Neyləsən də payız gəlir hər dəfə, neyləsən də qüssəlidi yağışlar… – Səhər Əhmədin şeiri

Neyləsən də payız gəlir hər dəfə,

Neyləsən də qüssəlidi yağışlar.

Kim keçmişdi bizə həyat dərsini,

Barı gəlib desin: “məni bağışla”.

Qüssəlidi bu arzular, ümidlər,

Bu yaşamaq uğrundakı vuruşlar.

Bir uşağın üzündəki təbəssüm,

Bir qocanın alnındakı qırışlar.

Kədərlidi qol götürüb oynamaq,

Gülüşlərin ən dibində dərd gülür.

Qüssəlidi bu həyatdan doymamaq,

Ölüm gəlib bu qüssəni öldürür.

Və deməli, gerçək qalib ölümdü,

Oyunun ən sonundakı qoldu o.

Uşaq vaxtı anamızdan küsəndə,

Evdən çıxıb qaçdığımız yoldu o.