“Ovanes kirvə” – İlqar Rəsulun hekayəsi

Çiskinli noyabr günü idi. Qoca Ovanes Şuşada, Yuxarı Gövhər ağa məscidinə yaxın bəy evinin eyvanında adyala bürünüb oturmuşdu. Bronxları xəstə idi deyə nəvəsi Siranuş gündə bir neçə dəfə onu əlil arabasında eyvana çıxardır, adyalı çiyinlərindən boyun – boğazına çəkir, on-on beş dəqiqə təmiz hava alıb rahatlanmasını gözləyir, otağına qaytarır, divanda, üzü səhərdən axşamacan “böyük Ermənistan”dan, “Arsax”dan, qədim erməni məskənlərindən danışan, arada erməni dilində Azərbaycan mahnıları səsləndirən televizora sarı oturdurdu…

Ovanes Böyük Vətən müharibəsinin ilk aylarında Şuşada, dülgər Bağdasarın ailəsində doğulmuşdu. Atası Bağdasar müharibənin ikinci ili itkin düşmüşdü. Davadan sonrakı aclıq illərində keçmişdi uşaqlığı Ovanesin. Çətinliklə – bir qarnı ac, bir qarnı tox böyütmüşdü anası Hayane onu. Həddi–büluğa çatanda atasının sənətini öyrənib şəhərdə yaxşı dülgər kimi tanınmışdı. Şuşadakı məşhur aynabəndlərin bir çoxu onun əl işi idi.

Təkcə dülgərliklə dolanmamışdı Ovanes. Cavanlığından həm də yaxşı dəllək kimi tanınmışdı. Şuşada çoxlarının kirvəsi olmuşdu. Kim uşağını sünnət elətdirmək istəsə, Ovanesin qapısına gedərdi. Bazarın arxasında oyma naxışlarla bəzədilmiş iri taxta darvazalı kiçik həyəti, yerdən dörd-beş pilləkən hündürlükdə üçotaqlı, aynabəndli evi vardı Ovanesin.  

Şəhərdə, ətraf kəndlərdə çox adam onu “Ovanes kirvə” çağırardı. Müsəlman bayramlarında, Novruzda evinə məhəllənin hər yerindən sovqat gələrdi. Dolanışığı yaxşı idi. Kasıb ermənilərə də arada əl tutardı türklərdən gələn pay-püşündən. Qarabağ müharibəsinədək belə də davam etmişdi həyatı. Müharibə başlayanda ailəsini də götürüb Şuşadan Xankəndinə köçdü. Oradan qovulmuş türklərin evində yaşadı bir müddət. Şuşa ermənilərin əlinə keçəndən altı ay sonra ailəsi ilə birgə geriyə – evinə qayıtdı… 

Oğlu Qurgen Qarabağ müharibəsində həlak oldu Ovanesin. Dağların qarında-şaxtasında oğlunun meyitini axtarmaqdan xəstəlik tapdı, ayaqları tutuldu. Qurgenin meyiti yazda, dağlarda qar əriyəndə tapıldı. Bilməyib azərbaycanlılarla birgə basdırırdılar onu. Ermənilərin xəndək qazdırdığı əsirlərdən biri, şuşalı Kamil tanıdı Qurgeni. Soydaşlarının xəndəyə atılmış meyitlərinin üstünü torpaqlamazdan əvvəl hamısının üzünü bir-bir gödəkcələrinin, köynəklərinin yaxalığı ilə tələm-tələsik örtərkən bir sifət Kamilə çox tanış gəldi. Aşağı əyilib lap yaxından baxanda – “bu ki Ovanes kirvənin oğlu Qurgendi” – deyib xəndəkdən çıxdı, erməni komandirə yaxınlaşıb meyitlərdən birinin hay olduğunu xəbər verdi…

Qurgenin cənazəsi evə gətiriləndə arvadı Susanna Fransa ermənilərinə qarğış yağdıra-yağdıra başını divara çırpıb özünü öldürdü. Qızı Siranuş anadan da yetim qaldı. O vaxt Siranuş uşaq idi. Ətrafda nələr baş verdiyini anlaya bilmirdi. Nənəsi Anahitdən eşitmişdi ki, türklər ermənilərin torpaqlarını əllərindən almaq, evlərini yandırmaq, özlərini də ocaqda bişirib yemək istəyirlər. Ona görə də indi hər yanda müharibə gedir, Fransadan, Yerevandan gələn ermənilər Qurgeni də döyüşə aparıblar ki, qızı Siranuşu qorusun…

Siranuşun artıq iyirmi doqquz yaşı var idi. Dörd il əvvəl – nənəsi Anahit öləndə əhd eləmişdi ki, ərə getməyib babasına baxacaq. Babası öləndən sonra bu yerlərdən birdəfəlik getməyi, imkan olsa, Avropada, ya da bəxti gətirsə, Amerikada özünə güzəran qurmağı düşünürdü. Qarabağda müharibə dayananı iyirmi beş il olsa da, Ovanesin dolanışığı qaydasına düşməmişdi. O da başqa qarabağlılar kimi kasıb yaşayırdı. Şuşaya geri qayıdandan il yarım sonra Qurgenin dostları Ovanesgili qonşu evə – Qafarbəylilərin boş qalmış mülkünə köçürtmüşdü. Qırx il əvvəl Qafarbəylilərin həyətində dəzgah qurub eyvanların, pilləkənin məhəccərini dəyişəndə, aynabəndləri təzələyəndə Ovanesin ağlına da gəlməzdi ki, nə vaxtsa bu evdə özü yaşayacaq. Hər dəfə daş pilləkənin başında məhəccərə söykənib qəlyan çəkəndə bu günləri xatırlayacaq. Uşaqların həyətdə qaçdı-tutdu oynamağı, bağban Firudinin ağaclardan çarhovuza tökülmüş, suyun üzündə qalıb sərinləmiş meyvələrdən xəlbirə yığıb dəzgahdan bir az aralıdakı masanın üzərinə qoyaraq – “arada almadan, armuddan ye, canın şirələnsin, a kirvə” – deyib qımışmağı kino lenti kimi gəzlərinin önündən keçəcək…

İşi tamam bitirib haqqını alarkən zarafatla evin sahibi, Qafar bəyin sonuncu nəvəsi Əmirxana – “ay qonşu, yaxşı mülk idi, amma indi lap yaxşı oldu, sağlığınıza qismət, içində həmişə toy-düyun olsun, təzə nəvələr doğulsun, onların də kirvəsi olum” – deməyi və Əmirxanın ona təzə kürk bağışlaması heç vaxt yadından çıxmayacaq…  

   İki başı da iri eyvanlı – artırmalı hündür mülk idi Qafarbəylilərin evi. İkinci mərtəbənin bir başından ucsuz-bucaqsız meşələr, qarlı dağlar, o biri başından Şuşanın mərkəzi – Yuxarı Gövhər ağa məscidi, Meydan, bazarın qabağı ovuc içi kimi aydın görünürdü. Ovanes hərdən eyvanda oturub Meydan bulağına sarı baxanda keçmiş günləri xatırlayırdı. Türklərlə necə bayramlaşdıqları, oğlu Qurgeni yanına alıb bazarın qabağında qalanmış Novruz tonqalına tamaşa etdiyi, Qurgenin də türklərə qoşulub “ağırlığım, uğurluğum odlara, tonqaldan atlanmayan yadlara” çığıraraq alov dilləri adam boyundan hündür olan tonqalın üstündən tullanması yadına düşür, köks ötürürdü. Hər dəfə də belə dərindən nəfəs alan kimi eyvanın qapısına söykənib babasını gözdən qoymayan Siranuş arabanın tutacaqlarından yapışır, çevirib evə sürürdü…

Ovanes yenə köks ötürdü. Siranuş arabanı çevirəndə qoca – “dayan” – dedi, eyvandan küçəyə işarə edib: “Görəsən, bunlar kimdir belə, gəlmədilər, amma turistə də oxşamırlar”, – öz-özünə mızıldandı. 

Siranuş küçəyə boylandı. İranın bu yaxınlarda təmir etdirdiyi Yuxarı Gövhər ağa məscidinin qarşısında mikroavtobus dayanmışdı. Beş-on nəfər cavan oğlan maşının yanında dayanıb söhbətləşir, onlardan üçü ətrafı seyr edir, tez-tez fotokameralarını işə salıb şəkil çəkirdi. Siranuş eyvandan küçəyə – üzü məscidə sarı dayanıb söhbət edən  qonşu arvadlara səsləndi:

– Manya xala, bilmirsiniz kimdir bu adamlar?

Arvadlardan biri aşağıdan yuxarı qışqıraraq: “Sirancan, jurnalistlərdi, Bakıdan gəliblər”, – dedi, yenə çevrilib yanındakıların söhbətinə qoşuldu.

Siranuş nə türklərin Şuşada yaşadığı zamanları yetərincə görmüşdü, nə də ağlı kəsəndən onlarla üz-üzə gəldiyi olmuşdu. Babası Ovanes heç xoşlamırdı türklərdən danışmağı. Qarabağdan da heç vaxt kənara çıxmadığı üçün qız azərbaycanlılar barədə nə bilirdisə, hamısını radiodan, televizordan, internetdən, qonum – qonşudan eşitmişdi. Məscidin qarşısındakıların Bakıdan gəldiyini eşidəndə bir anlıq duruxdu. Diqqətlə gəlmələrə baxdı, qəfil öz-özünə dilləndi:

 – Bunlar necə millətdirlər, həm televizorda deyirlər: “Şuşa bizim şəhərdir, ermənilər onu işğal ediblər”, həm də ermənilərə qoşulub Şuşanı gəzməyə gəlirlər.

Başını bulayıb arabanı çevirdi, içəri sürdü, babasını düşürdüb divanda oturtdu, televizoru yandırıb pultu yanına qoydu. Çay gətirmək üçün mətbəxə keçəndə Ovanes arxadan onu səslədi:

– Sirancan!

Siranuş ayaq saxlayıb babasına sarı çevrildi. Qoca nəvəsinin gözlərinin içinə baxaraq kinayəli təbəssümlə:

– Bunlar millət deyillər, Sirancan, – dedi, – bunlar jurnalistlərdi: gələrlər də, gedərlər də. Millət gələndə başqa cür gələcək…                   

25.11.2019