Özbəkistanda “Nizami Gəncəvi İli”nin rəsmi açılış mərasimi olub

2021-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə dahi şairə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi və layihələrin icrası nəzərdə tutulub.

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən Özbəkistanda “Nizami Gəncəvi İli”nin açılış mərasimində ölkənin elm, təhsil, mədəniyyət xadimləri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti, aparıcı universitetlərin mütəxəssisləri, Özbəkistan Milli Elmlər Akademiyası, Yazıçılar Birliyi, Dostluq Cəmiyyətinin rəhbərliyi, tərcüməçi-alimlər iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Nizami Gəncəvi İli”nə həsr olunmuş xüsusi sərgi və kompozisiyanın açılış lenti kəsildikdən sonra tədbir iştirakçıları dahi şairə həsr edilmiş sərgilərlə tanış olub. Nizaminin “Yeddi Gözəl” əsərindən personajlar, habelə şairin Mədəniyyət Mərkəzinin layihəsi ilə yenicə özbək dilində çapdan çıxmış əsərləri təqdim edilib.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələrinin Nizami Gəncəvinin əsərlərindən ibarət hazırladıqları bədii kompozisiya tədbir iştirakçılarına təqdim edilib.

Özbəkistanda “Nizami Gəncəvi İli”nin açılış mərasimində giriş sözü ilə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ildə “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Özbəkistanda da çoxsaylı tədbirlər və layihələrin reallaşdırılacağını qeyd edib. O, Özbəkistan mətbuatında Azərbaycan haqqında elan olunan müsabiqənin əsas nominasiyasının “Nizami Gəncəvi – Azərbaycan və dünya poeziyasının dahisidir” mövzusu üzrə elan edildiyini, il ərzində “Nizami Gəncəvinin həyat və yaradıcılığı” mövzusunda nizamişünas alimlərin iştirakı ilə Daşkənddə beynəlxalq elmi konfransın, mərkəzi sərgi salonunda Nizaminin əsərlərindən ibarət Özbəkistan, Azərbaycan və Türkiyədə saxlanılan miniatürlərin surətlərinin sərgisinin keçiriləcəyini bildirib.

Natiq Nizami Gəncəvi irsinin dünyada geniş təbliğ edildiyini, dahi şairin ulu öndər Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə 840 illik yubileyinin, daha sonra Prezident İlham Əliyevin göstərişi ilə 2011-ci ildə ədibin 870 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirib. Samir Abbasov Nizami Gəncəvi yaradıcılığı, Nizami və Nəvai arasında ədəbi bağlılıq, dahi şairlərin dünya mədəniyyətinə verdiyi töhfələr barədə məruzə edib.  

Özbəkistan–Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov 2021-ci ilin Azərbaycan və özbək xalqları üçün əlamətdar olduğunu, Nizami Gəncəvinin 880 illik, Əlişir Nəvainin 580 illik yubileylərinin geniş qeyd olunduğunu söyləyib. O, hər iki şəxsiyyətin Türk dünyasının iftixarı olduğunu bildirib. E.Nuriddinov Nizami Gəncəvi irsinin özündən sonrakı şairlərin yaradıcılığına, təsiri barədə məruzə edib.

Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmisi, müşavir Elnur Əliyev tədbirə videomüraciətlə qatılaraq nazir Anar Kərimovun tədbir iştirakçılarına salamlarını çatdırıb, qardaş xalqların tarixi yaxınlığından danışaraq Nizami Gəncəvinin bütün Türk dünyasının şairi olduğunu qeyd edib.

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid, Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dilçilik, Folklor İnstitutunun direktoru, professor Nizaməddin Maxmudov, Biruni adına Daşkənd Şərqşünaslıq Universitetinin dosenti Atxanbek Olimbekov Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda böyük maraq olduğunu, Daşkənddə dahi şairin büstünün, onun adını daşıyan Pedaqoji Universitetin fəaliyyət göstərdiyini vurğulayıblar.

Azərbaycanlı türkoloq – alim, professor Ramiz Əskər videomüraciətlə tədbirə qoşularaq Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılıqları, onların ədəbiyyatımıza gətirdiyi töhfələrdən söz açıblar.

Daha sonra “Nizami Gəncəvi İli” ilə bağlı hazırlanmış videomaterial nümayiş etdirilib. Videomaterialda ulu öndər Heydər Əliyevin dahi şairə həsr olunmuş tədbirlərdə iştirakı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Nizami Gəncəvinin dünyanın aparıcı şəhərlərində heykəllərinin açılışı mərasimlərində iştirakı, “Nizami Gəncəvi İli” ilə bağlı planlaşdırılan tədbirlər öz əksini tapıb.