Qəhrəmanlıqdan qudalığa – Qan Turalı yazır…

Epiloq.az Qan Turalının “Qəhrəmanlıqdan qudalığa” adlı yazısını təqdim edir.

O uşaqlığımızın qəhrəmanıydı…

Ancaq aylar, illər keçdikdən sonra həyat onu gözlənilməz bir şəkildə qarşımıza çıxaracaqdı.

Quda kimi…

İlk övladı Kristofer azərbaycanlı pianoçu  Suadə Hacızadə ilə evlənəcəkdi.

Uşaq ikən əsla düşünə biməyəcəyimiz qədər uzaq bir xəbər…

Çünki bizim üçün Van Dam bu dünyadan deyildi.

Böyük karyeralar başqalarına daim parıltılı və cazibədar görünür.

Xalqımızın müdrik misalında deyildiyi kimi:  “Qıraqdan baxana döyüş asan gəlir”.

Halbuki 22 yaşında və ingilis dilində yaxşı bilməyən Jan Klod vətəni Belçikadan ABŞ-a məşhur olmaq üçün gələndə heç də hər şey asan olmamışdı.

Elə həmin il karate karyerasını tamamlayan Jan Klodun aktivində karate üzrə iki Avropa çempionluğu vardı.

Ağırlıq qaldırma ilə də məşğul olurdu və beş il balet kurslarına da getmişdi.

Ancaq bu karyera ABŞ üçün çox şey vəd etmirdi.

İdman salonlarında gözətçi işlədi, pizza daşıdı, taksi sürdü.

Xəyalı isə daim göylərdə idi.

Fİlmlərdə epizodik rollarda oynayır və gününü gözləyirdi.

Ancaq heç bir film şirkəti onu görmək, baş rola çəkmək istəmirdi.

İllər keçirdi, ancaq o heç cür parlaya bilmirdi.

Məşhur prodüser  Qolanın  ofisinə dəfələrlə zəng vurub onunla görüşmək istəsə də istəyinə nail ola bilməmişdi.

Amma o ABŞ-a uğur qazanmaq üçün gəlmişdi və gələcək  filmlərində olduğu kimi qələbə üçün bütün yollara əl atacaqdı.

Qolanı izləyən Jan Klod onun nahar üçün bir restorana girdiyini görür və qapıda onu gözləyir.

Prodüseri qarşısında görən gələcək ulduz bir kəlmə də demədən Qolanın başının üstünə bir təpik atır.

Dünyanın ən absurd tanışlıq səhnəsi Qolanın xoşuna gəlir və  “Bloodsport” (Qanlı idman) filmində aktyoru sınayır.

Film böyük uğur qazanır və aktyorun ulduz həyatı başlayır.

Bu zaman aktyorun ilk övladı Kristoferin cəmi bir yaşı vardı.

Bu zaman Jan Klod artıq altı ildir ki, ABŞ-da idi və aksentlə də olsa ingilis dilini yaxşı öyrənə bilmişdi.

Aktyorun ana dili isə fransız dili idi.

Zaman keçdikcə “Kiborq”, “Kikboksinq”, “Universal əsgər”, “Çətin hədəf”kimi filmlərlə dünya ulduzuna çevrilən aktyorun ulduzu gec parlasa da tez sönməyə başlayır.

90-cı illərin ortalarında həm döyüş filmlərinin populyarlığını itirməsi həm də şəxsi problemləri Van Dammı zirvədən addımbaaddım uzaqlaşdırır.

Gərgin çəkiliş günlərində kokainə mübtəla olan aktyor vərdişindən tamamilə uzaqlaşa bilmir, gücü onu azaltmağa çatır.

1998-ci ildə aktyora bipolyar pozuqluq diaqnozu qoyulur.

Van Damm bu barədə danışarkən belə deyir:  “Uşaq ikən məktəbə gedirdim, səma masmavi idi, amma mənə qapqara görünürdü. Ovqatım pozulurdu”.

90-cı illərin sonlarından bu yana Van Damm heç cür keçmiş karyerasını bərpa edə bilmədi.

Karyerası ”Kung Fu Panda 2”də səsləndirməyə qədər eniş etdi.

Şəxsi həyatı da uğursuz idi, dörd qadınla beş dəfə evlənmişdi.

Bir sözlə, on il belə çəkməyən, arxasında nə qədər əziyyət və zəhmət dayanan karyera bir andaca darmadağın edildi.

Ancaq onun 90-lardakı şöhrəti o qədər parlaq idi ki, üzərindən 30 il keçsə belə hələ də adı yaddaşlarda qalır.

Bu gün bizim gündəmimizə qaynata kimi düşən Van Dammın karyerası əslində çox faciəvi bir karyeradır.

Və parıltılı karyeraların arxasında daima  göz yaşları, peşmanlıqlar və ağrılar gizlənir.