Natəvan mənim bibimdir – Amil Amalın müsahibəsi

Epiloq.az Amil Amalla müsahibəni təqdim edir.

Uğurlarınızın, mükafatlarınızın çox olmasına baxmayaraq sizi o qədər də tanımırlar. Laçın şəhərində, müharibə dövründə doğulmusunuz.  Həmin dövrdə yaşınız az olub. Rejissor gözü ilə qaçqınlıq kino lenti kimi gözünüzün önündən necə keçir? Özünüzü müharibə uşağı kimi görürsünüzmü?
Özümü müharibə uşağı kimi görürəm. Üç yaşımda Laçını tərk etmişik. Sonra Ağcabədidə yaşamışam. Əvvəllər çadır şəhərciyində, hətta vaqonda da yaşamışıq. Sonradan üçüncü sinfə kimi UNİCEFT-in tikdiyi evlərdə yaşadıq. Top  səsləri hələ də qulağımdadı.
Laçında şəraitimiz çox yaxşı olub. Düzdü, birdən-birə gəlib elə mühitə düşdük ki, onu mən hiss etməmişəm, yaşa dolduqca anlayırsan ki, ailən bunu yaşayıb. Bütün bunlar uşaqlıq travması kimi yaddaşda qalır, yaradıcılığa da təsir edir. Həm şeirlərdə, həm kinoda öz təsirini göstərir. Çəkdiyim  “Qara bağ” filmindəki obrazlar  öz həyatımızdan götürdüyüm prototiplərdi. 


Gənclər məşhurlaşmaq, gündəmə gəlmək  üçün klassikləri və ya müasirləri tənqid edir. Siz tanınmaq üçün nə edirsiniz?

Ədəbiyyatla müqayisədə kino sahəsində belə məqamlar çoxdur. Həmişə tanınmış ssenaristlər və kinorejissorların içində olmuşam. Gündəmə gəlmək üçün belə nüanslar çox olub. Elə məqamlar olub ki, kiməsə cavab vermək istəmişəm, yaxud feysbukda dəfələrlə statusu yazıb sonra silmişəm. Amma heç vaxt yazmamışam. Bəlkə də, sənətə və yaşlılara olan hörmətimdən irəli gəlir. Belə məqamlar olanda çalışıram özüm həll edim.

Kinorejissorluq və ssenari sənətindən əlavə minimalist şeirlər də yazırsan. Minimalizm həyat tərzinizə və filmlərinizə də yansıyıbmı? Yoxsa hansısa şairdən oxuyub təsirlənərək bu janra müraciət etmisiniz?
Özümə bu sualı vermişdim və cavabını da tapmışdım ki, həyatıma minimalizm təsir edib. Məsələn, adi bir nüansı qeyd edim. Toqqa taxa bilmirəm. Zinət əşyalarını çox sevmirəm. Evdə üç saatım var, dostlar hədiyyə edib. Heç birini taxa bilmirəm. Həmçinin şeirlərimdə filmlərimdə bunu görmək olar. Açığı, mən əvvəllər yazdıqlarımın şeir olduğunu bilmirdim. Bir qeyd dəftərçəm vardı. Çox təəssüf ki, Moskvada itirdim. Sonra yazdıqlarımı araşdırdım. Diplom işi üçün hər hansı bir rejissorun filmoqrafiyasından resenziya yazmalı idim. İranlı rejissor Abbas Kiarostami (sevdiyim rejissorlardan biridi) onun haqqında araşdırma aparırdım. Araşdırma zamanı baxdım ki, Abbas Kiarostaminin minimalist şeirləri də var. O şeirləri görəndən sonra şoka düşmüşdüm, çünki mənim şeirlərimə bənzəyirdi. Ondan sonra bildim ki, minimalizm mənim istiqamətimdir. “Evə gələndə sevgi al” minimalist şeirlər kitabını çap edəndə   mənə həvəs verən Abbas Kiarostami olmuşdu. Sonra təbii ki, başqa minimalist şeirlər də oxuyub araşdırdım.

Minimalist şeirlər haykulara da bənzəyir. Fərqləri nədir?
Haykular bizim bayatılara oxşayır. Haykularda sərbəstlik yoxdu. Çox adama deyirəm ki, mənim şeirlərimi oxuyanda şeir kimi oxumayın. Toylarda deyilən tostlar kimi deyil, hekayə kimi oxumaq lazımdır. Elə minimalist şeirlərim var ki, kitabda nəşr etməmişəm. Çünki hansısa rejissor oxusa görər ki, hər hansı bir ssenarinin ideyasıdır. Fikrimdə həmin şeirləri ssenariləşdirmək var.

Şeir daha çox gənc yaşlarda yazılır, çox müəllif daha sonra nəsrə keçid alır. Sizin gələcəkdə hekayə, roman yazmaq kimi fikriniz varmı?
O tələbatı içimdə hiss edirəm. Ssenarilərim çoxdur. Öz filmlərimin ssenarisini də özüm yazıram. Hekayə yazmağa böyük həvəsim var. Həddən artıq çox  hekayə oxuyuram.

Yəqin, hekayələriniz də minimalist olar.
Uzunçuluğu çox xoşlamıram. Məsələn, “Dulusçu” adlı ssenarim  cəmi  dörd vərəqdir.  İki müsabiqədə birinci yerə çıxıb. Yəni, az materialla da ssenarini göstərmək olur. Çalışıram filmlərimdə dialoq az olsun. Son filmim  “Titrəmə” hal-hazırda montaj mərhələsindədir. Dialoqlara bir-iki cümlə əlavə etmişəm.

Klişe bir sualla davam edək. Özünüzü ən çox ədəbiyyatda, yoxsa kino sahəsində görürsünüz?
Açığı, ayırmaq istəmirəm, çünki ədəbiyyatla kino sıx əlaqəlidir. Əvvəl ideya, ssenari, sonra isə film olur. Bu proses üç mərhələdir, bunun əsas hissəsi ədəbiyyatla bağlıdır. Ayırmaq istəməzdim, amma daha çox kinoya iddialıyam. Ədəbiyyata, minimalist şeirlərə bir hobbi kimi yanaşmışam. Heç vaxt deməmişəm ki, şairəm.

Dünya kinosuna nəzər salsaq sənət filmlərinin çoxunda rejissor həm də filminin ssenarisini yazır. Sizin belə bir prinsipiniz varmı ki, həmişə özünüz yazıb özünüz çəkəcəksiniz? Çünki filmin montaj işlərini də özünüz hazırlayırsınız.
Prinsip olmasa da hiss edirəm ki, özüm mütləq iştirak etməliyəm. Son filmimdə üç ssenarist var, onlardan biri də dostum şair Aqşin Evrəndi. “Titrəmə” filminin ideyasını o vermişdi. Üzərindən üç gün keçdi və mən bütün strukturu, süjeti qurdum. Aqşini də bu işə yönəltdim, çünki hiss elədim ki, onda da ssenaristlik qabiliyyəti var. Məndə heç vaxt tamlıq olmur. Bəzən  olur ki, mən onu çəkiliş meydançasında tapıram. Konkretliyi sevmirəm. İstər-istəməz rejissor filmin müəllifidi. Onun prinsipləri filmdə görünməlidi.

Kinorejissorluq təhsilinizi öncə Bakıda, daha sonra Rusiyada almısınız. Hansı fərqləri gördünüz? Sizi qane etməyən nələrsə oldumu?
Bəzən xaricdə oxumağı çox şişirdirlər. Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin “VQİK” kinorejissorluq və kinodramaturgiya fakültəsi üzrə iki illik ali kursda  təhsil almışam. Ora dünyanın birinci kino məktəbidir. Mən ora getməmişdən öncə bəzi rejissorlar vardı ki, onların qapısına düşmək olmurdu. Özlərindən çox razı idilər. Həmişə onlar haqqında yazmaq istəmişəm, amma etməmişəm. Sonradan orada təhsil almaq qismət oldu. İndi həmin adamlarla münasibətim daha çoxdu. “VQİK” məktəbinə daxil olduqdan sonra onların mif dərəcəsində şişirtdiyi şeylər  mənə adi gəlirdi. Orada belə bir şey var ki, universitetə girmək asandı oxumaq və diplom almaq çox çətindi. Bizdə biraz tərsinəsidi.

Qabiliyyət imtahanında rüşvət problemi orada da var? Yəni istedadsız biri gəlib rejissorluq diplomu ala bilir?
Təbii ki, orada belə bir şey yoxdur. Bizdə isə daha çoxdur. Eşitdiyimə görə Fərəh xanım rüşvət məsələsini yığışdırıb. Bir iş ki, sənətlə bağlıdır, orada necə pul ola bilər?! Buradakı qrup yoldaşlarımın  yarısı meyxanaçıdır, bəzisi polis olub, bəzisi də aeroportda, gömrükdə işləyir. On altı tələbə idik, cəmi üç nəfər bu işin arxasınca getdi. Pul verməklə yanaşı bizdəki qabiliyyət imtahanının strukturu da çox səhv qurulub. Kinorejissorluqda, yaxud da teatr rejissorluğunda qabiliyyət imtahanı zamanı səndən şeir, təmsil soruşurlar. Aydın Dadaşov qabiliyyət imtahanında münsif olacaq  adam idi, amma qoymurdular. Mənim qabiliyyət imtahanımda Bəhram Osmanov iştirak etmişdi. İmtahan zamanı başa sala bilmədim ki, mən ssenarilər gətirmişəm, fotoqrafiya ilə məşğulam, fotolar gətirmişəm. O, məndən soruşur ki, təmsil deməlisən, etüd göstərməlisən. Etüd rejissorluqda vacibdir, amma rejissor etüd eləməsə də olar. Mən aktyorla işi öz rejissuramda şişirtməmişəm. Elə ola bilər ki, mən aktyorsuz film çəkə bilərəm. Belə bir şey mövcuddur, amma onlar bunu bilmirlər.

Dünya kinosunda aktyorsuz film olub?

Qısa film olub. Ayaqqabılardan çəkilən bir iran filmi var. Çox maraqlı və gözəl film idi. Sadəcə ayaqqabılar görsənir.

Alleqorik janrda çəkilib?

Demək olar, ancaq tam da yox. Aktyorlarsız film çoxdur.
Rusiyadakı təhsil prosesinə gəldikdə isə, açığı, şans məsələsidir. Mənim şansım gətirdi. 2011-2012-ci illərdə mən əsgərliyə getdim. Rüstəm İbrahimbəyovun kino məktəbi vardı, ora daxil olmaq istəyirdim. Həmin ərəfədə məktəb söküldü. Dağılan ərəfədə mən gedib-gəlirdim, sənədlərimi düzəltmək istəyirdim. O məktəb yenidən qurulub, amma baxıram ki, o dərəcədə yaxşı deyil.  Orada Cəmil bəylə tanış oldum. Bütün dünya klassikasını onun sayəsində tanımışam.  Universitet vaxtı öyrəndim ki, Rusiyada  “VQİK” məktəbi var və orada təhsil almaq üçün həvəsim artdı. İncəsənət Universitetini 2011-ci ildə bitirdim, 2012-ci ildə əsgərliyə getdim. 2013-cü ildən 2015-ci ilə qədər də Moskvada davam etdim. Məni kəşf edən Cəmil müəllim oldu. O dedi ki, bu sahə üzrə getməlisən, Moskvada da oxumalısan. Açığı, rus dilim də zəif idi. Üç ay rus dili kursuna getdim. Qəbul olacağıma inanmırdım. Mən əvvəllər daha milliyyətçi, vətənpərvər ruhda idim. Əsgərlikdən qayıdandan sonra da məqsədim kino sahəsini inkişaf etdirmək idi. Dövlət qulluğunda işləyirdim. Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında oxuya bilərdim, amma mən təhsilimi Moskvada davam etdirməyi seçdim.
Moskvaya getməmişdən öncə “Neft şəhərinin sakini” adlı filmimi festivala göndərmişdim. Bədii, sənədli, makumental janrının qarışığından çəkilmiş bir film idi. Moskvada “Art film festivalı”nda mükafat almışdı. Daha sonra imtahana gedəndə mənim masterim olacaq Vladimir Alekseyviç Fençenko, çox qoca, saçı-saqqalı uzun olan bir kişidir. Moskvada çox tanınır. Nikita Mixalkovun belə dərs alacağı bir adamdır. Böyük bir pedaqoqdur. Fençenko festivalda münsiflər heyətində idi. İmtahan zamanı məni tanıdı. Rus dilimin zəif olmasını bildi. Amma dedi ki, bu adamı qəbul etməliyik, şans verməliyik. Mənim iki masterim olub. Denis Rodimin kinorejissorluq fakultəsinə fakültəyə girməyimi istəmədi. Dedi ki, ssenari yazmaq sənə çətin olacaq. Fençenko isə təkid elədi ki, bu uşaq oxumalıdır. Həyatımın ən gözəl vaxtları Rusiya ilə bağlıdı. Kinonun tam sirlərini öyrəndim. Onları burada öyrənmək heç cür mümkün deyil.



Bizdə çatışmayan nələri sadalaya bilərsən?
Rejissurada adi “remeslo” qaydaları var ki, bunu hamı bilməlidir. Mən həm öz oxuduğum dövrü yadıma salıram, həm də indi rejissorların çoxu ilə dostam. Təhsil önəmlidir, amma istedad daha vacibdir. Orada iyirmiyə yaxın tələbə var idi ki,cəmi yeddisi diplom ala bildi. İndiyə kimi mübarizə aparırlar. Nədi-nədi, kanallarda işə düzələ bilsinlər.

“Qara bağ” filmini milliyyətçi ruhda olan dönəmlərdə çəkmisiniz?
Hardasa əvvəldən ideya var idi. Dövlət sifarişli və böyük budcəli film idi. Bu filmdən sonra altı dəqiqəlik “Son seçim” adlı film  çəkmişəm, o da festivallara qatılıb. Onu “Qara bağ” filmindən daha uğurlu hesab edirəm. Halbuki  üç-dörd nəfər çəkmişik. Büdcəsiz film idi. Həm də  burada daha bəşəri mövzu var. Qadın, kişi münasibətləri var. Amma “Qara bağ” filminin də uğurları çoxdur, mənə yaxşı mənada gəlir gətirib. Orada da mesajlar var. “Qara bağ” filmini çəkərkən seçim arasında qalmışdım. Kütlə üçünmü çəkim, yoxsa necə? Bu film Moskvada həm də diplom işim oldu. Ona görə də filmin verdiyi mesajları artırmaq, ermənilər heç də pis qələmə vermək olmazdı. “Titrəmə” filmi də Qarabağ hadisələrindən bəhs edir, amma demək olar, o konteksdən çıxmışam. Hələ bu film sual altındadır.

“Titrəmə” filmi də dövlət sifarişi ilə çəkilib?
Dövlət sifarişli filmdir, Mədəniyyət Nazirliyinindir.
Rejissor çərçivələrdən çıxan olmalıdır, məmurun diktəsi ilə oturub-durmamalıdır. Amma çalışmışam ki, sülh kontekstində olsun. Yaxın qohum-əqrəbanı itirirsən, heç kim qayıtmır və 30 il keçir. Məncə, böyük rəqəmdir. Bunun axırı olmalıdır. Necə ola bilər ki, qonşu ölkə olasan, amma düşmənə çevriləsən. Atam müharibə veteranıdır. Çox yaxın qohumlarımız şəhid olub.

Bu mövzuya bəşəri yanaşmanız ailənizdə necə qarşılanır?
Açığı bir az sənətdən uzaq adamlardır. Atam dövlət işində işləyib, amma heç vaxt bu sənətə yönəlməyimi  istəməyiblər. İqtisadiyyat yönümlü ixtisas seçməyimi istəyirdilər. Burada da bir şans məsələsi var. İqtisadiyyat fakülətsinə qəbul zamanı bir balla kəsildim. Məcburi köçkün kimi universitetə gedə bilərdim. Bir il də hazırlaşdım. Evdə dava-dalaş, qırğın idi. Son 3 ay qalmış sənədlərimi İncəsənət Universitetinə verdim. Artıq ailəm də qəbul etdi. Keçən il ixtisas kimi İqtisad Universitetinə qəbul oldum. Kino sahəsində təhsilimi davam etdirməyə ehtiyac duymuram. Burada da təhsilim Marketinq sahəsindədir. Marketinqin yaradıcı tərəfləri var. ANS kanalında “Sevgi naməsi”adlı serial çəkən ərəfələrdə də reklam işi ilə məşğul olurdum. ANS-də çox şanslarım vardı, hətta baş rejissorluq vəzifəsinə də çata bilərdim, amma istəmədim. Sonra kanal bağlandı.

Ailənizdən, qohumlarınızdan  genetik olaraq yaradıcılıq keçibmi?
Moldoviyada yaşayan qohumlarımız var, rəssamdırlar. Mən Məmibəyli nəslini araşdırırdım. “Oxu zalı”rubrikası  vardı, ilk dəfə orada, Məmibəyli soyadı ilə çap olunmuşdum. Məmibəy Babamın babasının atası olub. Onun nəslini araşdırıram. Qarabağ xanı Pənahəli xana, bir qolu isə qolu Xurşidbanu Natavana dayanır. Həmişə Natavanın heykəlinin qarşısından keçəndə deyirəm ki, Natavan mənim bibimdir. Məmibəyin də dördbəndlik şeiri olub. Bayatıya yaxındı. Ortaya çıxarmalı şeir deyil. Köç vaxtı bütün külliyyatı it-bat olub.

Sevdiyiniz və təsirləndiyiniz rejissorlar kimlərdi?
Abbas Kiarostaminin bütün filmlərini sevirəm. Tarkovskidən təsirlənmələr olub. “Titrəmə” filmində titrlarda istəyirdim ki, “Tarkovskiyə istinad edərək” cümləsini qeyd edim. Baxanlar biləcək ki, Tarkovskinin bütün filmlərinə göndərmələr var. Berqman, Fellini, Vim Venders, Desika da sevdiyim rejissorlardandı. Teodoros Angelopulosun “Dumanda mənzərələr” filmi var, baxıb ağlamamaq qeyri -mümkündür. Son vaxtlar türk filmlərinə də baxıram. Nuri Bilge Ceylanın filmlərini bəyənirəm. Filmləri roman təəssüratı bağışlasa da yenə böyük bir maraqla izləyirsən. İtaliya neo-realizmindən çox rejissor demək olar.

Ekranizasiyaya münasibətiniz necədir?
Elə roman olur ki, oxuyuram, onu çəkmək istəyirəm, amma bilirəm ki, öz əlavəm da olacaq. Herman Hessenin “Yalquzaq” əsərindən təsirləndiyim çox nüanslar var. Bilirəm ki, mən onu nə vaxtsa kinoya gətirəcəm. Tam metrajlı film olacaq. Bakıdakı bir yalquzağın təkliyindən bəhs edəcək. Əsərdə minimalizm var. Az büdcəylə çəkmək olar. Kütləvi səhnələr azdı. Teatrla bağlı bir səhnə vardı əsərdə, fikirləşirdim “Ado” teatrında çəkim. Sadəcə istədiyim səviyyədə olmayacaq.

Sıxıntıları nəzərə alıb Rusiyada niyə davam etdirmədiniz bəs?
Onlarda bir az şovinistlik var. Ermənilər orada daha çoxdur, hərçənd ki, mən bəşəri düşünürəm. Getmək istəyərəm, amma Avropaya. Orada maliyyə almaq da asandır. Sənət filmlərini maliyyələşdirən qurumlar var.


Dəniz Pənahova