“Şərikli çörək” filmi haqqında maraqlı faktlar

Epiloq.az “Şərikli çörək” filmi haqqında maraqlı faktları təqdim edir.

Müharibəni müharibəsiz göstərən, arxa cəbhəni uşaqların gözündən nümayiş etdirən “Şərikli çörək” filmi 1969-cu ildə ekranlaşdırılıb. Rejissoru Şamil Mahmudbəyov, ssenari müəllifi Alla Axundova, bəstəkarı Vasif Adıgözəlovdur.
Baş rollarda Kamran Rəcəbli, Tuna Namazova, Fazil Salayev, Ağahüseyn Cavadov və digərləri çəkilib.

Filmə görə rejissor Şamil Mahmudbəyov və ssenari müəllifi Alla Axundova dövlət mükafatına layiq görülüblər. Film İtaliyada da bəyənilir, hətta oradan Fazil Salayevə dəvət gəlibmiş.




Hadisələr 1945-ci ilin mayında baş verir. Filmin çəkilişləri “Böyük qala” küçəsində, kinostudiyanın pavilyonunda, “Kubinkada” və Nalçik şəhərində baş tutub. Filmin çəkildiyi həyət isə “Səadət sarayı”nın yanında yerləşir. Burada “Bizim Cəbiş müəllim”, “Gecə qatarında qətl” və sair filmlər çəkilib.
Buradakı tipik bakılı obrazını canlandıran Novruzu Əliheydər Həsənzadə canlandırıb.


“Quba meydanı” səhnəsi “Kubinka”da lentə alınıb. Vaqifin İsmayıl baba ilə bazara gəlməsi, Genanın orada toyuq satması, Vaqifin su satan uşaqla davası da oradadır.


Filmdə uşaqların çörək həsrəti, çörək talonları ilə növbədə gözləməsi ən dramatik səhnələrdəndir. Çörək dükanının təsvir olunduğu yer rejissor Şamil Mahmudbəyov tərəfindən təsadüfi seçilməmişdi. Həmin yerlə üzbəüz, həqiqətən də çörək dükanı vardı. İnsanların növbəyə dayandığı yer “Böyük qala” küçəsi idi. Sənətkar Yusif Vəliyevin qəhrəmanı çörəkçi ilə insanların dialoq səhnəsi pavilyonda lentə alınıb. Vaqifə növbə çatmamış ekranlarda titrək bir əl görünür. O əl məhz rejissor Şamil Mahmudbəyovun əlidir. İstədiyi kadrı tutmaq üçün rejissor bu epizodda öz əlini çəkmişdi. Vaqifin talonları itirdiyi vaxt qaçaraq var-gəl etdiyi yer isə Sabir bağıdır. Filmdəki məscid məhz İçərişəhərin girəcəyindəki məscid idi.

Filmdə uşaqlarla bağlı səhnə təbii olsun deyə xəbərsiz çəkilirdi. Tuna Namazovanın ayağına rəsm çəkməsi öz ideyası idi. O qız rəssamlıq məktəbində oxuyurdu, özü də rusdilli idi. Həmin səhnədə əslində, parçadan gəlincik düzəldilməli idi. Birdən qız dedi ki, “mən çox yaxşı şəkil çəkirəm, hətta dizimə də”. Rejissor dedi göstər. O da yaylığı ayağına bağladı, dizində göz-qaş çəkdi. Krantın başına da yaylıq bağlaması öz ideyası idi.



Qırçı Məhəmmədlə Vaqifin nahar fasiləsi zamanı səslənən musiqi Bülbülün səsidir.



Filmdəki ən maraqlı personajlardan biri Əliağa Ağayevin canlandırdığı fokus göstərən kişidir.



Hamıdan gizlində yemək yeyən Xosrov Mamayev (Əşrəf) aktyor, rejissor Əşrəf Mamayevin oğlu idi. 



Bu filmdəki kadrların bəziləri gizli kamera ilə çəkilmişdi. Uşaqlar söhbət edirdi, oynayırdı, rejissor isə özünə lazım olan kadrı tuturdu. Şamil Mahmudbəyov təbiiliyi qorumaq üçün uşaqlara başa salırdı ki, burada yıxılacaqsan, birdən də deyirdi qardaşın öldü, atana güllə dəydi və s. Uşaq da başlayırdı ağlamağa.




Vaqif rolunun ifaçısı Kamran Rəcəbli hazırda ABŞ-da yaşayır.

“Şərikli çörək” hələ də müharibəni şəhər həyatı ilə göstərən ən yaxşı filmlərdəndir.

Hazırladı: Dəniz Pənahova