Qismət: Oxucu qarşısına butulka ilə çıxmaq istəyirik – MÜSAHİBƏ

Epiloq.az şair, tərcüməçi Qismətlə müsahibəni təqdim edir.

  • Bu yaxında “The Paris Review müsahibələri” kitabınız çapdan çıxdı. Bu

barədə fikirlərinizi öyrənmək istərdim.

  •  Kitab bir həftədir satışdadır. Bu kitabın ideyası məndə çoxdan var idi, amma heç bir nəşriyyata təklif etməmişdim, çünki əfsuslar olsun ki, belə formatda kitablara nəşriyyatların marağı yoxdur, bazarın vəziyyəti budur. “Sim-sim.az” saytında həmin müsahibələri hissə-hissə tərcümə edib verirdik. Düşünürdüm ki, bir kitablıq müsahibə hazır olanda, şansımı yoxlayacam, nəşriyyatlara müraciət edəcəm. Sağ olsun, Şahbaz Xuduoğlu təklifimə müsbət cavab verdi. Bu müsahibələri dünyada filologiya fakültələrində tədris edirlər, çünki burada yazıçıların mətbəxini, yazı vərdişlərini görmək olur. Həm də “The Paris Review müsahibələri” jurnalistika fakültələri üçün də master-klass kimidir. Çünki orada jurnalist demək olar ki, bütün bir günü müsahibiylə birlikdə keçirir. Sualların hazırlanmasından, formatından əlavə, həmişə müsahibənin əvvəlində bir səhifə, səhifə yarımlıq müəllif haqqında balaca bir portret də olur. Düşünürəm ki, bu müsahibələrin təcrübəsi bizim cəmiyyət üçün də faydalı olar. Hələlik reaksiyalar ədəbi mühit səviyyəsindədir. Yazı adamları, dost-tanışlar maraqlanırlar. Bunun davamı kimi, “Nyu Yorker hekayələri” adlı bir layihə düşünürəm. Yəqin ki, gələn il üçün. Bu kitab “Nyu Yorker” jurnalında son 50 ildə çap olunmuş  ən yaxşı hekayələrindən seçmələr olacaq.
  •  Bəs bu il ərzində yaradıcılıqla bağlı başqa hansı yeniliklər gözlənilir?
  •  Bir neçə təklif almışam, amma dəqiqləşməyib. Silsilə mühazirələr təklifi var. Ayda iki dəfə kino, sənət, ədəbiyyat, müasir incəsənət – bunların qarışığından təlimlərarası metodla interaktiv mühazirələrə başlayacam, yəqin ki, mart ayından.  Şeir kitabımı çap etdirmək istəyirdim, tərəddüdlərim var, tam ürəyimcə deyil. Fikirləşirdim ki, doğum günüm ərəfəsində bütün şeirlərimdən ibarət bir kitab çap etdirim. Maraqlananlar, soruşanlar olur, sonuncu şeir kitabım 2011-ci ildə çıxıb. Sonra düşündüm ki, yalandan yubiley tədbirləri janrında nəsə eləməyin mənası yoxdur. Hələlik ertələmişəm. Dissertasiyamın yarıdan çoxunu yazmışam, istəyirəm onu da kitab şəklində çap etdirim. Hələlik belə.

  •  Son vaxtlar deyirlər ki, Qismət ədəbiyyatdan uzaqlaşıb, daha çox tərcümə, esseistika, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslıq üzərində fokuslanıb. Ən azından statistik olaraq bu belədir. Bu fikirlə razısanmı?
  • Son 15 ildir şeir oxumadığım bir gün belə olmayıb. Hər gün xırda da olsa nəsə qaralayıram, redaktə edirəm, ideyaları sahmana salıram. Çoxdandır heç yerdə çap olunmayan şeirlərdən ibarət bir şeir kitabı üzərində işləyirəm, kitabda həm bizim ədəbiyyatda analogiyası olmayan yeni poetik formalardan istifadə edilib, həm də kitabın bütövlükdə vahid bir konsepsiyası var, bir də kitabın girişində poeziya ilə bağlı manifest xarakterli geniş bir esse, bir növ öz poetikamın konturlarını ifadə etməyə çalışmışam.  Hələlik bundan artığını demək istəmirəm. Qaldı ədəbiyyatdan uzaqlaşmaq məsələsinə, esselər yazmaq, tərcümələr etmək ədəbiyyatdan uzaqlaşmaqdır ki?! Facebookda canlı yayım açıb, “indi şeir yazmağa başlayıram, gəlin birlikdə tərcümə edək” deyim? Endi Vorholun məşhur frazasında olduğu kimi, hamının bir dəqiqəlik məşhurlaşdığı indiki onlayn erada get-gedə, deyəsən, adamlar istəyir ki, hər şey gözlərinin qabağında baş versin, amma bu belə yaranmır. Bu cür fikirlərin yaranması onu göstərir ki, dünya haqqında təsəvvürlərimiz binar ziddiyyətlərin məngənəsindədir. Bir addım da qabağa.

  •  Səncə, yazdıqlarının səni qane etməməsi mətnlərlə çox işləməyinlə bağlıdır?
  • Ola bilər. Camal Sürəyyanın məşhur sözü var: “Şairin tərcüməylə məşğul olması mayadan yeməkdir”. Amma eyni zamanda nə özümü, nə də insanları ürəyimcə olmayan şeylə aldatmaq istəyirəm. Bizdə dürüstlüyü çox vaxt başqasına qarşı birbaşalıq kimi başa düşürlər, amma müəllifin özünə qarşı səmimiliyini, dürüstlüyünü yaddan çıxarırlar. Adam gərək özünü aldatmasın, onda başqasının da qədrini biləcəksən. Uğur qazanmış əsərlər, bəzi istisnalar olmaqla, çox uzun əziyyətlər, eləcə də münasibətlər, əlaqələr hesabına başa gəlir. Düşünürəm ki, cəmiyyətə ötürüləsi informasiyalar, mesajlar, impulslar var, nə qədər ki enerjim var, onları ötürməyə çalışıram.
  •   Sən daima hədsiz enerji ilə, həvəslə çalışan, öz üzərində işləyən biri kimi tanınırsan. Adətən yaradıcı insanlar oxucu diqqətindən kənarda qalanda həvəsdən düşürlər.  Bu baxımdan səndə eyni hal yaşanıbmı?
  • Əvvəllər daha çox olurdu.  10 il bundan qabaq çox xırda, əhəmiyyətsiz şeylərə belə aşırı reaksiyalar verirdim. Amma sonra anladım ki, üçüncü dünya ölkələrinin hamısında aşağı-yuxarı eyni problemlər var. Ona görə də ümidsizlik çıxış yolu deyil. Bir də ki, mənim ədəbiyyatdan başqa həyatım,  işim yoxdur. Həyatı mənalandırmağın, həyatdan ləzət almağın bundan başqa yolunu bilmirəm. Ona görə də indi çox şeyə soyuqqanlı yanaşmağa çalışıram. 10-15 il əvvələ nisbətdə indi görürük ki, müəyyən kitab şəbəkələri var, adamlar gəlib kitab evlərində otururlar, kitabla eyni məkanı bölüşürlər. Əvvəllər book-kafelər yox, podvallar dəb idi. İndi isə yavaş-yavaş kitab olan yerlərə öyrəşməyə başlayıblar, sadəcə bu, hələlik həyat vərdişimizə çevrilməyib.  Bir də ki, gərək məşğul olduğun ədəbiyyatın tipologiyasını sağlam qiymətləndirə biləsən. Mənim devizim həmişə belə olub: ehtimal edilən oxucu üçün… Bilirəm ki, yazdığım, yazmağa çalışdığım, təqdir etdiyim ədəbi istiqamətin oxucusu bizim kültürdə heç vaxt böyük tirajlara çatmayacaq. Tutaq ki, Kalvinonu tərcümə etmişəm, bilirəm ki, Kalvinonun heç sağlığında və öz ölkəsində normal oxucusu olmayıb, o ki qaldı bizdə ola. Ona görə də daha belə məsələləri özümə dərd eləmirəm. Dünyada o qədər yazıçı var ki, həyatları ağır keçib, içiblər, haldan-hala düşüblər, amma cəmiyyətin qabağına ədəbiyyatçı kimliyi ilə çıxanda “butulka”larını özləriylə götürməyiblər. Amma biz səmimiyyət adı qoyub oxucunun qabağına “butulka”yla, “anekdot”la çıxmaq istəyirik. Məncə, son 15 ildə təbii yolla ədəbiyyat bu cür adamları təmizlədi, öz yerlərinə qaytardı, artıq universitet tələbəsi belə, kimin şouyla, kimin ciddi ədəbiyyatla məşğul olduğunu ayırd edə bilir.
  • Bu yaxınlarda yazmışdın ki, yaxında bizim bildiyimiz insan anlayışı, eləcə də müxtəlif dəyərlər sistemi dəyişəcək. Və bu dəyişmə prosesində biz də iştirak etməliyik, yoxsa tarixin yanlış tərəfində dayanacağıq. Səncə, biz lap əvvəldən tarixin yanlış tərəfində dayanmamışıqmı və bu proseslərin içindən tarixin düzgün tərəfinə necə keçə bilərik?
  • Bəli,  bizim bugünkü müzakirələrimiz, söhbətlərimiz dünyada ötən əsrin 70-ci illərində gedirdi. Həmin illərdə qabaqcıl ölkələrdə bugünkü texnoloji inqilabların özülü qoyulurdu. Bu gün dünyada yeni bir paradiqma dəyişikliyi baş verir. Din, ailə, sevgi, incəsənət, siyasət, təbiət və s. haqqında ənənəvi fikirlər laxlayır, yeni suallar ortaya çıxır. Bu söhbətlərdə aktiv mövqedə ola bilməsək, qaçılmaz şəkildə onlardan xəbərdar olmalıyıq, maraqlanmalıyıq. Çünki əgər möcüzəvi nəsə baş verməsə, yəqin ki, hamımız bu əsrin içində ömrümüzü başa vuracağıq, övladlarımız bu əsrdə böyüyücək. Ona görə də ən azından müşahidəçi, istifadəçi səviyyəsində bu mərhələdə iştirak edə bilərik. Görünür, eyni zamanda bir neçə işi görmək alın yazımızdır: həm yarımçıq proyektləri tamamlamalı, həm də təzə ilə maraqlanmalıyıq.

Dünya ədəbi prosesində yeni tendensiyalar, xüsusilə metamodernizm və onu doğuran səbəblər, əsas xüsusiyyətləri  barəsində danışaq.

Metamodernizm dünya ədəbi tendensiyaları içərisində son illər ortaya atılan və nisbətən reaksiya doğuran ədəbi axındır. Məsələn, bir neçə il qabaq Alan Kirbi diji-modernizm adında bir termin ortaya atmışdı, tutmadı. Metamodernizmi bir az açmağa çalışaq.  2010-cu ildə iki gənc hollandiyalı kulturoloq, nəzəriyyəçi – Timotey Vermyulen və Robin van den Akker yazdıqları “Metamodernizm haqqında qeydlər” essesi qısa zamanda məşhurlaşdı, xeyli reaksiya doğurdu. Sonra Lyuk Törner “Metamodernist manifesti” yazıb çap etdirdi. Bəs nədir bu metamodernizm? Əvvəlcə terminin əvvəlindəki “meta” ön şəkilçisinə baxaq, Törner yazır ki, bu, Platonun “metaksis” anlayışından götürülüb və mənası “eyni anda həm real, həm də virtual dünyaya aid olan” – deməkdir. Bu, fizikada oskilasiya, yəni rəqs, yırğalanma deyilən prosesə vurğu salmaq üçündür, metamodernistlər üçün əks qütblər arasındakı get-gəl, yırğalanma önəmlidir. Bunu izah etməyə çalışaq, tutaq ki, həm sosial şəbəkələrdə çox vaxt keçiririk, texnologiyanın informasiyanı bu qədər əlçatan etməsini təqdir edirik, həm də reallıqdan bu qədər uzaqlaşmağı, virtual dünyada ikiləşməni, texnologiyanın bizdə yaratdığı asılılığın fəsadlarını da bilirik. Həyatdakı nələrəsə çox ciddi yanaşırıq, amma sonra həmin şeyin belə mütləq olmadığını görüb ironiya edirik. Metamodernistlər deyir ki, əgər baxış bucağımızı şərti olaraq quş baxışı etsək, onda görəcəyik nə modernistlər ideoloji saflığını, mütləq ciddiyyətini, nə də onun nikahdənkənar övladı olan postmodernizmin sinikliyini, hər şeyə ironiya etməsini ehkam saymaq olmaz, çünki yuxarıdan baxanda, hər şey qütblər arasındakı yırğalanmadır, yəni əsas məsələ elə təbiətdəki prosesin özüdür, hərəkətin dinamikasıdır. Bu, sintez deyil, metamodernizm qütbləri birləşdirmək iddiası ilə çıxış etmir. Sadəcə olaraq, onların hərəkətdə olan varlıqlarının ikisini birdən qəbul edir, çünki yaradılış, həyatın təbii ritmi belədir: nostalgiyaya qapılırıq, indiki zaman ayağımızdan çəkib bizi gələcəyə tərəf atır, gələcəklə maraqlanırıq, bu dəfə də keçmiş indiyəcən nəzərdən qaçırdığımız tərəfləriylə bizə göz vurur. Ona görə metamodernistlər deyirlər ki, bizə irəli hərəkət etməli, eyni zamanda yırğalanmalıyıq. Metamodernistlər deyirlər ki, postmodernizmin hər şeyə ironiya etməsi, şübhəylə yanaşması artıq nəticə vermir, axı dünya dəyişir, elm inkişaf edir, onların fikrincə, ironiya və pastiş erası sona çatır. İndi məsuliyyət, duyğulara nüfuz etmək və hekayələr danışmaq zamanıdır.  Lyuk Törner deyir ki, metamodern həssaslıq Ves Andersonun, Miranda Culayın, Spayk Conzun filmlərində, Zeydi Smitin, Roberto Bolanonun romanlarında, Sofi Kollinsin, Melinda Broderin şeirlərində var. Mənim fikrimcə, metamodernistlərin dedikləri meyilləri Kazuo İşuquronun, Deyvid Eqqersin əsərlərində də görə bilərik. 

Bəs sənin üçün hansı daha yaxşıdır, postmodernizm, yoxsa metamodernizm?

Bu, rəfdən kitab seçmək qədər asan məsələ deyil. Gəl mən də elə metamodernist dünyagörüşündən faydalanıb belə cavab verim: mənim üçün hamısının kökündə olan, eyni görünsə də, əslində, fərqli olan minsifətli modernizm maraqlıdır.   

Səncə, IV Sənaye inqilabının baş verdiyi, kosmosa maşın göndərən XXI əsr insanına ədəbiyyat lazımdırmı və o, hansı funksiyaları yerinə yetirməlidir?

Məncə, həmişə lazımdır. Fikrimcə, ədəbiyyatın öz müstəqilliyini elan etdiyi dövrdən bəri bütün epoxalarda əhali sayı nisbətində insanlar ədəbiyyatla təxminən eyni qədər maraqlanıblar. İndi əhalinin sayının artmasına baxmayaraq, yenə də vəziyyət eynidir. Bu seriallar dövründə də belə idi, radio dövründə də. Həmişə texnologiya bizə həm yardımçı olub, həm də bizi kitabdan yayındırıb.  İndi həmin vasitələr həddindən artıq çoxdur. Amma yenə də ədəbiyyatla maraqlananların sayı azalmayıb. Azalsaydı kitab evləri, nəşriyyatlar, ədəbiyyat fakültələri olmazdı. Məncə, dənizin qabarıb-çəkilməsi kimi zaman-zaman artıb-azalma olsa da, ümumən insanların içində ədəbiyyata, incəsənətə ümid var. Mənim üçün ədəbiyyat şeirdən, romandan, hekayədən və s. janrlardan ibarət yazı sənətindən daha artığıdır. Mənim başa düşdüyüm və böyük hərflə başlayan Ədəbiyyat – içində bütün incəsənət sahələrinin mayalandığı, kök atdığı daha böyük konteksti ifadə edir. Ədəbiyyat bu əsrdə əsas funksiyasına sadiq qalacaq: bizə kim olduğumuzu xatırladacaq.

Cahan Seyidzadə