Dünya ədəbiyyatının 8 ən məşhur poeması

Epiloq.az dünya ədəbiyyatının 8 ən məşhur poemasını təqdim edir.

“İskəndərnamə”

“İskəndərnamə” dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə“sinə daxil olan beşinci və sonuncu poemadır. Əsər 12001203-cü illər arasında yazılıb. Şairin şeirlərində və poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam dolğunluğu ilə bədii əksini tapıb. “İskəndərnamə” yüksək ideya yükü və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərib.

“Odisseya”

Homerin “İliada”nın davamı kimi yazdığı bu eposda Troyadan qayıdan qəhrəmanın başına gələn macəralardan bəhs olunur. Bu əsər “İliada”dan fərqli olaraq əsasən nağıl üslubunda yazılıb.

“Şahnamə”

Böyük fars şairi Əbülqasım Firdovsinin “Şahnamə”si altmış min beytdən ibarətdir. Əsər qədim İran tarixindən, eləcə də əfsanəvi İran-Turan muharibələrindən bəhs edir.

“Məsnəvi”

Mövlana Cəlaləddin Rumi altıcildlik “Məsnəvi”sinin ilk hissəsini Rumi təxminən 54 yaşında – 1258-ci ildə yaradıb, sonuncu kitabı isə 1273-cü ildə tamamlayıb.

 “İlahi Komediya”

1307–1321-ci illərdə italiya şairi Dante Aliqyeri tərəfindən yazılmış bu əsər “Cəhənnəm”, “Əraf” və “Cənnət” adlı üç fəsildən ibarətdir. Bu poemanı Dante doğma şəhəri Florensiyadan sürgün olunduğu illərdə yazmağa başlayıb və ömrünün sonlarında tamamlayıb. “İlahi komediya” ifadəsindəki “ilahi” sözü digər dahi italiya yazıçısı Covanni Bokkaçonun təklifi ilə əsərə daxil edilib. Dante yazdığı əsəri sadəcə “Komediya” adlandırmışdı.

“Romeo və Cülyetta”

Uilyam Şekspirin bu məşhur tragediyasının 1591-1595-ci illərdə yazıldığı ehtimal edilir. Romeo və Cülyetta bir-birinə düşmən olan iki tayfanın övladlarıdır. Qarşılaşdıqları ilk andaca bir-birlərinə aşiq olan gənclərin faciəvi sonluqla bitən həyatları barədə əsəri yazarkən  Şekspir Artur Brukun 1562-ci ildə qələmə aldığı “Romeo və Cülyettanın faciəvi hekayəti” adlı şeirindən ilhamlanıb.

 “İtirilmiş Cənnət”

1658-1667-ci illərdə ingilis şairi Con Milton tərəfindən yazılan bu əsərin mövzusu puritan dini incəsənəti ilə bağlı idi. “İtirilmiş cənnət” poeması nəinki öz dövründə, həm də sonrakı əsrlərdə İngiltərədə və onun xaricində böyük maraq doğurmuş, dünya ədəbiyyatının ən əlamətdar yazılı abidələrindən biri kimi dəyərləndirilib. Əsər 11 min misradan ibarətdir.

“Faust”

“Faust” faciəsini alman şairi və dramaturqu Yohan Volfqanq Höte 1774-cü ildə yazmağa başlayıb və ömrünün sonlarında – 1831-ci ildə bitirib. Əsərin birinci hissəsi  1808-ci ildə, ikinci hissəsi isə müəllifin ölümündən sonra nəşr edilib.