Tanıdığımız və tanımadığımız Puşkin – ARAŞDIRMA

Image result for PUŞKİN

Rusların bütün zamanların ən böyük şairi hesab etdikləri Aleksandr Sergeyeviç Puşkin 1799-cu ilin 6 iyununda anadan olub. Üstündən 200 ildən artıq müddət keçəndən sonra Birləşmiş Millətlər Təşkilatı həmin təqvimi şairin rus dilinin inkişafındakı misilsiz xidmətlərinə görə Beynəlxalq Rus Dili Günü elan edib. Oxucuların əksəriyyətində belə bir təsəvvür var ki, Puşkin haqqında demək olar, hər şeyi bilir: babası həbəş olub, öz dayəsini çox sevib, bakkenbard saxlamağı xoşlayıb və s. Amma əslində, dahi şairin həyatında kitablara və təbii ki, dərsliklərə düşməyən xeyli maraqlı məqamlar da olub.

Məlum məsələdir ki, böyük ədiblərin boyları, görkəmləri, səslərinin necə olması barədə nadir hallarda maraqlanırıq. Puşkinin boyu hündür deyildi, bir elə yaraşığı da yox idi. Doğma qardaşı Lev onun haqqında belə yazırdı: “Puşkin kifir idi, amma siması ifadəliydi”. Şairin şəklini çəkən rəssam Qriqori Çernetsovun apardığı qeydlərə görə Puşkinin boyu 1 metr 67 santimetr olub.

Image result for Пушкин, Александр Сергеевич

Puşkin irsinin tədqiqatçısı Yuri Drujnikov ehtimal edir ki, Natalya Qonçorovayla evlilikdən sonra şair boyuna görə kompleks keçirib. Belə ki, Natalya məşhur ərindən nə az, nə çox düz 10 santimetr hündür olub. Şairin dostu Pyotr Vyazemski belə xatırlayır: “Puşkin xanımıyla yanaşı dayanmağı xoşlamırdı və zarafatla deyirdi ki, sənin yanında duranda alçalıram. Çünki Natalya ilə müqayisədə çox balaca görünürdü”.

Şair həmişə uzun dırnaq saxlayırdı. Bunu onun portretlərində də görmək olar. Ən çox da çeçələ barmağındakı uzun dırnağıyla qürrələnirdi. Hətta o dırnağı qızıl qaşla bəzəmişdi.

Image result for PUŞKİN

Bir çox yazıçılar kimi Puşkin də qumara çox meyilli idi. Amma yaxşı qumar oynaya bilmirdi – həmişə qumarxananı kiməsə borclu halda tərk edirdi. Balaca qardaşı Levə yazdığı məktubda hətta məşhur “Yevgeni Onegin” poemasının beşinci fəslini uduzduğu, amma sonra qaytara bildiyi barədə yazmışdı.

Image result for Alexander Pushkin

Şair özünü Rusiyanın ilk peşəkar ədibi adlandırırdı. Ona qədər Rusiyada yazıçılıqdan qazanc götürmək məqbul sayılmırdı. Şair Pyotr Vyazemskiyə məktubunda Puşkin yazırdı: “İcazə verin, poeziyaya da peşə kimi baxaq”.

Xaraktercə çox çılğın və sərt idi. Şairin həyatında nə az, nə çox düz 29 duel qeydə alınıb. Doğrudur, onlardan bəziləri baş tutmayıb, bəzilərində isə yaralanan olmayıb. Məsələn, şairin kinayələrinə dözməyən yaxın dostlarından biri Vilhelm Kyuxelbeker onu duelə çağırır, amma atəş zamanı tapançalarda güllə əvəzinə giləmeyvə olduğundan hər şey salamlıqla bitir.

Image result for Пушкин, Александр Сергеевич

Qısa sürən 37 illik həyatında Puşkin nəzmlə yazılmış bir roman, yeddi nağıl, səkkiz dram əsəri, on iki poema, on beş nəsr əsəri və 783 şeir qələmə alıb. Amma bu külliyyata iki əsər də əlavə oluna bilərdi. Belə ki, digər rus klassiki Nikolay Qoqolun sözlərinə görə, müəllifi olduğu “Ölü canlar” əsərinin süjetini ona Puşkin verib. Şair özü bu mövzuda poema yazmaq istəyirmiş. Qoqolun “Müfəttiş” pyesinin ideyası da Puşkinə məxsus olub.

Rus poeziyasının klassiki maraqlı rəsmlər də çəkib və fransız dilini mükəmməl bilib. Əslində isə Puşkin ondan artıq dil bilib – Volter, Bayron, Dante və Servantesin əsərlərini orijinaldan oxuyub.