Teoman: “Ədəbiyyat sənətin yorğun qoludur”

Epiloq.az türk rok musiqiçisi Teomanın söhbətini ixtisarla təqdim edir.

Çox oxuyuram. Əvvəllər avtobusda sıxlıq olsa belə həmişə oxuyurdum. Ayaq üstə də olsam gözümü əlimdəki kitabdan ayırmırdım. İndi isə rahatlığıma düşkünəm; ya üçlü divanda, ya da rahat bir kresloda oxuyuram…Demək olar ki, hər gün kitab evinə gedirəm. Bəzən bircə jurnalla çıxıram kitabçıdan. Bəzən də heç oxumayacağım bir torba kitabla qayıdıram evə. Əhval-ruhiyyəmə görə dəyişir… Yaxşı ki, axına qarışıb hər kəsin danışdığı məşhur kitabları almıram; populyar romanlar mənlik deyil. Gəncliyimdə Kunderadan çox təsirlənmişdim, hələ də bəyənərək oxuyuram. Ədəbiyyat sənətin yorğun qoludur, təəccüblü və cəlbedici olmaq çətindir. Kitablarımı çox sevirdim. Hətta “Bu kitab Teomanındır, geri ver” yazılı möhür düzəltdirmişdim. Uşaqlıq arzumu reallaşdırdım. Həm rok ulduzu kimi tanındım, həm də özüməməxsus bir üsluba sahib oldum.Artıq həyatda heç nə ilə maraqlanmırdım və musiqini günahlandırırdım. Halbuki çox asan bir işim var. Məhz köhnə musiqilərim sayəsində çox az işləyərək xoşbəxt bir həyat yaşaya bilərəm. Amma belə olmur. Bilirsən, köhnə hisslər üçün darıxır insan. Sən dəyişirsən, ətrafı günahlandırırsan. Ancaq məni narahat edən şey hər hansı bir hissi itirməkdir. Artıq heç bir şeyə əhəmiyyət vermədiyimi qəbul etmişəm. Beləliklə, insan heç bir şeyə diqqət yetirə bilmir, motivasiya ala bilmir. Tənbəlləşir, heç nə vecinə olmur.

Keçmişdə çox heyranı olduğum sənətçilər vardı, ömürlərinin sonuna qədər həvəsləri, şövqləri azalmazdı; çox işləyirdilər və həyat enerjiləri həmişə yüksək idi. Nə vaxtsa onlar kimi olacağımdan əmin idim. Həyata aid bütün planlarımı həmin həvəsli halımla qurdum. Ancaq sonra işlər dəyişdi. Artıq, bəhs etdiyim sənətçilərə həsəd aparmırdım. Məndə olmayan bir şey var idi onlarda; ölənə qədər işlərinə bağlı yaşadılar. Ömür boyu mahnı yazmaq, qastrollara getmək istəmirəm; işləmək də istəmirəm.
Gələcəyə aid sadəcə sakit şəkildə kitab oxumağı xəyal edirəm.
Həmişə mahnılarımda “uzun intihar”lara göndərmə etmişəm. Nədir uzun intihar? Boğaziçi körpüsündən tullanmaq deyil, özünü məhv edərək yaşamaqdır… Əvvəllər avaraçılığı şişirdirdim; gündəlik, normal duyğularla olan əlaqəmi itirmişdim. İstədiyim tək şey içimdə hiss etdiyim “divara qarşı” duyğularını azaltmaq, hüzura qovuşmaq idi. O günlərin mahnısı “Ayna”dır.   

Hazırladı: Dəniz Pənahova