Oxumaq özünü kəşf etməkdir – Ayfər Tunçun müsahibəsi

AYFER TUNC

Epiloq.az türk yazıçısı Ayfər Tunçun müsahibəsini təqdim edir.

Ayfer Tunç 1964-cü ildə Adapazarında anadan olub. İstanbul Universitetinin Siyasi Elmlər fakültəsini bitirib.  Universitet illərində müxtəlif ədəbi jurnallarla əməkdaşlığa başlayan Ayfər uzun illər jurnalist kimi fəaliyyət göstərib.  İlk dəfə 1989-cu ildə yazdığı “Gizli” hekayəsi ilə “Cümhuriyyət” qəzetinin təsis etdiyi “Yunus Nadi mükafatı”nı alıb.  Yazıçının “Mağara dostları”, “Əziz bəy hadisəsi”, “Yaşıl pəri gecəsi” və s. kimi əsərləri var. Ayfər Tunç həm də məşhur “72-ci palata” (“72.Koğuş”)  filminin ssenari müəllifidir.

 – Türk ədəbiyyatında gənc yazarlardan kimləri izləyirsiniz?

 – Açığı, 3-4 il əvvəl izləməkdə çətinlik çəkirdim, çünki çox imza yox idi. Amma bu gün, doğrudan da, istedadlı gənc yazarlar var. Sanki illər sonra onlar yavaş-yavaş ortalığa çıxmağa başlayıblar. Bəzilərinin adlarını unutmuşam, çünki sayları kifayət qədər çoxdur. Amma bir neçə nəfərin adını çəkə bilərəm. Məsələn, Neslihan Öndəroğlu, Sine Ərgun, Pelin Buzluk, Yalçın Tosun. Onlar qədər gənc olmasa da şiddətlə tövsiyə edə biləcəyim Ayşegül Çelik də var. Hazırda ağlıma gələnlər bunlardır, bir qismini də oxumamışam. Lakin onların da çox yaxşı olduğunu bilirəm. Maraqlısı odur ki, bu yazarların çoxu hekayə yazanlardır.  Əslində yaxşı hekayə yazarı sığortalanmış sayılır, çünki ondan yaxşı ədəbiyyatçı çıxma ehtimalı var. Roman isə bəzən təsadüf ola bilər. Bir romanda yazarın bütün xüsusiyyətlərini anlamaq, ya da onun dünyasını qavramaq çətindir, amma yaxşı hekayə məhək daşıdır, həmçinin yazıçının istedadını nümayiş etdirən kiçik nümunə kimidir. Dolayısıyla adlarını sadaladığım yazarların hekayə yazmaları onların nə qədər sağlam təməlləri  olmasını göstərir.

 – Yazıçı kimi özünüzlə ən çox nə zaman mübarizə aparmaq məcburiyyətində qalmısız?

– İnsan özüylə hər zaman mübarizə aparır. Yaradıcı insan davamlı olaraq özüylə mübarizə aparmırsa, orada mütləq  bir səmərəsizlik nəzərə çarpacaq, çünki mübarizə eyni zamanda qarşıdurmadır və ondan enerji doğulur. Yazı da bu enerjidən istifadə etmə prosesidir: Doğru, yanlış, nə şəkildə olursa olsun, bu enerjini istifadə etmək lazımdır. Mən öz-özümlə daha çox yazılarımdakı məsələlərlə mübarizə aparmaq, ya da onları çarpışdırıb bir enerji yaratmaq işində problemlərlə qarşılaşıram. Amma bu, adətən, yazı prosesinin  əvvəlində olan müddətdir. Ümumilikdə götürdükdə yazıçı kimi özümlə mübarizə apardığım olur, yəni  zaman-zaman, əgər içimdə bir Avtosenzura (Avtosenzura-açıq təzyiq olmadan, başqalarının həssalıqlarına hörmət göstərərək, hər hansı bir qurumun qadağası olmadığı halda, şəxsin öz yaradıcılıq nümunələrini senzurlamasıdır) varsa onunla mübarizə apardığım doğrudur. Bunu hər yazarın da etdiyini düşünürəm, çünki yaşadığımız dövr bizi senzuraya məcbur edir. Təkcə dövr yox, eyni zamanda ölkə. Əlbəttə, mən siyasi senzuradan danışmıram, kütləvi yaddaşımızdakı günahlarla qarşılaşmanın yaratdığı ağır ruhi vəziyyətlə əlaqəli senzuranı nəzərdə tuturam. Bununla qarşılaşmaq, mübarizə aparmaq önəmlidir. Məncə, bu hər yaradıcı insanın tez-tez qarşılaşdığı bir haldır, amma onların bir qismi bu problemlərin ağırlığı altında əzilir, yəni öz senzurasına boyun əyir, bir qismi isə həmin problemləri aşkara çıxarır.

– Hekayə, yoxsa roman?

– Mətn. Əsas olan mətndir. Hekayə,  roman, şeir, esse –  janrın heç bir önəmi yoxdur. Mən onsuz da mətnləri janrlara ayırmıram.  Hər nə qədər yazıçı kimi tanınsam da və son zamanlarda romanlarım önə çıxsa da, mənim üçün mətn mətndir.  Roman, hekayə, ya da başqa janrda olması heç nəyi dəyişmir. Həmçinin şeiri ayırmaq da  mənə çox məntiqli gəlmir. Çünki şeirlər bizim düşüncə dünyamızın parçalarıdır. Bu fikri çox tez-tez təkrarlayıram: Edip Cansevər, ya da Nazim Hikmət  şeirlə roman yazmış insanlardır. “Məmləkətimdən insan mənzərələri” bir romandır, ya da “Çağırılmayan Yakup”, “Ben Ruhi bey nasılım” bir romandır. Eyni zamanda elə kiçik hekayələr vardır ki, bütöv bir dünyanı ehtiva edir. Məsələn, Çexovu düşünək. Onun bir hekayəsini xatırlayaq: “Məmurun ölümü”. Bu hekayə bir romanın insan ruhunda yaradacağı təsirdən daha güclü təsir yaradır. Dolayısıyla, mətnin janrının heç bir önəmi yoxdur. Önəmli olan mətn özüdür.  Amma mətni mətn kimi  formalaşdıran az öncə də qeyd etdiyim kimi mübarizə apardığımız məsələnin kağız üzərinə köçürülməsidir. Yaxşı mətnlə bağlı bəzi nümunələr vermək olar. Məsələn, Milan Kundera mənim ən çox sevdiyim yazıçılardan biridir, lakin onun bütün romanları uğurlu deyil. Esseləri isə mənə romanlarından daha dəyərli və işıqlı gəlir. Amma eyni zamanda esselerindən romanlarında da istifadə edir. Məsələn, “Ölümsüzlük” romanında  esseləri də vardır. Bir sözlə, janrlar arasında seçim etmək bizi məhdudlaşdırır. Mən nə düşünərkən, nə yazarkən, nə də danışarkən janrlar arasında qalmağın tərəfdarı deyiləm.

–  Yazıçı kimi öz  hədəflərinizə çatdınızmı?

– Bir hədəfim yox idi. Çünki yazıçılıq hədəf deyil, əgər bir yazıçı və ya yazıçı olmayan istəyən şəxs özünə hədəflər müəyyənləşdirirsə və bunların çoxu karyera yönümlüdürsə, onlara çatdığında heç nə əldə etmiş olmayacaq. Çünki yazıçılıq peşə, ya da sənət deyil, bunun hər hansı bəlli mərhələləri yoxdur. Önəmli olan yazıyla yaratmaq istədiyimiz təsirin insanlara toxunub-toxunmadığını bilməkdir. Yaradıcılığımın 25-ci ilində  yazdıqlarımın bir qrup insana təsiri olduğunu görürəm, düşünürəm. Əgər buna hədəf demək olarsa, bəli, mən hədəfimə çatmışam. Lakin dediyim kimi, heç vaxt bu qədər kitabım çap olunsun, ya da hansısa mükafatı alım deyə hədəflərim olmayıb. Bir cümlə var: “Bir şey olmaqmı istəyirsiniz, bir şey etməkmi istəyirsiniz?” Daha da dəqiqləşdirsək, əgər “Xüsusiyyətsiz adam”ı  yazmısınızsa, onsuz da Robert Müzil olmusunuz. Yəni hədəf belə olmalıdır: Robert Müzil olmaq istəyirsiniz, yoxsa “Xüsusiyyətsiz adam”ı yazmaq istəyirsiniz?

Şəxsiyyət kimi formalaşmaq üçün tövsiyə edəcəyiniz kitab(lar) varmı?

– Şəxsiyyət kimi formalaşmaq kitabla əldə olunan bir şey deyil, şəxsiyyət olmaq  müəyyən müddətdir, prosesdir və bu müddətin çoxlu komponenti var. Bu komponentlərə cəmiyyəti, cəmiyyətə baxışımızı, orada qarşılaşdığımız məsələlərlə necə mübarizə aparmağımızı, kənardan özümüzü necə görməyimizi aid etmək olar. Və ən əsası özümüzü cəmiyyətdə, ailədə, sosial mühitdə,  ya da həyatın içində hansı mövqedə görmək istədiyimizdir. Şəxsiyyət olmaq ən çox cəmiyyətlə əlaqələndirilən məsələdir. Lakin dağda yaşayan biri də şəxsiyyət ola bilər. Çünki şəxsiyyət olmaq özümüzlə əlaqəlidir. Məncə, yaxşı bədii əsərlərin hamısı şəxsiyyət kimi formalaşmağa təsir edə bilən kitablardır. Məsələn, mən desəm ki, sizi şəxsiyyət kimi formalaşdıracaq beş kitab adı çəkəcəm, bu, tamamilə absurd səslənər.

– Yenicə kitab yazmağa başlayanlar və ya başlayacaq olanlara nə məsləhət verərdiniz?

– Oxumaqlarını. Bilirəm, bir az xoşagəlməz cavabdır, çünki adətən, insanlar oxumadan yazmaq istəyirlər. Nəşriyyatda işlədiyim zamanlarda bunun çoxlu örnəyi ilə qarşılaşmışdım. Belə izah edirdilər ki, oxuyub “təsirlənmək istəmirəm”. Mən isə deyərdim ki, əksinə, təsirlənin. Təsirlənmədən dəyişə bilməzsiniz, təsirlənmədən özünüz ola bilməzsiniz. Çünki oxumaq özünü kəşf etmənin yoludur. Sizdə nəyin olduğunu oxumadan anlaya bilməzsiniz.  Biz əslində çox kiçik həyatlar yaşayırıq, dünyada tanıyacağımız insan sayı məhduddur, ən rəngli həyatı olan insan belə çox oxumuş biri qədər insan tanıya bilməz. Çünki  çox oxumuş biri üçün qarşılaşdığı, tanıdığı insan sayı sonsuzdur. Məncə, biz həyat dərsini çox zaman ədəbiyyatdan alırıq. “Madam Bovari”ni, “Anna Karenina”nı oxuduğumuz üçün o vəziyyətdə olan birini anlaya bilirik. Yazmağın birinci addımı oxumaqdır, oxumadan yazıram deyənlərə inanmıram, bir yerə çata biləcəkələrini də, bu sahədə bir şey əldə edə biləcəklərini də düşünmürəm. Təbii ki, söhbət doğru oxumaqdan gedir. Yəni biri deyirsə çoxlu kitab oxumuşam, amma bu mənə heç nə qazandırmadı. Demək ki, həmin insan yanlış kitablar seçib. Mənim fikrimcə, kitab müqəddəs deyil. Kitabın əşyavi şəkildə müqəddəsləşdirilməsinə qarşıyam. Əlbəttə, kitabın yandırılması və düşüncələrin yox edilməsini müdafiə etmirəm. Qətiyyən belə anlaşılmaq istəmərəm, lakin düşüncələr istənilən şəkildə müzakirə olunmalı və söylənilməlidir. Əgər ədəbiyyatı bir dağ kimi düşünsək, o zaman yaxşı kitablar bizim harda olduğumuzu göstərir. Yeri gəldiyində əlimizdən tutub o dağın zirvəsinə doğru qaldırar, amma bəzi kitablar da yerimizdə saymağımıza səbəb olar. Yazmaqda çətinlik çəkdiyim zamanlarda etdiyim tək şey, fasilə verib, məni bəsləmiş, canlandırmış kitabları yenidən oxumağa başlamaqdır. Ən çox da şeir oxuyuram, necə ki tanınmış qurmanlar iki yemək arasında bir qurtum su içirlərsə, mən də mütləq iki mətn arasında bir şeir oxuyuram. Çünki şeir zehnimdə inanılmaz bir dalğa təsiri yaradır. Yəni bütün məsləhətlərim oxumaqdan yanadır…

– Sizcə, yaxşı oxucu olmaq çətindir, yoxsa yaxşı yazıçı?

– Yaxşı oxucu olmaq daha çətindir. Məsələn, mən yaxşı oxucu deyiləm. Çox istərdim olum. Əlbəttə, bəlli meyarlara görə yaxşı oxucu sayıla bilərəm, amma bəzi oxucular var ki, onlara heyranlıq duyuram.

– Yaratdığınız obrazlar arasında ən sevdiyiniz obraz  hansıdır?

– Çox çətin sualdır. Əslində, belə bir obraz  yoxdur.  Digər yazarlarda necədir bilmirəm,adətən mənim son yaratdığım obraza daha çox sevgi və rəğbətim olur. Onu özümə daha  yaxın hiss edirəm, çünki zehnim  daim onunla məşğul olur. Yenə də cavab verməli olsam, məncə, bütün yazdıqlarımın içində ən çox sevdiyim obraz  “Əziz bəy hadisəsində”ki Vuslatdır. Çünki o daha artığına layiq idi. Bəlkə, belə də oxuculara təsir edə bildi, amma bəzən düşünürəm ki, ona daha çox səhifə ayırmalı idim…

 Türk dilindən uyğunlaşdıran: Cahan Seyidzadə