Niyə? – Səhər Əhməd yazır…

Epiloq.az Səhər Əhmədin “Niyə?” adlı yazısını təqdim edir.

Tağı Şahbazi Simurğun “Qayçı” hekayəsini oxuyanda uşaq idim və mənim məsum ruhuma hekayənin son cümləsi güllə kimi dəymişdi : “Məni niyə təndirə atdın?”

Bəlkə elə ona görə bu sual  yaddaşımda qəlpə kimi hələ də yaşayır. Və yenə elə ona görə hansısa haqsızlığa tuş gələn kimi Tağı Şahbazi Simurğun o balaca qəhrəmanı  mənim səsimlə kövrələ-kövrələ deyir: “Məni niyə təndirə atdın?”

Bir dəfə yazmışam da bu haqda : Biri olmalı, arxadaş, sənin bütün “niyə”lərinə ən azından günahkarcasına susacaq biri mütləq olmalı.

Sonra isə oxudum ki, psixoloqlar “niyə” sualını qadağan edirlər. Ən adi məsələdə belə bu sualı vermək beynin gərginliyini artırır,  insanı mənfi enerji ilə yükləyirmiş.

Bəs görəsən, kim haqlıdı?! Niyə sualını oxucuların ruhundan güllə kimi keçirən  mazoxist və qəddar yazıçılarmı, yoxsa o sualı dilə gətirməyə qadağa qoyan  humanist psixoloqlarmı?!

Psixoloqun predmeti insan psixikasıdı, onu qorumaq üçün həyatı yola verməyi məsləhət görür və daha çox yaranın qaysaq bağlamasında maraqlıdı.

Yazıçının isə predmeti həqiqətdi, ona görə yaranı qanatmaqla məşğuldu, istəyir ki, qanaxmanın əsl səbəbini tapsın.

Məhz bu üzdən hər hansı bir haqsızlıqla rastlaşan kimi “Qayçı” hekayəsinin o balaca qəhrəmanı gəlib oturur beynimin düz ortasında və boynunu büküb yazıq-yazıq deyir:

–Məni niyə təndirə atdın?

Mən də psixoloqların bütün məsləhətlərini unudub bu uşağa qahmar çıxıram:

–Niyə də, niyə?!