Xalq şairi Musa Yaqub vəfat edib

Xalq şairi Musa Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə şairin dostu Pünhan İsmayıllı məlumat verib.

Epiloq.az şairin “Bu dünyanın qara daşı göyərməz” şeirini təqdim edir.

Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib, payız gəlib, qış qalıb.

Göy çəməndə ocaq yanıb, daş qalıb,

Bu dünyanın qara daşı göyərməz.

Nə bu ocaq közərəsi, sönəsi,

Nə o günlər bir də geri dönəsi…

Qəm eləmə könlümün bir dənəsi

Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir bir xoş baxışa,

Körpə budaq əl açıqdır yağışa.

Min baharın hərarəti yığışa

Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,

Tufanlanıb çalxalanmaz dənizim,

Daha məndən sevgi umma, əzizim,

Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,

Elə bilmə əllərimi üzmüşəm.

Ürəyimə daş bağlayıb dözmüşəm,

Bu dünyanın qara daşı göyərməz.