Naməlum əsgər qəbirlərinin məlum həqiqəti – Qan Turalı yazır…

Epiloq.az Qan Turalının “Naməlum əsgər qəbirlərinin məlum həqiqəti” adlı yazısını təqdim edir.

Bir tayfa necə millətə çevrilir?
Necə imzası imzalar içində var olur?
Necə ucalır?
Necə bütövləşir?
Mədəniyyəti ilə?
Bu qoca dünya nə mədəniyyətlərə məzardır.
Ordusu?
Bu torpaqlar, dənizlər altında nə ordular uyuyur. Firon ordusu Qırmızı dənizdə uyuyan kimi…
Nefti, qazı, kömürü, qızılı, almazı?
İkicə yüz il qabaq neft ancaq çıraq yandırmağa yarayırdı. Yüz il sonra da belə olacaq.
İqtisadiyyatı?
Elə olsaydı qədim Romanın varisi olan İtaliya Avropa Birliyinə möhtac qalmazdı.
Dili?
Dillə millət olmaq mümkün olsaydı BMT-nin yuxarı başında latınlar oturardı.
Heç biri deyil…
Heç biri…
Heç…
Milləti tayfadan millətə çevirən naməlum əsgər qəbirləridir.
O naməlum qəhrəmanlara son mənzil olan o torpaqlar vətən torpağının ən müqəddəs yeridir.
Təkcə qəbir yeri deyil, həm də doğum yeridir.
Millətin ana bətnidir.
Millətlər buradan doğulur.
Buradan dünyaya addım atır.
Bayraq, himn, gerb, mədəniyyət, ordu, dil, iqtisadiyyat bundan sonra yaranır. Özü şəhid olsa belə naməlum əsgər millətin diriliyinin, varlığının və salamatlığının ən uca nişanəsidir.
O adsız məzarda uyuyan qəhrəman canını bu millətin əbədiliyi üçün vermişdir.
O, qadın, kişi, qoca, uşaq, varlı, kasıb deyə fərq qoymamışdır.
Bəlkə də ölümqabağı təşviş keçirmişdi, bəlkə də son gülləni özü öz gicgahına sıxmışdı.
Ancaq bütöv bir millət uğrunda ölərkən öldürdüyünün fərqinə çox gözəl varmışdı.
O, ölüm ayağındaykən bütöv bir ulusun sabahını düşünmüşdür.
Gözləri ilə səmaya baxarkən, son dəfə baxarkən bu millətin səadəti üçün lal duaları asimana göndərmişdir.
Son mənzili Vətən olmuşdu.
Əlbəttə ki, onun adı da vardı, soyadı da.
Ancaq tale onu mübhəm bir varlığa çevirmişdi.
Belə olsa belə, ad-sanı ilə xatırlanmasa belə o öz arzularına yetmişdi.
O, kiminsə oğlu, kiminsə qardaşı, kiminsə sevgilisi, kiminsə uzaq qohumu deyil.
O, naməlum əsgərdi.
O, millətin şəhididir.
Onun üzərində hər gün göz yaşı tökülürsə, onun qəbri millətin ən müqəddəs məbədi, ən ülvi və toxunulmaz məkanıdırsa, demək onun qəbri milyonlarla ürəklərdə qazılıb.
Qəbrinə aparan sellər milyonlarla gözdən axırsa, demək ki, şəhid öz vəzifəsini tamamlamışdır.
Öz şirin canını milyonlara bağışlayan şəhid ölümü ilə tayfanı millət etmişdir.
O, artıq millətin mənəviyyatının ən möhkəm sütunudur.
Məhz onun və onların sayəsində tayfa millət olmuşdur.
Sümükləri çürüsə belə tayfadan çevirdiyi, uca yaratdığı millət daim olacaqdır. Naməlum əsgər qəbirlərinin qulağımıza pıçıldadığı ən böyük sirr də budur.