Ukrayna şairinin şeirləri

Epiloq Ukrayna şairi Pavlo Mixayloviç Movçanın şeirlərini təqdim edir.

Şair, tərcüməçi və ictimai xadim Pavlo Mixayloviç Movçan 1939-cu ildə Kiyev vilayətinin Böyük Olşanka kəndində doğulub;

Ukraynanın Əməkdar incəsənət xadimidir;

Əsərləri  bir çox xarici dillərə tərcümə olunub.  

Küləyin forması

Burula-burula əsən küləyin əlləri

budaqlarla sığallayırdı

kainatın başını.

Küləyin on barmağı

sevdadan  hörük hörürdü.

Günəşin itilədiyi on uzun barmaq

gəzirdi torpağın bədənində:

şirin-şirin qıdıqlayırdı sinəsini,

acı-acı qıdıqlayırdı.

On incə barmaq

yaşıl sual işarələri asmışdı havada –

insanlarsa onlara

tozağacının,

ağcaqayının çətiri dedilər.

Aylı aşırımlarda

on kədərli barmaq

ağır fikirlərdən dincəlməkdəydi.

Mən olduğum yerlərdə külək  əllərini ovuşduraraq,

on barmağını qaldırıb

kəsirdi gözlərinin önünü.

BUYRUQ

Hey, orada, Zaymanşinada

çayın o tayındakı  yovşan əbədiyyətə əkilir.

Damdakı sarı dimdikli ətcəbala

ruhuyla qalxmaq istəyir Yerin üstündəki ucalıqlara –

yolların dəqiqədən qısa ipiylə

əbədi bağlanmasın deyə…

sən sarı buğda dənlərində cücərti kimi

sabah da hər şeydə ola,

yağış damcılarında, 

çiçəklənmiş budaqlarda

günbəgün, saatbasaat yox,

anbaan böyüyəsən deyə.

***

Mənə zirvələri bəxş eləyən quş,

Məni nəvazişimə görə sevən it,

Hər il yaxşı meyvə gətirən bağım,

Suyun zərifliyini dadan barmağım…

Hamısı əliaçıq taleyin nişanəsidir

(Qum dənəsindən payız almasınacan) –

Hər şey uçur karusel kimi

Amma  adama elə gəlir ki,

Kimsə için-için ağlayır.

Bədbəxtlik soyuyur ağ ovuclarda,

Tikanlı kol bitir təbiətin ağuşunda,

Hər şey donur əlimizə düşəndə,

Səs damcı-damcı süzülür –

Hamısı iztirab nişanəsidir

(Göz yaşından əbədi ayrılığadək) –

Hər şey üzüb gedir, əriyib gedir,

Yenidən bütövləşir parçalanmış dünya

uşaqlıq sevincini, qayğısız gülüşləri

görüncə, sezincə.

Tərcümə: Salam Sarvan