Özbəkistanda Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı xeyriyyə tədbiri keçirilib.

Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Daşkənddəki 21, 22, 23 və ölkənin Gülüstan şəhərindəki 30 nömrəli uşaq evlərinin 200-dən artıq şagird və müəllim heyəti iştirak edib.

Əvvəlcə iştirakçılar üçün Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi muzeyinə ekskursiya təşkil edilib. Ziyarətçilər Mərkəzin foyesində dahi Nizami Gəncəviyə həsr olunmuş kitab və foto sərgilərlə tanış olublar. Sərgidə əsasən Nizami Gəncəvi şəxsiyyəti, onun yaradıcılığı, şairin hikmətli sözləri, habelə ölkəmizə dair kitablar nümayiş etdirilib.      

Daha sonra Mərkəzin konfrans zalında giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, şagirdlərin elm və biliklərə yiyələnmələrinin vacibliyini vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində gördüyü işlərdən danışıb. Daha sonra diplomat “Nizami Gəncəvi ili” ilə əlaqədar keçirilən tədbirlər, dahi şairin yaradıcılığı barədə danışıb.

Daşkənd şəhərindəki 30 saylı İnternat evinin direktoru Pakizə Əhmədcanova Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirib, bu layihə vasitəsiylə onların Nizami Gəncəvinin yaradıcılığı haqqında geniş məlumat əldə etdiklərini vurğulayıb. O, Azərbaycanla dostluq əlaqələri haqqında danışaraq, dövlətlərimiz arasında daim yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edib.  Pakizə Əhmədcanova tədbir təşkilatçılarına xüsusi fəxri diplomlar təqdim edib.

Daha sonra Nizami Gəncəviyə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə Özbəkistanın tanınmış müğənniləri Azərbaycan və özbək dillərində mahnılar oxuyublar. Uşaq evlərinin musiqi kollektivləri özbək və dünya xalqlarının mahnı və rəqslərini, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi təqdim ediblər.

Tədbirin sonunda iştirakçılar Azərbaycanın milli kulinariyasından olan təamlara qonaq ediliblər.