Epiloq.az görkəmli Azərbaycan şairi Vaqif Bayatlı Odərin Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşr olunan “Bəy Atlı Şeirlər” kitabından 7 şeiri təqdim edir.

O, unutmağın da, unudulmağın da
ən günahkar, ən suçlu şeiri
Nə gözəl olur ona bu haqq –
hər iki dünyada da unudulmaq!
Hər iki dünyada da unudulmaq!
Nə gözəl! Nə gözəl!
Yaşamaq – bir şeirin canında yox olmaq ancaq,
orda hər iki dünyada unudulantək unudulmaq!
Şeirim, gönçələn, bir daha açıl qalx,
Hər iki dünyaya bir daha göstər,
hər iki dünyada hər an eşqlə oxlanmaq
ancaq şeirə yaraşır, həm də şairə ancaq,
Çox da ki, hər iki dünyada sən
heç kimi unutmayan,
ancaq ən çox unudulacaq biri,
həm də hər iki dünyanın da
unutmağın da, unudulmağın da
ən günahkar şairinin
ən günahkar, ən suçlu şeiri
Sən məni tanıyırdın, Əbədiyyət
Ey Əbədiyyət, Əbədiyyət,
sən məni görmüşdün,
sən məni tanıyırdın.
Sən məni tanıyırdın,
çox anların səni yıxmaq istəyəndə
mən səni öz anlarımla
o anlardan qoruyurdum,
Sən məni tanıyırdın,
Deyirsən, sən yenə bir an da dayanmadan
ötüb keçirsən dünyadan,
ancaq əbədiyyəti göstərir əqrəblərin,
səninçün yoxdu zaman,
əbədiyyət, məni də götür yenə,
yenə gərək olaram sənə
Son mələyin yuxusuyuq
Biz çoxdan,
lap çoxdan
ömrümüzün bir yerindən
yoxuq bu yerüzündə,
Yoxuq! Yuxuyuq!
Ömrümüzün bir yeri nədi?!
Boş sözdü! Ömrümüz də
olmayıb heç vaxt
hələ doğulmamışdan da qabaq,
bir kişiyə,
bir qadına
oğul olmamışdan da qabaq
Yoxuduq! Yuxuyduq!
Dünyada bir zamanlar adamlar yox,
ancaq mələklər varmış,
Biz indi
son mələyin gördüyü
qəflətən ayılacağı yuxuyuq!
Hələlik yoxuq, yoxuq!
Yuxuyuq!
Ən böyük sevgi
Bu dünyada ən böyük sevgi
Tanrının dünyaya sevgisitək tək –
Bu, elə sevmək, elə sevmək ki,
sevginlə həm də hamını
hamıya sevdirmək demək!

Ram olunanlar, olunmazlar
Ən ram olunmaz kişi
hər an ram edə biləcəyi
beləcə özü də duymadan,
həm də onu ram edəcək qadını axtarır hər an,
əlbəttə, bu dünyada, hər küçədə, hər tində
elə qadın tapılmır,
qalır bu dünyanın uzantısı dünyalar,
elə o qadın da onuntək
hansı dünyadasa onu ram edəcək
ram olunmaz kişi həsrətində.
Gülümsəyən doğma üz
Dünyanın çox bənzətmələri var,
ən yaxşısı məncə,
dünya güzgü kimidir,
hər an ona gülümsəsəniz,
elə o da o anda sizintək
ən doğma üzlə sizə gülümsəyəcək.
Şeir yazmaq
Hərdən Vaqif Bayatlı üçün şeir yazmaq –
tək bircə arzu, istək –
canını hər an
şeir istəyən canından
xilas etmək, xilas etmək!