OTAĞIN SƏSSİZLİYİNƏ MƏHKUM OLAN QADIN

Dünya ədəbiyyatına adını böyük hərflərlə yazdıran, feminist yazar deyərkən ağla gələn ilk insanlardan biridir Virciniya Vulf… Həyat kitabının səhifələri qorxu və sarsıntı izlərini bir ömür yanında daşımışdı. Yaşadığı acıların bir səbəbi var idi: dünyaya qadın olaraq gəlmişdi. Zəngin ailədə, valideynlərinin ikinci evliliyindən doğulan yazıçı insanların dua kimi dillərində əzbər etdiyi “qadın xoşbəxtliyi”ndən nəsibini almamışdı. Hələ yaşının ən məsum çağında istəmədiyi münasibətlərə sürüklənmiş, təsadüf nəticəsində həyatına bir damğa kimi vurulan yazıdan qurtulmuşdu. Amma o yazılar ağlının bir küncündə paslı dəmir parçasına dönmüş, həyatının hər bir anında onu qarabaqara izləmiş, bir ömür kişilərə qarşı ikrah hissinin yaranmasına səbəb olmuşdur. Həyat ona xoşbəxt olmağı deyil, güclü olmağı öyrətmişdi. Amma sevdiklərini bir-birinin ardınca itirən gənc qadın hər itkidə güclü olmaqdan da bir az yetim qalmışdı. Həmin dövrlərdə qeybdən eşidilən səslər ona “yol yoldaşlığı” etmiş, tək buraxmamışdı. Kədər və nifrətlə yoğrulan duyğuları təsəllini kimsəsiz otaqda, can yoldaşına çevrilən dəftərdə tapmışdı. Atasının kitabxanası sevgisiz qalmış ruhunun qidasına çevrilmiş, arzuladığı rahatlığa qovuşdurmuşdu. “Qadın oxumaz, qadın yazmaz, qadın şəkil çəkə, musiqi bəstələyə bilməz. Axı kimdir bu qadın? Nə haqla özünü üstün görməyə çalışır” kimi ehkamların hökm sürdüyü vaxtlarda Virciniya yazmağa və yaratmağa çalışmışdı.

    Bəli, o, elə bir çağ idi ki, qadın və kişi arasına sərhəd çəkilmişdi.  Həmin illərdə qadınlar təhsil ala bilməzdi. Kitabxanaya getmək üçün icazə kağızı lazım idi. Bütün bunlar V.Vulfun daxili aləmində sarsıntılar yaranmasına səbəb olmuş, çarəni qələm və dəftərdə görmüş, bütün qadınları  “özünüzə aid bir otağınız və boş zamanınız olsun. Yazın, kişilərin nə deyəcəyini düşünmədən yazın” şüarı ilə yatdıqları yuxudan oyanmağa səsləmişdi.  

  Gənc yazar hər bir əsərində daxili aləminin sirli dünyasını yaratdığı obrazların rəngarəng təsviri ilə oxucularına çatdırmışdı. “Özünə aid bir otaq” əsərində qadınlar aləminə səyahət etmiş, düşüncə və arzuları ilə diqqəti özünə cəmləmişdi. Təsvir etdiyi hadisələr, acı təəssüf hissi ilə yazdığı sətirlər XIX əsrdən XXI əsrə körpü salmışdı. Əslində bu “körpü”nün tikintisi əsrlər öncə başlamış, lakin inşası hələ də  tamamlanmamışdı.

    Yazıçı olmaq istəyən qadını feminist olmağa gətirib çıxaran isə bir sual olmuşdu. “Bizim qədər istedadlı olduğunuzu irəli sürürsüz. Əgər elədisə, niyə bu günə kimi Şekspir kimi dahi aranızdan çıxmadı?” kəlmələri V.Vulfu dərindən yaralamışdı. Günlərlə kitabxanasından çıxmayan yazıçı qadınların güclərinin kəşfi üçün əlindən gələni etmişdi. Gənc yaşlarında Şekspirin itirdiyi bacısını kitabda yenidən canlandıraraq, yuxarıda verilən suala onun xəyali həyat hekayəsi ilə cavab vermişdi. Evlənərkən fikirləri belə soruşulmayan bu varlıqların istedadlarını üzə çıxardıqları zaman nələr olacağını sözlə təsvir etmişdi. V.Vulf oxuduğu kitablarda onu dəhşətə gətirən hadisələrlə rastlaşmışdı. Əgər qadın ana və ata tərəfindən seçilən oğlanla evlənmək istəmirsə, valideynlər onu döyə, hətta günlərlə bir otaqda saxlaya bilərdilər. Buna heç kəs qəribə hadisə kimi yanaşmazdı.  Hətta dünya belə qadınların tərəfində deyildi. Ona kinayə ilə gülərək “Yazmaqmı?” deyirdi. “Yazmaq sənin hansı işinə yarayacaq?” kimi suallar verməklə qadın istedadı bir daha gözardı edilirdi. Yazıçı göstərir ki, kişilərlə eyni hüquqa malik olmayan qadın təbii ki, Şekspir ola bilməz. Olsa belə kimsə onu ciddiyə almazdı. Bəli, bu səbəbə görə həmin dönəmlərdə yazan bir çox qadınlar yazılarını kişi adı ilə çap etdirməyə çalışmışdılar.

       V.Vulf müxtəlif dövrlərin qadın yazarlarını, onların üzləşdiyi çətinlikləri işıqlandırmışdı. Həssas təbiətə malik olan bu yazarların özlərinə aid otağının olmamasından gileylənmiş, yazılarını hər kəsin oturduğu otaqda yazmağa məcbur olduqlarını söyləmişdi.

  “Kişilər qadınların onlara rəqib olduqlarını bilirlər və buna görə ya ən zəifini, ya da ən cahil olanını seçirlər. Əgər elə düşünməsəydilər, qadınların onlar kimi bilikli olmasından heç vaxt qorxmazdılar” fikirləri boşuna söylənməmişdi. Qəribədir, anadan dünyaya gələn bir toplum, qadını önəmli varlıq hesab etmir. Ona şiddət göstərilməsini adi hal hesab edirdi.

     V.Vulf qadınları hər mövzuda kitab yazmağa və pul qazanmağa çağırmışdı. Pul vasitəsilə qadınlar rahat səyahət edə, istər gələcək, istərsə keçmiş haqqında düşünə, xəyalları suların dərinliyinə qədər enə biləcəkdi.

   Əsərdə V.Vulfun xəyali obrazına çevrilən qadın, yəni Şekspirin bacısı əslində dünyada mövcud olan bütün kişilərə qarşı qoyulmuş, müqəddəs varlıq kimi əbədiləşmişdir.Həmin qadının həm sizlərin, həm də bizlərin içində yaşadığını söyləyən yazar “qab yuyan, uşaqlarını yatızdıran bütün qadınlarda ondan bir parça var” qənaətinə gəlir. Sonda müəllif qeyd edir ki, ancaq insanları deyil, onların duyğularını,  səmanın əsrarəngizliyini, təbiətin al-əlvanlığını görsək, həqiqətlərlə üzləşəsək,  münasibətlərimizi ancaq qadın və kişi dünyası ilə deyil, reallıqla əlaqələndirsək həmin xəyali qadın yenidən ətə və sümüyə bürünəcək, yazacaq və yaşadacaqdır…

     Əsərləri ilə uğur qazanan yazar həm ailədaxili sarsıntıları, həm də cəmiyyətin qadına olan münasibətini bir yük kimi çiynində daşımışdı. Yüklərin ağırlığı yolun yarısında ona güc gəlmiş və dəfələrlə intihara cəhd etməsinə səbəb olmuşdu. Bir çoxu uğursuzluqla nəticələnsə də ömür yoluna məhz intiharla nöqtə qoymuşdu.Cibinə yığdığı daşlar belinə yüklənən acıların, ağuşuna atıldığı sular isə məsumluğun  simvolu çevrilmişdi. Ondan geriyə nakam ömür və insanlığa bəxş etdiyi əsərlər qalmışdı.

Zülfiyyə Mirzəzadə