Murakaminin Türkiyə səyahətnaməsi

Məşhur yapon yazıçısı Haruki Murakami 1980-ci ilin sonlarında Türkiyəyə və Yunanıstana səfər edir. Səfərin sonunda müşahidələrini yazaraq “Yağış və cəhənnəm istisi” (Uten Enten) adlı kitab dərc edir .

Epiloq.az həmin səyahətnamənin ən maraqlı hissələrini təqdim edir.

Kitabın üz qabığında bir tank fotosu var. Tankın üzərində isə bir adam. Murakami bu kitabda uşaqlarla çəkdirdiyi şəkillərə daha çox yer verib. O qeyd edir ki, tarixi və coğrafi rakursdan Türkiyə yalqız bir ölkədir.



O, İstanbulu keçib Qara dənizin sahil xətti ilə SSRİ sərhədinə qədər irəliləyir. Daha sonra cənuba dönərək Şərqi Anadolunu və Cənub-Şərqi Anadolu bölgələrini ziyarət edir. 21 günlük səyahətində bir çox yeri gəzir və bir çox insanla tanış olur. Kitabda Van pişiyindən tutmuş Egey dənizinin incisinə qədər hər şeydən bəhs edir: O qeyd edir ki, indiyə qədər gəzdiyi ölkələrin çörəkləri arasında ən dadlısı türk çörəyi olub. O, həmçinin türk çayının, incəbelli armudu stəkanların sehrindən də bəhs edir.

“Türkiyədəki çayı içmək bizə İtaliyada bir barda espresso içməkdən, ya da Yunanıstanda yunan qəhvəsi içməkdən daha cəlbedici gəlmişdi. Lakin yeməklərin ləzzətinə baxmayaraq yağlı və aromatik olması mənim ağız dadıma uyğun deyildi. Türkiyənin havası da sank, rənginə, qoxusuna, bir sözlə hər şeyinə görə indiyə qədər aldığım havadan fərqlənir. Belə havanı ilk dəfə idi ciyərlərimə çəkirdim. O hava hələ də mənim burnumun ucundadır. Türkiyədən sonra bir çox ölkəyə getmişəm, amma heç biri Türkiyənin havasına çata bilməyib”.

“Türk zabitləri intellektualdır. Üzlərində adi əsgərlərdən fərqlənən bir hava var. Hiss edirsən ki, onlar doğuşdan fərqlidirlər. Müharibə şəraitində olan ölkələr xaricində bu qədər hərbi gücə sahib başqa bir ölkə yoxdur. Orada daim əsgərlər və polislərlə qarşılaşmaq olar”.

“Türk əsgəri deyəndə yaponların gözündə “Ərəbistanlı Lourens” filmindəki qəddar və kobud insanlar canlanırdı. Bu avropalıların gözündə yaratdığı türk obrazıdır. Ancaq mən yapon gözü ilə baxanda heç də qəddar və kobud əsgər görmürəm. Onlar hər yerdə qarşımıza çıxan sadə kənd uşaqları, bir vaxtlar keçmiş Yapon ordusunu xatırladan, sosial təbəqədən olan gənclərdir. Türk əsgərləri savadlı, ancaq sadəlövh və səmimidirlər. Mən orada olanda xatirə şəkli çəkdirdikdən sonra komandir əsgərlərdən birinə çay gətirməyi əmr etdi. Türklərin gətirdiyi çay yapon çayına çox bənzəyirdi. Başqa bir əsgər isə stul gətirdi. Səmimiyyətimiz dərinləşdikcə söhbətimiz uzanırdı. Mehriban və maraqlı olan türklər vaxt məsələsində yaponlar qədər dəqiq olmadıqlarına görə xeyli söhbət etdik”.



Hazırladı: Dəniz Pənahova