Nəriman Əbdülrəhmanlı: “Anamın sözlüyü 500 səhifədir”

Epiloq.az yazıçı-tərçüməçi Nəriman Əbdülrəhmanlının müsahibəsini təqdim edir.

– Nəriman Əbdülrəhmanlının adı gələndə gözümüzün önündə yorulmadan qələm çalan, bir tərəfdən dünya ədəbiyyatının bir sıra nümunələrini dilimizə çevirən mütərcim, digər tərəfdən, romanları ilə ədəbi mühitin havasını dəyişən yazıçı, bir çox ekran əsərlərinə imzasını atmış ssenarist, hətta 4 cildlik “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasının müəllifi dayanır. Bütün bu təyinlər haqlı olaraq bir sual doğurur:  O, bu qədər işləri görməyə necə vaxt tapır?

– Məncə, burda heyrətlənməli bir şey yoxdu. Əkinçi öz işini gördüyü kimi, mən də taleyimə yazılan, bəxtimə düşən işlə məşğul olmuşam. Həm də oxucuya çatan yazılarımın böyük əksəriyyəti son 25 il ərzində ərsəyə gəlib. 40 yaşınacan az yazmışam, yazdıqlarımın da əksəriyyətini üzə çıxarmamışam, daha çox oxumuşam, özümdə yazmaq duyğusu formalaşdırmışam. Bir də nakam sevgim olan kinoda çalışmışam, ssenarilər yazmışam, kino tarixiylə bağlı araşdırmalar aparmışam. Yalnız 90-cı illərin axırlarında hiss elədim ki, yazmaq üçün hazıram. İlk kitabım nəşr olunanda 46 yaşım vardı. Bir də ki, nəsr əkinçi peşəsidi, zəhmətə qatlaşmadınsa, ortaya ürəktərpədən bir şey çıxara bilməzsən. 90-cı illərdə hərbi sistemdə işləyə-işləyə nizam-intizama alışdım, bu da şübhəsiz, yazı həyatıma müsbət təsir göstərdi: istər-istəməz çayxanalardan yığışdım, vaxtımı dəyərləndirdim. Yəni, yazı həyatımın sadə sirri bundan ibarətdi…

Bəs niyə yazdığınız barədə özünüzə heç sual veribsinizmi?

– Həm də dəfələrlə. Əslində, bəlkə də həyatdan, taledən, qismətdən qisas almaq üçün, həyat sarsıntıları qarşısında özümü aciz hesab elədiyimə görə, ömür sıxıntısından qurtulmaq ümidilə yazıram. Bəlkə də elə ara-sıra xoşbəxt olmaq üçün yazıram, çünki yazı məqamında özümü dünyanın ən bəxtəvər adamı sayıram. Bütün bunlarla yanaşı, həm də başqa bir iş bacarmıram, uzaqbaşı, yaxşı bir bağban ola bilərdim, o da bəxtimə düşmədi. Taleyimə yazı-pozu düşdü, mən də həyatama az da olsa, rəng qatmaq, başqalarının könlünü mümkün qədər isindirmək üçün yaşantılarımı kağıza köçürmək qərarına gəldim.

– Bir tərcüməçi kimi çevirmək arzusunda olduğunuz, amma çevirə bilmədiyiniz əsər varmı?

– Var, həm də kifayət qədər çoxdu. Bəzilərini çevirməyə özümü hazır hesab eləməmişəm, bəzilərini vaxt çatışmazlığı ucbatından kənara qoymuşam. Vaxtilə Qabriel Qarsia Markesin “Patriarxın payızı” romanını gözaltı eləmişdim, amma hələ o vaxt tanınmış yazıçı olan Afaq Məsudun artıq tərcümə eləməyə başladığından xəbər tutanda bu sevdadan əl çəkdim. Herman Hessenin çox sevdiyim, “Yalqız” romanımda da qəhrəmanın assosiativ xatırladığı “Yalquzaq” əsərini peşəkar tərcüməçi Vilayət Hacıyevin orijinaldan çevirdiyini eşidəndə çox sevindim. Hətta qələm dostlarıma təklif elədiyim əsərlər də olub. Dino Bussatinin “Tatar çölü” romanını çevirməyi arzulayırdım, vaxt darlığından qələm dostum, yazıçı Aslan Quliyevə məsləhət gördüm. Yuri Tınyanovun “Vəzir-muxtarın ölümü” romanının tərcüməsi planımdaydı, amma əsərdəki şeir parçalarının, poetik obrazların çoxluğuna görə, risq eləmədim, şair-tərcüməçi Mahir Qarayevə təklif elədim. Belə hallar çox olub. Başlıcası, müəyyən bir əsəri özümün çevirməyimdən çox, dilimizdə səslənməsilə bağlı duyğudu. O əsərləri başqasının tərcüməsində görəndə də daxilən rahatlanıram.

Bizim ədəbi təcrübədə mövcud olan bir məsələyə toxunmaq istəyirəm. Öz əsərinizi bildiyiniz dillərin birinə – gürcü, rus, ya türk dilinə çevirməyi düşünürsünüzmü?

– Sözün düzü, bu barədə heç düşünməmişəm, çünki o dilləri doğma dilim səviyyəsində bilmirəm. Tərcümənin ilkin şərtlərindən biri mətni çevirdiyin dili mükəmməl bilməkdi. Mətnin yazıldığı dillə bağlı çətinliklər ortaya çıxanda sözlüklər vasitəsilə vəziyyətdən çıxmaq olur. Bitirdiyim orta məktəbdə gürcü dili tədris edilib, amma bu dilin dərinliklərinə varmağa fürsətim olmayıb, üstəlik, az qala, 40 ildi gürcü diliylə davamlı ünsiyyət qura bilmədiyimə görə, çox sözləri yadırğamışam, sözlükdə axtarıb tapmalı oluram. Rus və türk dillərindən Azərbaycan türkcəsinə onlarla əsər çevirsəm də, xırda mətnlərdən başqa sanballı bir şey tərcümə eləməyə cəhd göstərməmişəm. Ona görə də hekayələrimi rus dilinə Nadir Ağasıyev, Püstə Axundova, Nicat Məmmədov, Qafqaz Ömərov, türk dilinə Fəthi Gədikli, Ayişə Haqqıxlı çevirib. Yəni mən o dillərdən Azərbaycan türkcəsinə çevirmədə özümü arxayın hiss eləyirəm. Əlbəttə, bu ürəyimdən keçib, hətta belə müəlliflərə yaxşı mənada həsəd aparmışam. Amma fikrimcə, hərənin öz missiyası var, mənim də missiyam da o dillərdə olan əsərləri öz dilimizdə “danışdırmaqdı”…

– Bir yazıçı kimi tarixi mövzulara müraciət etməyi sevirsiniz. Ümumiyyətlə, tarixi mövzuda yazmağınızın səbəbi nədir?

– Müasir mövzuda “Yalqız” və “Yolsuz” romanlarını, “Göy adamı” povestini, 20-yədək hekayə qələmə alsam da, artıq məni tarxi romanlar yazan qələmə adamlarına aid eləməyə başlayıblar. Əslində, məndən ötrü janr anlayışı o qədər də ciddi məsələ deyil. Başlıcası, ortada sanballı bədii mətnin olmasıdır, qalanı ikinci dərəcəli təyinlərdi. Bununla belə, tarix həmişə başlıca maraq dairələrimdən biri olub. Orta məktəbdə də, BDU-da oxuyanda da ən çox sevdiyim fənlər ədəbiyyat və tarix idi. Tarix həmişə məni hadisələrin bolluğu, miqyası, rəngarəngliyi cəhətdən cəlb eləyib. İlk cəhdim “Dönəlgə” povestində oldu, 1915-ci il Sarıqamış faciəsilə 1948-1952-ci il sürgünlərinin çulğaşdığı hadisələri qələmə aldım. Sonra Avropada Don Juan kimi tanınan, İspaniyaya göndərilən Səfəvi elçiliyinin birinci katibi Oruc bəy Bayatın başına gələnlər diqqətimi çəkdi. “Yolçu” romanında Səfəvi imperiyasının son dövrü və Əfşarlar imperiyasının yaranması, Nadir Şahın həyatı və faciəsi mövzuya çevrildi. Tarixi romanın məndən ötrü qarşısıalınmaz cazibəsi mənbələri oxumaq, dövrün ab-havasına girmək, saysız-hesabsız hadisələr arasından əsas xətti seçmək, obrazları “dirildib” ətə-qana gətirməkdi, tarixi öz duyduğun kimi əks etdirməkdir.

– “Qurban” əsəriniz də eynilə “Taclı” romanı kimi ciddi axtarışlar nəticəsində ortaya çıxıb. Ümumilikdə XIX əsrin ikinci, XX əsrin birinci yarısının mənzərəsini yaradan, baş vermiş və baş verəcək hadisələrin nəqlinə əsaslanan bu əsəri klassik roman anlayışına tənqidi münasibətiniz kimi qəbul edə bilərikmi?

– Düzü, bu barədə heç düşünməmişəm, konkret cavab verməyə də çətinlik çəkirəmm. Məndən ötrü başlıca meyar müraciət elədiyim dövrün, zamanın ruhunu, ab-havasını çatdırmaqdı. Forma, üslub, təhkiyə oxucunu yormamalı, zamanı da, hadisələri də dərk eləməkdə köməyinə çatmalıdı. Mən özüm oxucu kimi, standart forma və təfəkkürlə yazılmış romanları oxuyanda tez yoruluram. Amma müəllifin fərdi yanaşması, öz nəfəsi olan romanlar nə qədər ağır olsa da, estetik zövq alıram.  Orxan Pamukun “Mənim adım Qırmızı”, Yusif Səmədoğlunun “Qətl günü”, Kamal Abdullanın “Sehirbazlar dərəsi”, Afaq Məsudun “Azadlıq” romanlarında məhz həmin cazibə qüvvəsini hiss eləmişəm. Son vaxtlar müşahidə olunan “tarixi roman bumu” isə, əsasən, boz, havasız, tarixi salnamələrin “bədiiləşdirilməsi”ndən başqa bir şey olmayan əsərlər ortaya çıxardı. Çünki hər bir sənət əsəri kütləvi şüura hesablananda ortabab səviyyədən yuxarı qalxa bilmir…

– 80-cilər ədəbi nəslinin taleyi haqqında haray salan, az qala, bu nəslin könüllü sözçüsünə çevrilən Nəriman Əbdülrəhmanlı necə düşünür: bu nəsli “itkin nəsil” adlandırmaq onların potensialını və çap olunmuş əsərlərini görməzliyə vurmaq sayılmazmı? Fakt budur ki, bütün nəsilləri ədəbi nəsil adlandırmaq olmaz, bununla belə, Azərbaycan ədəbiyyatında 80-cilər nəsli mövcuddur…

– Məqbul dövrləşdirmə nəzəriyyəsinə görə, ədəbi nəsil təxminən 20-25 il ərzində yaranıb formalaşır. Bu baxımdan yanaşsaq, ədəbiyyatımızda 60-cı illər ədəbi nəslindən sonra 80-cilər və 2000-cilər nəsillərinin mövcudluğunu qəbul eləməliyik. Mənsub olduğum nəslin bir sıra nümayəndələri yaradıcılığa 70-ci illərdə başlasalar da, 80-ci illərdə formalaşıb, tanınıblar. 80-ci illər ədəbi nəsli 60-cıların təcrübəsini, üstəlik, dövrün avanqard ənənələrini mənimsəyib, daha çevik təfəkkürə malikdi. Bu nəsli “itkin nəsil” aqdlandırmaq, ən azı, bədxahlıq, yaxud ədəbi prosesi görməməkdi. Düzdü, 80-cilərin qaynar yaradıcılıq dövrü, təəssüf ki, içində yaşadıqları cəmiyyətin sarsıntılar keçirdiyi vaxta düşdü, zaman itkisinə məruz qaldılar, bəzi imzalar ədəbi aləmdən yox oldu, amma mühüm bir hissəsi öz yaradıcılıq potensialını, öz simasını qoruyub saxlaya bildi. Bunu əyani şəkildə sübuta yetirmək üçün ikicildlik “80-cilər” ədəbi antologiyası tərtib eləmişəm, təəssüf ki, maddi səbəblər üzündən hələ də arxivimdə yatıb qalır. Müstəqillik dövrü ədəbiyyatımızın ən yaxşı əsərləri arasında 80-cilərin imzası kifayət qədərdi. Ad çəkməyə ehtiyat eləyirəm, çünki təsadüfən unutduqlarımın xətrinə dəyə bilər, amma belə bir nəsil mövcuddu, həm də çağdaş ədəbi prosesin əsas aparıcı qüvvəsidi… 

– Müasir dövrün qlobal mənzərəsini, pandemiya fonunda ədəbiyyatın rolunu necə qiymətləndirirsiniz? Sizcə, ədəbiyyat dünyanı xilas etmək missiyasına sadiqdirmi?

– Sözün düzü, bu qlobal bəla dövründə cəmiyyətdə də, ədəbi aləmdə də çaşqınlıq sezdim. Sanki qəfildən hər şey – dünya da, həyatın mahiyyəti də, sənətin rolu da dəyişdi, başqalaşdı, gerçək rəngini-ruhunu itirdi. Bununla belə, ciddi adamların bu sarsıntıdan çıxmaq üçün sənət, o cümlədən, ədəbiyyata söykənmələri, mütaliəyə vaxt ayırmaları, əsər yazmaları məni bir qədər sevindirdi. Hətta beş-altı nəfər kitablarıma əlləri çatmadığından elektron variantını istədilər. Ədəbiyyatın dünyanı xilas eləmək missiyasını da elə bunda görürəm. Adamlar qlobal bəlanın təsirindən qurtulmaq üçün yazıb-oxuyurlarsa, sosial şəbəkələrdə öz təəssüratlarını bölüşürlərdə, deməli, ümidsizliyə qapılmağa dəyməz.

– Yəqin ki, üzərində işlədiyiniz, yaxud yazmağı planlaşdırdığınız mövzular var…

– Mövzu sarıdan heç vaxt kasadlıq hiss eləməmişəm. Amma o mövzunu istədiyim bədii səviyyəyə qaldıra bilməyəcəyimi duyanda fikrimdən daşınmışam, yaxud uzun müddətə təxirə salmışam. Bu mənada, son üç ildə, əsasən, yarımçıq tərcümələrimi, bir də kino araşdırmamı tamamlamışam. Axır vaxtlarsa bizim yörədə işlədilən bəzi sözlərin izahlı lüğəti olan “Anamın sözlüyü” kitabımı çapa hazırlayıram. O sözləri özümü tanıyandan, əlim qələm tutandan bir dəftərə yazmışdım, elə bil, ilahi təlqinlə nə vaxtsa kitaba çevriləcəyini duyurdum. Əvvəl kiçik kitabça kimi düşünmüşdüm, amma iş prosesində 500 səhifəyədək  böyüdü. Unudulmaqda olan yüzlərlə  sözü yaddaşlara qaytarmaq istəyim mənə səbir və güc verir. Bir də ki uzun illərdi hazırlaşdığım, mənbələri oxuduğum bir mövzu var, hələ yazıya almağa özümü hazır hesab eləmirəm. Yayda bədii yazı yaza bilmədiyimə görə, yəqin ki, bu niyyətim payızda baş tutacaq… Hələlik bu qədər…