Özbəkistanda “Hər anımız Vətən desin!” şeir müsabiqəsi yekunlaşıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihəsi çərçivəsində “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi yekunlaşıb.

Azərbaycan və Özbəkistandan müsabiqəyə təqdim olunan şeirlərin müəlliflərinə Mədəniyyət Mərkəzinin Fəxri diplomları, pul mükafatları təqdim edilib.

Müsabiqəyə Vətənə və torpağa məhəbbət, Azərbaycan mədəniyyətinin mərkəzi olan Qarabağ, onun tarixi abidələri, adət-ənənələri, tanınmış qarabağlıların, ədəbiyyatımıza və muğam sənətinə verdiyi töhfələr, bölgənin gözəl və füsunkar təbiəti, həqiqətin zəfəri, işıqlı gələcəyə inam və digər mövzuları əhatə edən şeirlər, poemalar təqdim olunmuşdu. 

Azərbaycanın İsmayıllı rayonunun Diyallı kənd müəllimi, şair Oktay İsmayıllının “Mələklərin soyqırımı” və  Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, şairə-tərcüməçi Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” poemaları müsabiqənin baş mükafatlarına layiq görülüb. Qeyd edək ki, Oqtay İsmayıllı ötən il dünyasını dəyişib.

Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin Qarabağa həsr etdikləri şeirlərin, poemaların toplu halında nəşrini də  planlaşdırıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, müsabiqə 44 günlük Vətən müharibəsindən öncə elan edildiyindən təqdim olunan əsərlərdə daha çox Qarabağın təbiəti, mədəniyyəti, xalqımızın məruz qaldığı təcavüz və işğal öz əksini tapıb. S.Abbasov Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki zəfəri, qəhrəmanlıq salnaməsi mövzusunda şeir müsabiqəsinin elan ediləcəyini də bildirib.