Şəfiqə Şəfadan yeni şeirlər

Çiynim daha daşımır ağırlığı
Saçlarımın hər telinə yük düşür,
Yorulmuşam, kürəyimin ucundan
Güvəndiyim dayağı da çək, düşür.

Nə uzaqmış yanımdakı yaxınlar
Qollarımın min ağaclıq yolu var,
Selə düşdük, lilə düşdük axında
Qismətimə bogulmaq da tək düşür.

Yönüm sənə, bəri boylan, ay adam
Hal qoydunmu həsrətinə dayanam?
Daş çatladı, yel sovurdu qayadan
Sənə səbr, ay bəxtəvər bərk düşüb.

**

İsanın şam ağacı altında doğulduğu gecə
Mənim yuxumun ərşə çəkilib,
Ciyərlərimin bir tutam nəfəsə
boğulduğu gecə oldu.
O gecə Məryəm ağrıdan,
Mən darlıqdan qıvrıldım.
Mən ki Məryəm deyiləm,
Nə də bir qocaya pənah aparmış qar qız…
Daha neçə qadını şam ağacına möhtac edəcəksən, ilahi?!
Soyuq gecələrdə təkbaşına doğan məryəmlərdi – tərk edilmiş qar qızları,
Çarəsizlikdən ya görünən,
ya da görünməz babalara sığınıblar…

**

Bu qədər xoşbəxtliyi neynirdim axı
İlin-günün bu vaxtında?
Yaşımın məğlub çağında…
Güclə sığdıra bildim
Nə savaşlardan çıxmış
uçuq-sökük dar qəlbimə
gen gəldi…
Gün gəldi
köhnə çatlardan sıza-sıza
daşıb sel oldu,
Qonşunu xoşbəxtlik basdı…
İndi necə təmir edim
evi yıxılmış qəlbimi
hisslərin baha vaxtında?..

**

Nigaranam aylardı…
Bir xəbər tuta bilsəm,
Əhvalını soruşub
bircə bilim necəsən?
Daha dözə bilmirəm,
Qırılıb könül tağı
Kimdən səni soruşum,
Kimdən alım sorağı?!
Düyünlənib köksümdə
sənsizliyə dolanmış
acı həsrət yumağı.
Tək bircə xoş xəbərin
gözlərimi saraltmış
qəm pasını axıdar.
Gilavara qarışıb
görüşə gələn ətrin
üzümə sığal çəkər,
ürəyimi ovudar…
Hər kəsdən nagümanam,
Hələ də pusqudadı
bizi düşmən edənlər!
Barı özün xəbər ver,
Özün bitir həsrəti!
Getmisən, burdasanmı?
Yer-yurdunu de hələ,
Ölmüsən, qalmısanmı?
Ay adam, bir səs elə!
Bu qədər çəkməz axı
insan səbri sınağı!..

**

Sıxsan ürəyimi
Bir damcı sevgi çıxmaz,
Çoxdan quruyub ayrılığın ipində…
Özün sancaqlamışdın
qurusun ürəyimdən
İndi sər bir tərəfə,
Ütü çək üzərindən.
Ən azından bunu et,
Ərinmə toplamağa.
Axı küləklər adətkardı
ipdə unudulanı
qoparıb uçurmağa…