Nərmin Dadaşova: “Bipolyardan xilas olmaq üçün toxuyuram” – SÖHBƏT

Epiloq.az Nərmin Dadaşova ilə müsahibəni təqdim edir.

  • Əvvəllər jurnalistika sahəsində idin. Birdən-birə muncuqla toxuma sənətinə necə maraq yarandı?

– Nə vaxtsa tikişlə məşğul olacağımı düşünməmişdim. Ancaq fərqli sahələrə marağım olub. Rəngləri və rəsm çəkməyi çox sevirdim. Dövlət işində çalışırdım. Eyni zamanda mətbuatda da yazılarım dərc olunurdu. Özümü dərk etmə prosesimdə məhz yazı yazmaq, kitab oxumaq köməyimə çatmışdı. Ona görə sözdən, cümlədən, yazıdan iki əlli yapışmışdım. Hələ gənc yaşlarımdan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü olmuşam. Sonra hər iki işimdən uzaqlaşdım. Durğun bir dönəm yaşayırdım. Ancaq bir müddət uzaqlaşandan sonra kənardan özümü müşahidə etməyə başladım. Fərqinə vardım ki, yox, mənim axtardığım bu deyil. Jurnalistika, kütlə içində çalışmaq məni çox yorurmuş. Ondakı halım eyniylə Edvard Munkun “Haray” rəsmində əlləriylə qulaqlarını tutan naməlum məxluq kimi idi.
Muncuq işinə başlayan kimi də yazmaqdan uzaqlaşdım. İndi fikirlərimi sözlərlə ifadə etməyə ehtiyac duymuram. Rənglər dadıma çatır. Düşünürəm ki, çalışdığım digər sahələri – ədəbiyyatı, rəssamlığı bir balaca parçanın üstündə bir araya gətirə bilirəm. Ədəbi sujetləri, rəssamların əl işlərini indi rəngli muncuqlarla tikərək eksperimentlər edirəm. Artıq əlləri ilə qulaqlarını tutan məxluq mən özüm deyiləm, mən indi o tablonu Edvard Munkun əsəri kimi təqdim edən “Oymaqsız”am.

Nəyə görə “Oymaqsız” adını seçdin?

– Yeni başlayanda əllərimi çox zədələyirdim. Çünki tikiş təcrübəm yox idi. Oymaqdan istifadə etməyi isə hələ də öyrənə bilmədim. Ona görə də düşündüm ki, əl işlərimi “Oymaqsız” adı ilə brendləşdirim.

Açıklama yok.

Bir yaxa sancağını neçə müddətə hazır edirsən?

– Bir yaxa sancağına dörd-beş saat vaxt sərf edirəm. Həmin müddət ərzində başqa işlə məşğul olmuram deyə düşünmək üçün bol zamanım olur. Tikə-tikə film izləyə bilirəm. Muncuqla işləməyin bir üstünlüyü var ki, bu işlə məşğul olarkən bütün maraqlarımı həyata keçirə bilirəm. Muncuqlarla işləmək mənim üçün tapıntıdır.

Bəs bu işin çətinlikləri nələrdir?

– Daha çox gecələr işləyirəm. Xırda muncuqlarla işləmək çox vaxt tələb edir və eyni zamanda gözlərimi ağrıdır. Sifarişçilərin zövqü ilə ayaqlaşmağa çalışıram. Çünki zövqlər müxtəlifdir. Həmçinin insanların enerjisi də işə yansıyır. Bəzən elə olur ki, sifarişi qəbul etmirəm. Bir dəfə sifarişi dəfələrlə söküb yenidən tikmişdim. Çünki enerji ala bilmirdim. Ona görə də tamamilə maddi qazanc əldə etmək üçün yanaşmıram bu sahəyə. Yazı sənətində olduğu kimi muncuq toxuyarkən də ovqat çox böyük rol oynayır.

Bipolyar pozuntudan əziyyət çəkirsən. Sənət adamlarının əksəriyyəti bu problemi yaşayıb. Məşhur psixoloqlar və araşdırmaçılar hələ də dəqiq təsbit edə bilməyiblər ki, bipolyar yaradıcılığı tətikləyir yoxsa yaradıcılıq bipolyarı. Səndə bu proses necə başladı?

– Mən uşaq vaxtından nələrsə düzəltməyə meyilli olmuşam. Kartondan qələm qabları düzəldirdim. Məxsusi şeyləri sevirdim. Toxumağı hələ uşaq olarkən öyrənmişdim. Bipolyarın kökünü uşaqlığıma dayanıb dayanmadığını dəqiq bilmirəm. Muncuqlarla işləməyə başladığım vaxt bipolyar pozuntu diaqnozumu öyrəndiyim dönəmlə üst-üstə düşdü. Böyük ehtimal var ki, məndə bipolyar yaradıcılığı tətikləyir. Bipolyardan əziyyət çəkən digər insanlarda əksinə də ola bilər. maniakal-depressiv vəziyyətlərdə xəstəliyin özəlliyi işimə də yansıyır. Özümü depressiv hiss edəndə əlimi heç nəyə vurmaq istəmirəm. Həmin vaxt toxuduğum zaman yaratdığım əsər də pessimist alınır. Van Qoqun “ulduzlu gecə” əsərini depressiv hiss etdiyim vaxtlarda toxumuşdum. Yaxud, kubizm janrına müraciət edəndə Pikassonun yarımçıq insan sürətlərini toxuduğum zaman da depressiv idim. Van Qoq da bipolyar pozuntudan əziyyət çəkib. Onun ölüm günü 30 mart “Dünya bipolyarlar günü”dür. Bipolyar pozuntudan əziyyət çəkən sənət adamlarını müşahidə edəndə görürsən ki, hamısının ana xətti eynidir. Ancaq maniakal vəziyyətlərdə özümü yaxşı hiss etdiyim üçün çox rənglərdən istifadə edirəm, pozitiv şeylər toxuyuram, sürətli işləyirəm. Sənətlə məşğul olmağı bipolyarla mübarizədə alternativ üsul kimi görürəm. Çünki sənətlə məşğul olduğun zaman içindəki enerjini çıxara bilirsən.

Açıklama yok.
Açıklama yok.

Müharibə dönəmində Qarabağın simvolu olan Xarıbülbülün yaxa sancağını hazırlamışdın.

– Müharibə ərəfəsində hər kəs kimi mən də gərgin idim və xəbərlərə köklənmişdim. Nələrsə toxuyacağımı düşünmürdüm. Üstəgəl pandemiya vaxtı idi. İnanmırdım ki, kiminsə  yadına sancaq düşər. O dövrdən bir xatirə qalsın deyə ay və ulduz toxudum. Daha sonra xarı bülbülü qələbənin simvolu kimi təqdim etdilər. Mən də Xarıbülbülün yaxa sancağını toxumağa başladım və hələ də toxuyuram. Çox maraq yarandı. İnsanlar üzərində bayraq, gerb, xəritə və xarı bülbül gəzdirmək istəyirdilər.

Açıklama yok.

“Oymaqsız”la bağlı gələcək planların nələrdir?

Bu işə başlayarkən maddi qazanc arzulamırdım. Kiçik vəsaitlə başlamışdım. Keyfiyyətsiz muncuqlar alaraq xobbi kimi yanaşmışdım. Sosial şəbəkələrdə paylaşdığım zaman diqqət çəkdi. Kimsə yazandakı “sifariş qəbul edirsiniz?” çaşıb qalırdım. Çünki mənə yad idi.
Çox böyük arzumdur ki, “Oymaqsız” brendə çevrilsin və komanda şəklində daha da böyüsün. Buna çox inanıram. Çünki bu işdə individuallıq çoxdur. Standart qəliblər təqdim etmirəm. Eyni zamanda sifarişçinin zövqünü də nəzərə alıram. Sancaqlardan əlavə çantalar da toxuyuram. Çantanın üzərində “əli belində” adlı qadın simvolunu toxumuşdum. Diqqət çəkmişdi. Düşünürəm ki, bir adamın min şaxəyə bölünməyi bir müddət sonra uğurlu olmayacaq. Ona görə də “Oymaqsız” brendləşsə bir neçə rəssam, hərə öz işini görsə daha uğurlu nəticələr əldə edə bilər. Mən düşünürəm ki, gələcəkdə fiziki məhdudiyyətli xanımlarla, bəylərlə birlikdə işləyim. Həm onlar üçün iş yeri də açılmış olar. Fiziki məhdudiyyətli ancaq çox yaradıcı əl qabiliyyəti olan tanıdığım izlədiyim insanlar var. Sadəcə onlar bir addım geridədirlər. İçlərindəki istedadı, potensialı ortaya çıxarmaq üçün şərait lazımdır.

Açıklama yok.
Açıklama yok.

Açıklama yok.

Söhbətləşdi: Dəniz Pənahova