vasyok Trubaçov və yoldaşları” romanı da mənim üçün unudulmaz əsərlərdəndir. Ümumiyyətlə məni müharibədən bəhs edən qəhrəmanlıq dastanları yox, real həyatı əks etdirən, ümumi mənzərəni canlandıran əsərlər daha çox cəlb edir. Müharibə mövzusunda həm bədii, həm də sənədli saysız-hesabsız kitablar oxumuşam. Bu əsərlər arasında yaddaşımda qalan ən maraqlı əsərlərdən biri də İsmayıl Şıxlının “Cəbhə yolları” əsəridir. Postmüharibə əsərləri arasında ən yaddaqalan əsərlərdən Herta Müllerin “Nəfəs yelləncəyi” və Svetlana Alekseyeviçin “Müharibə qadın simalı deyil” əsərlərinin adını çəkə bilərəm.

 Aqşin Yenisey:

Günümüzün reallığında mənim müharibə haqqında düşüncələrimə zidd olsa da, Çex yazıçısı Yaroslav Hasekin “İgid əsgər Şveyq” romanının adını çəkə bilərəm. Bu roman müharibələrin səbəblərinə ironiya ilə yanaşır. Ancaq mən bu səbəblərin tarixin hansısa bir epizodunda axtarmağın tərəfdarı deyiləm. Müharibənin səbəblərini mühakimə ediriksə, varlığın təməlinə enməliyik. Hasek bu romanda səbəbi də, nəticəni də İkinci Dünya savaşında axtarır. Hər halda, dilimizə tərcümə olunası romandır.

 Qismət:

Mənə görə, bu mövzuda yazılmış ən monumental əsər Tolstoyun “Hərb və sülh” epopeyasıdır. Tolstoy bu əsəri əvvəlcə “Sonu yaxşı bitən hər şey yaxşıdır” adlandırmaq istəyib, sonradan fikrini dəyişib, amma adın ilkin variantı da  Tolstoyun mövqeyini yaxşı ifadə edir. Tolstoy sülh qədər, müharibəyə də bəşəriyyətin başına gəlməsi qaçılmaz olan ilahi nizamın təkib hissəsi kimi baxırdı. “Hərb və sülh” ömrün sonuna qədər, müxtəlif yaşlarda, təkrar-təkrar oxunası əsərdir, çünki təkcə döyüş meydanındakı savaşlardan və sülhdən bəhs etmir.

 Ayxan Ayvaz:

Mənim bu mövzuda ən bəyəndiyim əsər “Hərb və sülh”dür. Elə bilirəm, müharibəni bütün tərəfləri ilə ondan yaxşı göstərən əsər tapmaq çətindir.

Sahilə Yaya:

Svetlana Alekseyeviçin “Müharibə qadın simalı deyil” romanı

Hazırladı: Cahan Seyidzadə