“Nizami” baleti səhnəyə qoyulacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Nizami ili” çərçivəsində Fikrət Əmirovun “Nizami” baletini səhnəyə qoyacaq.

Teatrdan Karvannews-a verilən məlumata görə, layihənin rəhbəri Əməkdar incəsənət xadimi Akif Məlikov, musiqi rəhbəri və dirijoru Əməkdar artisti Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı isə Əməkdar Mədəniyyət işçisi Tehran Babayevdir.

Balet Azərbaycan və dünya poeziyasına dəyərli incilər bəxş etmiş şair və mütəfəkkirin həyat və yaradıcılığına həsr edilmişdir.

Hazırda səhnə əsərinin dramaturji və musiqi materialı üzərində son redaktə işləri həyata keçirilir, tamaşanın dekorasiya və kostyum eskizləri hazırlanır, sxematik xoreoqrafik kompozisiyası müəyyən olunur, rol bölgüsü aparılır. Teatr yeni quruluşunu bu ilin yazında tamaşaçılarına təqdim etməyi nəzərdə tutub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə “Nizami Gəncəvi ili” elan edilib.