Şopenhauerdən həyat haqqında 17 unudulmaz AFORİZM

Epiloq.az görkəmli alman filosofu Artur Şopenhauerin (1788-1860) həyat haqqında 17 unudulmaz aforizmini təqdim edir.

  1. Axmaqlar üçün yazanların oxucusu bol olur.
  2. Həyat, əzab və darıxmaq arasında var-gəl etməkdir.
  3. Xoşbəxtlik özü-özünə yetməkdir.
  4. Bu dünyaya xoşbəxt olmaq üçün gəldiyimizi bizə kim demişdi axı?!
  5. Kirpilər soyuq qış gecələrində qızınmaq üçün bir-birlərinə yaxınlaşırlar. Nəfəsləri və bədənləri ilə qızınırlar. Donmuş halda anlamırlar, amma bir az sonra hiss edirlər ki, tikanları bir-birini yaralayır. Onda uzaqlaşır kirpilər. Elə olanda da şaxtadan, soyuqdan üşüməyə başlayırlar. Yenidən yaxınlaşırlar. Tikanlar yenidən incitməyə başlayır. Kirpilər ən uyğun məsafəni tapana qədər yerlərini beləcə dəyişirlər. Axırda elə bir məsafə tapırlar ki, həm qızına bilsinlər, həm də tikanlar onları yaralamasın. İnsanlar da belədir.
  6. Biz bu dünyaya həyatdan dad almaq üçün yox, ona sinə gərmək, onu yaşayıb qurtarmaq üçün gəlmişik.
  7. Mənim fəlsəfəm bəlkə də insanlara heç nə qazandırmır, amma onları böyük təhlükələrdən qoruyur.
  8. Hər uşaq bir tərəfdən dahi, hər dahi bir tərəfdən uşaqdır.
  9. Bu dünyanı Tanrı yaradıbsa onun yerində olmaq istəməzdim. Çünki dünyanın səfilliyi ürəyimi parçalayır. Tanrıya bu sözləri hayqırmaq bizim haqqımızdır: “Bu qədər ümidsizliyi, bədbəxtliyi üstümüzə püskürdərək heçliyin sükutunu niyə pozdun, axı?”.
  10. Ürəyin fərəhi ancaq və ancaq tənhalıqdadır.
  11. Həyatın ilk əlli ili mətndir, qalanı isə şərh.
  12. Evlənmək hüquqları ikiyə bölmək, vəzifələri isə ikiyə vurmaq deməkdir.
  13. Həqiqət hər yetənin boynuna sarılan fahişə deyil, həqiqət o qədər ürkək bir gözəldir. Onun üçün hər şeyini qurban versən belə sevgisindən əmin ola bilməzsən.
  14. Qəbirdə bədənimi qurd-quşun yeyəcəyi məni qorxutmur, amma fəlsəfə professorlarının fəlsəfəmi gəmirməsi içimi titrədir.
  15. Böyük əzablar əhəmiyyətsiz dərdlərin insanı incitməsinin qarşısını alır və böyük əzabların yoxluğunda ən xırda dərdlər belə bizə böyük ağrı verir.
  16. İkiayaqlı heyvanların söhbətinə qulaq asmaqdansa susmaq yaxşıdır.
  17. Bəşər övladı məndən heç zaman unutmayacağı bir neçə şey öyrənib.