Şuşa ingilis jurnalistin gözü ilə – AĞDAM SAĞLIQLARI

Epiloq.Az Böyük Britaniyalı jurnalist Tomas de Vaalın “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabının “İtirilmiş istehkam – Şuşa” fəslini ixtisarla təqdim edir.


Yürüşümüzün son nöqtəsi 1887-ci ildə tikilmiş Kazançetsots kilsəsi oldu, bu kilsə dünyada ən böyük erməni kilsələrindən biri idi və erməni burjuaziyasının Şuşada çiçəklənməsinin rəmzi idi. Sovet dövründə kilsə bağlanmışdı və yalnız 1992-ci ildən sonra fəaliyyətinə davam etdi. İndi ağ daşla üzlənmiş və xarabalıqlar arasından iftixarla ucalan kilsə əvvəlki məsum ağlığı ilə parıldayır. Məbədin içi əks-səda verirdi və simasız idi. Öz uzun qara əbasında zəhmli görünən arxiyepiskop Parkev xorun divarlarda əks-səda verən ifası altında erməni liturgiyasını keçirirdi. Azərbaycanla savaşda və Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad etdikdən və bu son xeyir-dua mərasimindən sonra hamı Stepanakertin futbol stadionunda təşkil edilmiş pop-konsertə gedə bilərdi. Şuşanı “Qarabağın Qüdsü” adlandırırdılar. Şəhərin əhəmiyyəti təkcə anklavın düz ortasında yerləşən strateji mövqeli istehkamda deyil, həmçinin qədim tarixindədir. Şuşanı Azərbaycanın musiqi və poeziya mədəniyyətinin beşiyi adlandırırlar, burada Vaqif və Natəvan kimi şairlər yaşayıb, yaradıblar. 1992-ci ildə Şuşanın itirilməsi Azərbaycanın mədəni həyatı üçün sarsıdıcı zərbə oldu. Bir Bakı ziyalısı mənə dedi: “Bizə bu xəbər çatanda, mən və bir çox dostlarım hönkürtü ilə ağladıq.

Qarabağ ermənilərinin başçısı Arkadi Qukasyan deyir ki, ədalətli sülh sazişi imzalanarsa, o, azərbaycanlıların Şuşaya qayıtmasına etiraz etməz, lakin həmin an əlavə edir ki, praktikada belə şey qeyri-mümkündür. 2001-ci il martın 30-da verdiyi müsahibədə o demişdi: “Biz inanırıq ki, milliyyətindən asılı olmayaraq qaçqınlar öz evlərinə qayıtmaq hüququna malikdirlər. Bu həm erməni, həm də azərbaycanlı qaçqınlarına aiddir. Etibarlı sülh olmadan, müharibənin yenidən başlama riski olduğu vaxt qaçqınlar bunu istəyəcəklərmi? Bu, başqa məsələdir”. Qələbə Gününün axşamı məni Stepanakertə nahara dəvət etdilər. Şəhərin mərkəzindəki ikimərtəbəli evdə Qarabağ erməni icmasının bütün təbəqələrinin nümayəndələri toplaşmışdı. Qadınlar uzun masanın bir tərəfində, mətbəxə yaxın yerdə, kişilər isə digər tərəfdə əyləşmişdilər. Masanın üzərində tərxun və reyhan dəstələri var idi, yeməyə ovlanmış maral və dovşan əti verildi.

Bu ermənilər Ermənistan ermənilərindən kəskin surətdə fərqlənirdilər. Qarabağ erməniləri öz qonaqpərvərliyi və içkiyə meyli ilə tanınan dağ adamlarıdır. Onlar düzənlikdə məskunlaşan ermənilərə ehtiyatla yanaşırlar, ermənistanlılar isə öz növbələrində onları tez-tez dikbaşlıqlarına görə “eşşək” adlandırırlar. Düzən erməniləri onların kobud Qarabağ dialektini çətinliklə anlayır, bu dialektdə vurğu sözün sonuna yaxın düşür, fars, türk və rus dillərinin böyük təsiri hiss olunur. Şam yeməyində bir çox qonaqlar rus dilində danışırdılar, bu vərdiş onlara uzun illər sovet Azərbaycanında yaşadıqları müddətdə və Rusiya ilə ənənəvi əlaqələr nəticəsində keçmişdi. Stepanakertdə mənə bir nəfər dedi: “Biz qarabağlıların ermənilərdən zəhləsi gedir. Biz rusları və farsları sevirik, ermənilərə isə nifrət edirik”. Bu, bəlkə də zarafat idi, lakin bu zarafatda bir həqiqət vardır.

Ermənilər arasında belə bir fikir yayılıb ki, Qarabağ sığınacaq yeri və Şərqin qarşısında son dayaqdır. Bu, Böyük Britaniyada şotlandların ənənələrinə bənzər olaraq, qarabağlılar arasında hərbçilik ənənəsinə təkan verdi. Sovet İttifaqının iki marşalı, bir neçə Sovet İttifaqı Qəhrəmanı, o cümlədən Nelson Stepanyan, və hətta Qarabağın dənizi olmasa belə sovet admiralı İvan (Hovanes) İsakov burada dünyaya gəliblər. Uzaq keçmişdə Qarabağ Napoleona qarşı döyüşən çar generalı Valerian Mədətovu və Napoleonun qulluqçusu olmuş Rüstəmi bəxş edib.

Qarabağlılar öz şanlı hərbi adətlərinin pərəstişinə o qədər aludə olublar ki, Napoleon ordusunun böyük marşalı və Neapol kralı Yoahim Muratı öz yerliləri ediblər. Muratın guya əslən erməni olması və Qarabağın Kərkicahan kəndində doğulması haqqında rəvayəti mənə dəfələrlə danışıblar. Lakin bu, əfsanədir. Muratın bioqrafları yazırlar ki, o, əslində mərkəzi fransız əyaləti Giyendən olan karvansara sahibinin oğludur. Məşhur Qafqaz romanı “Əli və Nino”nun müəllifi Qurban Səid bura məndən əvvəl səfər edib. Onun qəhrəmanı 1914-cü ildə Şuşaya gəlir və öz müşahidələri ilə belə bölüşür: “(yerli əyanlar)bütün gün uzunu evlərinin kandarındakı pilləkən üstündə əyləşib, tənbəki çəkə-çəkə bir-birlərinə Qarabağ generallarının dəfələrlə Rusiya İmperiyasını və çarın özünü xilas etdiklərindən danışırlar və deyirlər ki, əgər onların müdafiəsi başqalarına tapşırılsaydı, taleləri qorxulu olardı

 Qələbə Günü münasibətilə açılmış masada mənim sağ tərəfimdə qartal burun, çal bakenbardlı qoca əyləşmişdi. O mənə danışdı ki, artıq yetmiş ildir ki, bu şəhərdə yaşayır, o vaxtlar bura kiçik kənd olub. Mən cavab verdim ki, yəqin, o bu müddətdə təsəvvür edilməz dəyişikliklərin şahidi olub. “Ən əsası dəyişən odur ki, qoca lakonik dedi, əvvəllər burada çoxlu azərbaycanlı yaşayırdı, indi isə onlar yoxdur.” Yeməyin ortasında mənim yanımda əyləşən kişi ayağa qalxıb, əlində bir qədəh, yerli yandıran, lakin şirin tut arağı tutub tost dedi. Mənə görə o, əvvəlcə rus dilində başladı, sonra kobud Qarabağ dialektinə, daha sonra təəccübümə səbəb olan ahənglə yayılan dilə Azərbaycan dilinə keçdi. Mən bir neçə dəfə təkrar olunan “Ağdam” sözünü tuta bildim və belə qənaətə gəldim ki, o, sovet vaxtı Ağdam şəhər partiya komitəsinə getməyi barədə məzəli hekayə danışır. O danışan zaman süfrə arxasındakı Azərbaycan dilini səlis bilən qocalar gözləri yaşarana qədər gülürdülər. Bir kəlmə belə başa düşməyən cavanlar isə yalnız bir-birlərinə baxıb pərt halda gülümsəyirdilər.

1824-cü ildə Hindistandan İngiltərəyə qayıdan Albemarl qrafı Corc Keppel yolüstü İrandan bura gəlmiş və “münbit Qarabağ əyalətinin qara və əlçatmaz dağlarından” keçib getmişdir. “Şişa” onda böyük təəssürat yaratmışdı. “Şəhər hündür qayalı dağların yamacında tikilib. Yamac o qədər dikdir ki, sanki evlər oradan quş qəfəsləri kimi asılıb. Mən zirvəyə çatana kimi iki saat yuxarı qalxmışam”.

 Keppelə görə, şəhərdə iki min ev var idi. Şəhər əhalisinin dörddə üçünü azərbaycanlılar, dörddə birini ermənilər təşkil edirmiş: “Dilləri türk dilinin dialektidir, lakin ermənilərdən başqa, yerli sakinlər, əsasən fars dilində oxuyub yazırlar. Ticarətlə əsasən ermənilər məşğul olurlar, onlar Şəki, Naxçıvan, Xoy və Təbriz şəhərləri ilə ticarət edirlər.
 
1992-ci ildə şəhərə girən ermənilər intiqam almaq üçün Şuşada anadan olan üç azərbaycanlı musiqiçinin və şairin tunc büstlərini söküb satdılar. Bu heykəllər yalnız möcüzə nəticəsində itirilməmişdi bu dəfə onları Tiflisdə metal qırıntılarının alveri ilə məşğul bir şəxs xilas etmişdi. Mən bu üç bürünc büstü pis vəziyyətdə güllə izləri içində Bakıdakı Qırmızı Xaç komitəsinin həyətində görmüşəm: əlində kitab tutan başı örtülü şairə Natəvanın baş barmağı yox idi, ikibortlu pencək geyinmiş bəstəkar Hacıbəyovun büstü güllələrlə deşilmişdi və eynəyi sındırılmışdı, məşhur müğənni Bülbülün büstünün tunc alnı qabarmışdı. Əgər bir neçə cəsur erməni səy göstərməsəydi, itkilər daha böyük olardı. Erməni rəssamı Mher Qabrielyan mənə 1992-ci il mayın 9-da səhər öz doğma şəhərinə qayıdanda vandal və talançıların şəhəri necə dağıtdıqlarından danışdı. Mher və onun bir neçə dostu XIX əsrə aid şəhər məscidlərindən birinin önündə dayanıb, onu BTR-dən güllələməyə hazırlaşan cavanlardan qorumuşlar. Onlar şəhər muzeyində barrikada düzəldib, xalça, qazan və rəsmlərin oğurlanmasının qarşısını almaq üçün bir neçə gün orada gecələyiblər.

Əsasən azərbaycanlıların yaşadığı Şuşada erməni azlığının nümayəndəsi olan Mherin çoxlu azərbaycanlı dostları var idi. O inandırırdı ki, Şuşanın məhvi azərbaycanlıları kədərləndirdiyi kimi, onu da kədərləndirmişdir. “Bilirəm ki, bu onlar üçün böyük dərddir, bizim üçün də bu, belədir. Şəxsən mən özümü bu şəhərdə qalib hesab etmirəm. Ona görə ki şəhər indi ölüdür”. İnanmıram ki, Şuşa nə vaxtsa əvvəlki əzəmətini qaytara bilsin.
2000-ci ildə, o, faktiki olaraq kabus şəhər idi. Onun iki minlik əhalisinin əksər hissəsini qaçqınlar təşkil edir. Yaşamağa yalnız başqa yerləri olmadığından onlar bura gəliblər. Mən onların gözündə yoxsulluq gördüm. Salamat qalmış, lakin boşalmış yuxarı məscid yaxınlığında mən Dağlıq Qarabağda olduğum müddət ərzində birinci dəfə dilənçi gördüm: iki uşaq sədəqə istəyərək məndən əl çəkmirdilər.
Arxiyepiskop Parkev özünü Şuşaya həsr edən yeganə məşhur erməni oldu. O, burada 1992-ci ildə şəhər alınandan bir neçə gün sonra məskunlaşdı və dərhal şəhər kilsələrinin bərpası üçün vəsait toplamağa başladı. Lakin görünür, Şuşanı bərpa etmək həvəsini onunla paylaşan azdır.
“Əgər biz onlar üçün iş tapsaydıq, çoxları bura qayıdardı, Parkev mənə dedi. – Biz çay ticarətini və zərgərlik işini artıq açmışıq. 30-40 iş yeri açmağa imkan verən mürəbbə istehsalına da başlamaq üçün təklif var. Lakin binaların bərpası üçün bizə vəsait lazımdır”. Biz onun Şuşadakı iş otağında oturmuşduq. Arxiyepiskopun iti və ağıllı gözləri, temperamentli nitqi və quşların yuva sala biləcəyi qara şələ saqqalı var idi. Qarabağda onu sadə insanları siyasətçilərin qarşısında təmsil edə bilən nüfuzlu şəxsiyyət kimi tanıyırlar. Deyəsən, o, bölgənin dini rəhbəri olmaqla bərabər, Şuşada kiçik biznesin inkişafı ilə də məşğuldur.

 Arxiyepiskopun danışdıqlarına görə, ermənilər üçün xristianlıq dini əqidədən daha çox, milli kimliyin və itaətsizliyin kollektiv rəmzi olub. Parkev həmişə hadisələrin mərkəzində olub. O, bir dəfə 1991-ci ilin noyabr gecələrinin birində Stepanakertdə öz yataq otağına necə girdiyi barədə danışırdı. Bir neçə dəqiqə sonra Şuşadan atılan raket onun yenicə çıxdığı otağa düşüb hər şeyi yandırmışdı.
Parkev danışırdı ki, 1992-ci il mayın 8-i axşam ermənilərin Şuşa qalasına birinci hücumu baş tutmayanda, o, problemin məğzini tapıb, həll yolunu göstərmişdi. Onun fikrincə, problem Stepanakertin mərkəzi meydanında qoyulmuş Antixrist Leninin heykəlində idi. Mən dedim: “Lenini sökün!” –     tezliklə biz Şuşanı aldıq. Bax belə oldu. Bir neçə saatdan sonra biz artıq şəhərin mərkəzində idik.

Arxiyepiskop Parkev ehtiyatla qeyd etdi ki, o, Şuşa hücumunda özü şəxsən iştirak etməsə də, duaları ilə kömək etmişdi. Lakin tanıdığım bir keşiş bu məsələdə heç bir fərq qoymurdu.

Dörd il əvvəl, 1996-cı ildə mən birinci dəfə Şuşaya gələndə, Parkevlə əyləşdiyim yerin yaxınlığında sanki orta əsrlərdən qalmış həqiqi keşişlə rastlaşdım. Bazar günü səhər idi və mən həmkarımla kiçik Kanaç Jam kilsəsinə ibadətə gəlmişdim. Onun daş divarlarında erməni liturgiyası əks səda verirdi.

Mərasimə hündür, sıx qara saqqallı, aydın parlaq gözlü Koryun ata başçılıq edirdi. İbadətdən sonra Koryun ata bizi yarı dağılmış çox mərtəbəli binadakı mənzilinə dəvət etdi. O, konyak süzüb, bizi oğlu və həyat yoldaşı ilə tanış etdi. Min il əvvəl baş vermiş hadisələri son müharibə ilə qarışdıran Koryun atanın fanatik monoloqu söhbətimizin əsas hissəsini tutdu. Koryun deyirdi ki, Qarabağa gəlməyə bilməzdi, çünki “əcdadların qanı onu bura çəkirdi”. O, təkcə dini ayinləri aparmırdı, o həm də vuruşmuşdu. Danışarkən jestlərdən istifadə edən Koryun mənə dedi: “Mən xaçı öpüb, onu və incili bir kənara qoyurdum. Əbanı çıxarıb, hərbi forma geyinirdim, əlimə silah götürüb döyüşə gedirdim”. Yəqin ki, biz ona təəccüblənmiş kimi görünürdük. Lakin keşiş çəkinmədən izah etdi ki, o, təkcə ruhani deyil, həm də “erməni xalqının oğludur.” “Bütün bizim ərazilər azad olunacaq, o, bildirdi. Xəritəyə baxın! O, barmağı ilə divarda Böyük Ermənistanın xəritəsini göstərdi, xəritədə dənizə çıxışı olmayan müasir Ermənistanın sərhədləri Türkiyə, Gürcüstan və Azərbaycandan keçib üç dənizi birləşdirirdi. Bilmirəm, mənə bunu görmək, ya da oğluma görmək qismət olacaq, ya yox. Lakin bizim işimizi nəvəm başa çatdıracaq.” Dörd il sonra mən arxiyepiskop Parkevdən bu döyüşkən keşiş barədə soruşanda, o, cavabdan yayındı və dedi ki, burada səhv ola bilər. Bəzi keşişlər Cəbhədə əsgərləri xaç suyuna salırdılar və bunun üçün dəbilqələrdən kasa kimi istifadə edirlər, vəssalam. “Ruhaninin silahı onun xaçıdır”, o, bildirdi və fərz etdi ki, bu metaforanı mən həqiqət kimi qəbul etmişəm. Mən təkid etmədim. Arxiyepiskop öz əsgər-keşişindən daha düşüncəli olsa da, eyni amansızlıqla danışırdı. Parkev bildirdi ki, Şuşa/Şuşi qədim erməni şəhəridir. Mən baxımsız qalmış şəhər məscidlərini ona xatırladanda, o, etiraz etdi ki, XIX əsrdə tikilmiş bu məbədlər Azərbaycan məscidləri deyil, çünki – ermənilər təkidlə inandırırlar – o vaxtlar burada azərbaycanlı yox idi. “Bəs onları niyə bərpa etmirlər?” “Biz farslara müraciət etmişik və bərpa işlərini görmək üçün onlara icazə vermişik, – Parkev cavab verdi. Lakin onlar hələ tələsmirlər. Mən azərbaycanlıların Şuşaya qayıdışı məsələlərinə toxunanda, arxiyepiskopun rəngi qaraldı. O dedi ki, şimalda yerləşən Aşağı Qarabağın Çardaqlı kəndində anadan olub, indi isə oradan bütün ermənilər qovulub. “Mənim doğma kəndim indi azərbaycanlıların əlindədir. Qədim zamanlardan ora erməni kəndi olub. Sizcə, mən ora nə vaxt qayıda bilərəm?” Sonra bir qədər fikirləşib əlavə etdi: “Bu məsələni ətraflı götürqoy etmək lazımdır. Həlli olmayan problem yoxdur, sadəcə bu ağrılı suallara cavab vermək üçün vaxt lazımdır”. “Mən istərdim ki, Şuşa yenidən paytaxt olsun”, Parkev dedi.

Biz onun evinin kandarında durub xudahafizləşirdik və Kazançetsots kilsəsinin şpilinə və onun ətrafındakı xarabalıqlara baxırdıq. Necə? Nəyin paytaxtı? Cəmi iki min sakini olan bu viranə qalmış şəhərin bu cür gələcəyinə XXI əsrin əvvəlində inanmaq çox çətindir. Axı yüz il əvvəl burada qırx min nəfər yaşayırdı, altı kilsə və iki məscid fəaliyyət göstərirdi, iyirmi qəzet nəşr olunurdu. Arxiyepiskop maraqlandı ki, mən rus dilini harada öyrənmişəm. Mən dedim ki, rus ədəbiyyatı üzrə diplom müdafiə etmişəm, bu an Parkevin saqqallı sifəti işıqlandı. “Mən də rus ədəbiyyatını öyrənmişəm. Mənim diplom işimin mövzusu Bulqakovun “Master və Marqarita” əsəri idi. O, ehtiyatla sözləri seçərək ingilis dilində davam etdi: “Mən ingilis dilini də öyrənmişəm”. Məlum oldu ki, o, ingilis dilini evdə valların köməyi ilə öyrənib. “Mən “Bitlz” qrupunu çox sevirdim, Parkev dedi və yanıltmac kimi tez-tez öz sevimli mahnılarını saydı: “Yesterday”, “A Hard Day’s Night”, “Eleanor Rigby”, “Paperback Writer”… “Bitlz”ı sevən axiyepiskopa qəfil simpatiya ilə mən dağılmış şəhəri tərk etdim.