Qana köç edən yaddaş: Azərbaycan, Türkiyə – Xanım İsmayılqızının şeirləri

Epiloq.az Xanım İsmayılqızının yeni şeirlərini təqdim edir.


Yumruq kimi birləşib, eyni hədəfə vurub,
Eşq ilə, məhəbbətlə ucalan məbəd qurub,
Çiyin-çiyinə verib yenə də məğrur durub,
Bir ananın övladı – Azərbaycan, Türkiyə.
Qartalın cüt qanadı – Türkiyə, Azərbaycan.


Ən çətin zamanlarda bir-birinə dost, yoldaş,
Siyasət meydanında əqidəbir vətəndaş,
Böyükdən kiçiyədək hər bir mənada sirdaş,
Dili bir, amalı bir – Azərbaycan, Türkiyə.
İkisi bir ürəkdir – Türkiyə, Azərbaycan.


Elə bir qüvvədir ki, addımında fəxarət,
Bu birliyin gücündə birləşibdi həqiqət,
Kökündə sədaqət var, canındadı ədalət,
Bir millət, iki dövlət – Azərbaycan, Türkiyə.
Bu birlikdədir qüdrət – Türkiyə, Azərbaycan.


Ordusu var, gücü var, səsi xalqın səsidir,
Bir-birini sevməsi ən böyük qüvvəsidir,
Həm möhür, həm and yeri tək bircə kəlməsidir.
Dostluğu sarsılmayan – Azərbaycan, Türkiyə.
İki bədəndə bir can – Türkiyə, Azərbaycan.


Bu dostluq yenə böyük sınağa sinə gərdi,
Qardaşlığın əbədi olduğunu göstərdi,
Əsrlərlə bir olmaq, doğma olmaq hünərdi.
Qana köç edən yaddaş – Azərbaycan, Türkiyə.
Bir ruhda iki qardaş – Türkiyə, Azərbaycan.

***


Ana dildə, ata yurdda sənə qardaşdı Vətən.
Sənə sahib, sənə həmdəm, sənə sirdaşdı Vətən.


Sevginin ən böyüyü, eşqlərin ən ülvisidir,
Adını bəxtinə yazmışlara yoldaşdı Vətən.


Dünəniylə bu anı xoş gələcək günlərədir,
Uludur, tarixidir, həm də ki, çağdaşdı Vətən.


Hər qarış torpağının uğruna qanlar tökülüb,
Unudulmazlıq odur, ömrünə yaddaşdı Vətən.


Hər odun, hər ocağın məşələ dönmək yeridir,
Həm adamdı, həm ağacdı, həm qaya, daşdı Vətən.


Torpağında nəfəs almış hünəriylə çox İgid,
Elə bil ki, həm uşağdı, həm də həmyaşdı Vətən.


Canım, andım, şərəfim, ruhum, həyatım, qürurum,
Özü boyda ucalıqda bir vətəndaşdı Vətən.


Xanımın könlünə düşmüş Vətəni vəsf eləmək,
Çün mənimçün yaranışdan mərd silahdaşdı Vətən.

***


Kimi tüfəng, kimi ürək, kimi hirslə döyüşdədir,
Əsirlikdə olan torpaq əsgəriylə görüşdədir,
Ədalətin qələbəsi, zəfərləri yürüşdədir,
Vətən oğlu, igid əsgər, torpaqları al geri dön.
Bu millətin, bu Vətənin qəhrəmanı ol geri dön.


Ölkəmiz ayaq üstədir, ürəklər yurdla döyünür,
Kiçikdən böyüyə kimi döyüş ruhunu geyinir,
Elə bir Ordumuz var ki, xalq öz oğluyla öyünür,
Vətən oğlu, igid əsgər, qələbələr çal geri dön.
Bu millətin, bu Vətənin qəhrəmanı ol geri dön.


Yumruq kimi sıxılraq bir nöqtəyə vurduq artıq,
Düşmənlərin belini də bu hücumla qırdıq artıq,
Yurdumuza xor baxanın bağrını da yardıq artıq,
Vətən oğlu, igid əsgər, yurduna iz sal geri dön.
Bu millətin, bu Vətənin qərəmanı ol geri dön.


İndi bu Ulu diyarın böyük imtahan günüdür,
Haqsızlığın körpüsünü, səddləri yıxan günüdür,
Qılıncların da qınından sıyrılıb çıxan günüdür,
Vətən oğlu, igid əsgər, bu tarixdə qal geri dön.
Bu millətin, bu Vətənin qəhrəmanı ol geri dön.


Bu həyəcan, bu yüksəliş damarlarda qan deməkdir,
Hər bir qarış torpağımız canımızda can deməkdir,
Bu üsyanın özü, odu can Azərbaycan deməkdir,
Vətən oğlu, igid əsgər, sənə yaxşı yol, geri dön.
Bu millətin, bu Vətənin qəhrəmanı ol geri dön.


Kimi tüfəng, kimi ürək, kimi hisslə döyüşdədir,
Əsirlikdə olan torpaq azadlıqla görüşdədir,
Ədalətin qələbəsi, zəfərləri yürüşdədir,
Vətən oğlu, igid əsgər, torpaqları al geri dön.
Bu millətin, bu Vətənin qəhrəmanı ol geri dön.