Qaranlıq harmoniyalar – Məhəmməd Tanhu yazır…

Epiloq.az Məhəmməd Tanhunun “Qaranlıq harmoniyalar” adlı hekayəsini təqdim edir.

Dan yeri ağarmağa başlayanda soyuq da başladı. Zülmət yavaş-yavaş azaldıqca nişastalı ağ köynək geyinib sükan arxasında əyləşmiş qonşum maşının mühərrikini işə saldı, səs-küy oldu: yeni gün başlayır. Üz-gözünü turşudaraq yaylığını çənəsinə bərkidən ayağı çəkələkli qadın əlində sellofan zibil konteynerlərinə sarı yeriyir. İnanclı qadındır. Ta axşamdan üst-üstə qalaqlanan zibili atmaq üçün xoruz banını gözləyir; gecə evdən zibil atmazlar, evin bərəkəti qaçarmış. Batil inanclarla yanaşı milli dəyər şüuru ilə şəkillənən tövrü var. Gündəlik arxayın güzəran içində gözə çarpmayan faciələri gözə çarpdırmaq vərdişi də var. Modern dünya ölüm-itim fikirlərindən uzaq dayanmağı tövsiyə yox, əmr etdiyi bu çağda həmin qəribə qadın hərlənib-fırlanıb bu şeylərə qayıtmağı sevir. İki konteynerin arasındakı süni qaranlıqda pusquya yatan məhəllə pişiyi işıqlığa çıxır. Onun üçün yağlı sümüklərin, pomidor və kartof qabıqlarının­ – yemək artıqlarının toplandığı şəffaf elastik plyonkadakı zibil cənnətinə girmək vaxtıdır. Hər tərəf öz-özünə bitmiş otlarla doludur. Qol saatımın batareyası ağır-ağır tükənmək üzrədir: iki-üç dəqiqə səhv göstərir. Saatı xəbər alanlara yüngül riyazi əməllər edərək cavab verirəm: saatla şərik işləyirik.

Havanın soyumağa başlaması qanımı qaraldır: “Birdən hava soyuqdur deyə görüşə gəlməzsə, necə?” – deyə düşünürəm. Fikir etməyə bilmirəm, bu o deməkdir ki, yenə siqaret çəkəcəyəm. İçimdə tühaf bir boşluq hiss edirəm. Əslində içimdə bir boşluq hiss edirəm də deyə bilərdim. Sakitləşmək və müsbət düşünmək üçün nələr varsa, dəqiqləşdirib rahatlıq tapmalıyam. Hava ağardıqca yüngül külək də başladı. Az keçmişdi ki, gücləndi. Xəzri küləyidir bu. Oğrulardan qorunmaq üçün ikimetrlik hasarlara düzülmüş rəngbərəng şüşə qırıntıları cingilti ilə töküldü. Lənət şeytana, bu gün alınmayacaq, deyəsən. Bəlkə, qayıdım yatağıma girim, yorğanı boğazımacan dartıb yatım və heç kimə zəng etməyim və heç yerə çıxmayım?! Bir neçə dəqiqə keçir və Xəzri möhkəmlənir. Toz da başladı artıq. Səsini qaldıran külək tək-tük ağacların napnazik budaqlarını kəllə-kəlləyə vurur. Təxminən, 100 il əvvəl bu cür möhkəmlənən xəzrilərin qaldırdığı toz fırtınası bakılıları vaxtaşırı traxomaya düçar edirdi. Yaxşı, bəs necə oldu ki, artıq əvvəlki kimi xəstələnmirik? Yəqin, göydələnlərin çoxalması traxomanın qabağını aldı: toz-torpaq hündür divarlara dəyib qayıdır, bizlərlə təması azalır. 100 il əvvəl Balaxanı, Suraxanı kimi yerlərdə traxomanın daha çox qeydə alınması binaların azlığından idi: o yerlərin bəxtinə neftli, mazutlu tale düşüb. Bakının bu tərəfləri əzab-əziyyətə qatlaşır, işləyir, o tərəflərdə – İçərişəhərdə isə milyonçular bir-birinin bəhsinə binalar tikdirir. Kəsəsi, Balaxanı qazanır, İçərişəhər yeyir.

Toz çoxalaraq havaya qalxır: əvvəl bir ovuc töküldüyü yerə indi bir vedrə tökülür. Yuxarı, ağaran səmaya dağılan qumların səmtini külək dəyişdirir və onu gecə yuxumda gördüyümü xatırlayıram. Kefim bir balaca yerinə gəlir: məncə, gələcək. Taqordan əzbərlədiyim mənsur şeirləri bu gün də deməsəm, yəni görüşməsək, and içirəm ki, bir də heç vaxt, heç yerdə dilimə gətirəsi deyiləm. Özümlə bağlı səssiz bir razılığa gəlirəm və zehnimin bu fikirlərlə oynaşmasına icazə verirəm.

Necə oldusa, özümü küçəyə çıxmış halda gördüm. Cansıxıcı şeylərə artıq fikirlərimdə müqavimət göstərmirdim, sadəcə dəhşətli bir mənasızlıq olduğunu və bunu anlamağa cəhd etməli olduğumu bilirdim. Onunla növbəti görüşümüzdür. Nostalji və retro nəsnələrə aşırı marağı var. Flora Kərimovaya qulaq asanda islaq kirpiklərini ovcu ilə sildiyini keçən görüşümüzdə gizlətməyə çalışsa da gördüm. Yaşamadığı, heç vaxt mövcud olmadığı vaxtlara qarşı içində bir nisgil var. “Nisgil” sözü yerinə düşür, ya yox, bilmirəm. Həsrət deməli idim. Ola bilər ki, nisgil gördüyün, təmas etdiyin şeylərdən indi uzaq qalmaqdır, həsrət isə, ümumiyyətlə, yaxın düşmədiyin şeylərə qarşı duyulur. O, ağ-qara fotolara baxıb-baxıb hüznlənir. Yaşamadığın bir zamana dair görüntüləri seyr etmək heç vaxt getmədiyin bir ölkəyə getmək kimidir, bu, doğulduğun şəhər olsa belə. Bakıda doğulub-böyüdüyü üçün ola bilərmi? Buranın adamları tez-tez “o vaxtlar” deyirlər axı. O isə nə əlində talon çörək növbəsinə durub, nə komsomolçu, nə oktyabryat, nə də pambıqçı olub, onun “o vaxtlar”ı elə indidir.

Bu xüsusiyyətini ilk görüşümüz üçün planlar quranda öyrəndim. “Plan”ı qurduqca dodaqlarının kənarında qarşısındakına sanki istehza edən anlaşılmaz bir təbəssüm vardı. Belə ki, telefonlarımızı evdə qoyduq, vaxt vədələşdik ki, avtomat telefonla evlərini yığıb ona görüş saatını deyəcəyəm və bulvara gedib “Saat qülləsi”nin altında gözləyəcəyəm. Elə də etdik. Deyilən vaxtdan gec gəldi və mən onu gözlədiyim keçməz-bitməz dəqiqələrdə mənə dəhşətli gələn bir həqiqəti – “Saat qülləsi”nin dəqiqəni səhv göstərdiyini gördüm. Qolumdakı saatla şərikli işləyirdik, səhv göstərə bilməzdi. Bunu ona demədim. Bulvarı obaş-bubaş gəzdik, sonra “28 May”ın yuxarı hissəsində “Beatrice” yazılan şirniyyatçıda ayranla qoğal və bir dilim piroq yedik. Bu qidaları özü seçmişdi. O, şirniyyatçıda hərdən ətrafı unudaraq bir-birimizin gözlərinə həvəslə uzun-uzadı baxıb, gülümsədik. Əminəm ki, məni, məkanı, hətta əlindəki qoğalı da ağ-qara görürdü, mən, yəqin, “Alma almaya bənzər”in “Salamat qal, qəşəng qız” deyən Həsən Məmmədovu idim o an onun gözlərində. Şirniyyatçıdan çıxıb axşamadək gəzdik. Şəhər qatı qaranlığa gömüldü. Axşamüstü gəzintilərində, Bakının hündür yerlərindən üzüaşağı baxarkən qaranlıq içində itib-batmış şəhərin bir-birinə qısılmış kimi görünən evlərinin rəngarəng işıqlarından başqa heç nəyinin görülmədiyi saatlarda polis maşınımı, ambulansmı, hansına aid olduğu bilinməyən sirena qışqırıqları eşitdi. Bu sirenaların zəif işıqlandırılmış küçələri arşınlayan sağda mavi, solda qırmızı miqalkası yanıb-sönən polis maşınlarınamı, can üstündə olanlara yetişmək üçün sağ-solunu təmizləyə-təmizləyə caddələri Musanın qızıl dənizi ayırdığı kimi ikiyə bölən ambulansamı aid olduğunu ayırmaq çətindir deyə dəqiqləşdirdik. Daxili İşlər Nazirliyi ilə Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyası xidməti maşınlarının səsləri Bakının dosdoğma səsləri kimi hər gecə eşidilən qorxu və vahimə qarışıq səslərin ən başında gəlir. Uzun-uzadı səssiz qalıb dinlədik, ardınca sovetlərin bəzi yaxşı şeyləri haqqında danışdıq. Onun sayəsində şəhəri tanıdım, şəhəri və onun keçmişini sevdim, bukinist Qulaməlini tanıdım. 100 il əvvəlki bakılıların traxomadan əziyyət çəkdiyini haradan bilə bilərdim ki o olmazsa? Və bu gün nələr olacaq, bilmirəm.

Demişdim axı, necə oldusa, özümü küçəyə çıxmış halda gördüm. Parıldayan gözlərini ötüb-keçənin üzünə dikən süpürgəçi arabir mənlə də göz-gözə gəlir. Sifəti turşudur. Soyuq və ölü kimi bəyazlaşmış sir-sifətində hadisəyə verəcəyi reaksiyanı dəqiqləşdirə bilməyən gözlər görünür. Xod verdiyi mahnının nəqərat hissəsində müğənniyə qoşulub xırıltılı boğazını gücə salan o biri süpürgəçi bəlğəmli öskürəklə əlləşir. Küçə fənərinin işığı hələ də yanırdı. Ağlımdan elə bunu keçirmişdim ki, lampa söndü. Külək vıyıldayırdı. Göy üzünə baxmaq üçün başımı qaldıra bilmirdim. Üzbəüz səkidə bəyaz və kədərli bir çöhrəsi, dağınıq saçları olan bir qız yeriyir. Solğun və üzgün bir sifəti, işıl-işıl gözləri var. Səkiboyu yeridikcə zilləndiyimi bəlli etməmək üçün o baxanda bardyorun aşağısındakı dünənki yağışdan qalma upuzun gölməçədəki əksinə baxıram. Gölməçələrin səthində həyatın təkrarı göstərilir. Mən artıq yalnızca gölməçəni seyr edirəm: görüntünün özü qalıb qıraqda, yansımasına qapılmışam. Bu oyun get-gedə xoşuma gəlməyə başladı və bu gün görüşümüzün alınmamasını istədim, gölməçə oyununun sonsuzluğa qədər davam etməsini istədim, onu sevmədiyimi anladım. Ansızın yaratdığım bu qeyri-adi oyun reallığın kabusu tərəfindən amansızlıqla cəzalandırıldı: elə o an kimsə arxadan gözlərimi yumşaq əlləri ilə örtüb soruşdu: “Mən kiməm?”