XX əsrin koronavirusu: İspan qripi – ARAŞDIRMA

Epiloq.az “İspan qripi” virusu ilə bağlı araşdırmanı təqdim edir.

Günümüzdə istənilən virusun genomunu laborotoriyada hazırlamaq mümkündür. Lakin bu həmişə belə olmayıb…

…1918-in payızı

Əsgər Rosko Von və Ceyms Dauns  hospitalda vəfat edirlər…

Von, “Kemp-Cekson” hərbi düşərgəsinə sentyabr ayının əvvəllərində daxil olmuşdu. O qırx min nəfərlik artilleriyaçılar qarnizonunda xidmətə başlamışdı. Onun vəziyyəti günü-gündən pisə doğru kəskin dəyişirdi: titrəmə onu xəstaxana yatağına salmış; Von sayıqlayır və boğulurdu.

Həmin vaxtda Nyu-Yorkda “Kemp-Epton” düşərgəsində də hər on nəfər əsgərdən biri hospitala düşürdü. Onların içərisində Dauns da vardı. Onun xəstəlik tarixçəsindəki məlumatlar Von ilə eyni idi: yüksək hərarət, titrətmə, çətin tənəffüs. Sona yaxın oksigen çatışmazlığı nəticəsində qaralmış dəri də simptomlara daxil olacaqdı.

26 sentyabr sübhə yaxın Von və  Dauns vəfat etdilər – cəmi iki saat fərqlə.

Həmin günün nahar vaxtı hərbi həkim, kapitan Hegeford və Makberni autopsiya həyata keçirirlər. Məruzələr oxşar olacaqdı: heç bir bədən xəsarəti aşkarlanmayıb, lakin ağciyərlər köpüklü və qan qarışıq maye ilə doludur. Hegeford Vonun ağciyərindən dırnaq ölçüsündə nümunə kəsir, onu farmaldehidlə isladır, sonra isə  parafinə batırıb, kiçik bir qutuda Vaşinqtona göndərir.  Nümunə orada  dövlət anbarında elə o şabalıdı qutuda qalacaqdı.

O gün Atlantik okeanının şimalında Yoxan Byork və daha altı adamın olduğu qayıq hündür dalğaların arasından xilas olmağa çalışırdı. 18-28 yaş arası balıqçı və fermerlər Norveçin ən şimalında – Şpitsbergendə yerləşən Longyir kömür  mədənlərində mövsümi iş üçün dənizə çıxmışdılar. Yoxan Byork altı yoldaşı ilə birlikdə Şpitsbergenə ayaq basanda artıq xəstələnmişdilər və bir neçə gündən sonra vəfat etdilər. Onların cəsədi hələ bir neçə gün şaxtada, sadə taxtadan hazırlanmış tabutda qalacaq, sonra isə yerli qəbiristanlıqda dəfn ediləcəkdilər.

Noyabr ayında Von, Dauns və Byorku öldürən qrip virusu Alyaskada eskimosların yaşadığı kiçik “Brevik-Mişn” adlandırılan  kəndə gəlib çatır. Artıq ilk eskimos xəstələnir, iki gündən sonra isə vəfat edir. Bir neçə gündən sonra 80 nəfər əhalisi olan Brevik-Mişnda cəmi 8 nəfər sağ qalacaqdı. Növbəti ilin başlanğıcında kəndə gələn adamlar bir neçə “iqlu”ya( buzdan inşa edilmiş yarım kürə formalı eskimosların yaşadığı ev) yığılmış insan cəsədləri ilə rastlaşacaqdılar.

Muzdlu qızıl axtaranlar cəsədləri ümumi məzarlığa yığaraq, üzərinə iki ədəd xaç vururlar. Biri xəndəyin baş tərəfində, digəri isə əks tərəfində. Onların arasında cavan, dolu bir eskimos qadın var idi,  onun adını hələlik biz bilmirik.

Gəlin onu Lyusi adlandıraq.

Brevik-Mişn, Alyaska, 1951-in yayı

Artıq dördüncü gündür ki, Yoxan Xaltin daşa dönmüş Alyaska torpağını qazır. Daimi donuşluq torpaqları təkcə külüng və bellə qazmaq mümkün deyildi.  Torpağı bir qədər yumşaltmaq üçün ocaq yandırmaq lazım gəlirdi.  Beləcə bir neçə santimetr qazmaq mümkün olurdu. Xaltin, hündür və idmançı cüssəli isveçli  gənc gün ərzində 16 – 18 saat qazıntı aparırdı. Artıq 2 metrə yaxın yer qaza bilmişdi. Birdən bel nəyəsə toxunur. Bu on yaşlı qız uşağının kəllə sümüyü idi. Qırmızı lent onun qəhvəyi saçlarına dolanmışdı.

Artıq qazıntını dayandırmaq olardı.

Yarım il əvvəl Xaltin – Ayova universitetinin qonaq tələbəsi – fakültənin rəhbər heyəti və xarici professorlarla birgə nahara dəvət olunmuşdu.  Məclisdə söhbət tibb barəsində mövzularla davam etmişdi. Xaltin, tanınmış bir virusoloqun açdığı bir mövzunu araşdıracaqdı. Həmin virusoloq çıxışında demişdi:

“Bu qədər araşdırma aparılsa da, biz hələ də ispankanın haradan gəldiyini  bilmirik. Şimal qütbünə yola düşüb daimi donuşluq ərazisində basdırılmış cəsədləri qazıb çıxartmaq, virusun sağ qalmasına ümid etməkdən başqa çıxış yolumuz qalmayıb”.

Bu işi məhz o, Xaltin edəcəkdi…

Yoxan Xaltin  üç yoldaşı ilə birlikdə Brevik-Mişnda qız uşağını tapdığı qazıntı  yerinə gəlir. Keçən həftə o daha iki yerli qəbiristanlıqda – Nom və Uelsdə araşdırma aparmışdı. Onların hər ikisində ötən illər ərzində yerin üst səthi dəfələrlə ərimiş və yenidən donmuşdu.  Cəsədlər bu səbəbdən çürümüş və araşdırma üçün yararsız hala düşmüşdülər.

Xaltin və onun yoldaşları tələsik Alyaskaya gəldilər.  Onlar uzun müddət hökumətin bu araşdırmanı maliyyələşdirməsi üçün cavab gözləməli oldular. Sonradan öyrəndilər ki, ordu onlardan gizli olaraq, qazıntı aparmaq  qərarına gəlib. Təcili universitetin kiçik qrantı hesabına yola düşdülər.  Xaltin Brevik-Mişnda qazıntını demək olar ki, bitirənə yaxın, hərbçilər Nomeyə gəldilər və işə başlayaraq qurumuş qalıqları  qazıb çıxartdılar.

Xaltinin qrupu dörd cəsədi çıxarıb, ağ ciyərlərindən nümunə götürdü. İnsanlar bu vəhşi qatili buzlaqların altından çıxarıb azadlığa buraxmaqdan qorxurdular. Lakin bəşəriyyəti növbəti dağıdıcı epidemiyadan qorumaq üçün buna dəyərdi. Hamı maksimum ehtiyatlı olmağa çalışırdı: maska, əlcək, xalat. Həmin vaxt üçün  demək olar ki, əldə edilə biləcək, ağlagələn bütün təhlükəsizlik vasitələrindən istifadə edirdilər.

Onlar bir otaqdan ibarət yerli məktəbdə, hava ilə doldurulan döşəklərdə gecələyirdilər. Evə yola düşəndə isə özləri ilə kiçik mobil soyuducularda, ola bilsin ki, bəşəriyyətin ən ölümcül virusunu daşıyan ağ ciyər hissələrini aparırlar. Ayovada toyuq yumurtasında həmin virusu yenidən canlandırmağı yoxlayacaqdılar. Nəticə uğursuz oldu. Virus məhv olmuşdu.

Vaşinqton, Kolumbiya dairəsi, 1997-ci ilin yayı

Cefri Taubenberger  Hərbi Patologiya İnstitutunun soyuq müharibə dövründə tikilmiş beş mərtəbəli beton bunkerdə  yerləşən ofisinə pilləkənlərlə tələsik qalxırdı. Taubenbergerin başı tamamilə qripə qarışmışdı: artıq iki il idi ki, o,  “ispan  qripi”nin genomunu deşifrə etməyə çalışırdı. Molekulyar biologiyanın inkişafı hətta dağılmış DNK-dan belə məlumat əldə etməyə imkan verirdi. Taubenbergerin komandasında iki qız var idi: biri Meksika körfəzində bütün delfinləri məhv edən virusu izolə etməyi bacarmışdı, digəri isə artıq 10 ilə yaxın idi ki, parafinlənmiş ağ ciyər qalıqlarından “ispan qripi” virusunun ştammlarını əldə etməyə çalışırdı.

“İspan qripi”ndən həlak olmuş çoxlu hərbçi fayllarını araşdırdıqdan sonra Taubenberger əsgər Rosko Vonun xəstəlik tarixçəsi üzərində dayanır. Von dəqiq qripdən ölmüşdü, sənəddə yüksək temperatur, sinədə ağrılar və güclü öskürək qeyd olunmuşdu. Ən əsası, o çox tez ölmüşdü, deməli, ehtimal var idi ki, ölüm zamanı onun viruslu pnevmaniyası(sətəlcəm) bakterial pnevmaniyaya çevrilməyə macal tapmamışdı. Növbəti uğursuz cəhddən sonra Taubenbergerin xanım laborantı virusun genomunun bir hissəsini əldə edir. Uzun illər və yorucu əmək tələb edən iş deşifrə olunmalı idi.

Son dövrlərə qədər qrip sahəsində ixtisaslaşmış elmi cəmiyyət Taubenberger və onun  komandasının araşdırmasından xəbərsiz idi. Hər şeyi, bir neçə ay əvvəl “Science”(Elm) jurnalında dərc olunmuş məqalə dəyişdi. Taubenberger öz işini, “ispan qripi” ovuna çıxmış kanadalı professor barədə eşidənə qədər dərc etdirməməyə üstünlük vermişdi.

Kirsti Dankan(qadın) Şpitsbergen qəbiristanlığında dəfn olunmuş norveçli şaxtaçıların məzarlarını araşdırmaq üçün böyük ekspedisiya hazırlayır. Daimi donuşluqda basdırılmış şaxtaçılar virusun sirlərini saxlaya bilərdi. Taubenberger şaxtaçıların qəbirlərinin qazılması üçün çəkilən bu qədər zəhmət və riskin səbəbini anlamırdı, axı bütün materialları Vaşinqtondakı anbarda parafinlənmiş hissələrdən əldə etmək olardı.  Elə bu səbəbdən də o, ictimaiyyətə digər üsullar barədə məlumat vermək üçün əsgər Vonun ağ ciyərindən götürülmüş nümunə barədə elmi məqaləsini dərc etidirir. Material elm dünyasında hadisəyə çevrilir.

Məqalədən sonra Dankan və Taubenbergerin görüşmək üçün düşündüklərindən də çox səbəbləri var idi. Hər ikisi ispan qripi ovuna çıxmaq üçün Alfred Krosbinin pandemiya haqqında olan kitabından ilhamlanmışdılar. Bundan sonra onlar başladıqları işə davam edirlər:  Taubenbergerdə yalnız bir tamamlanmamış nümunə  var idi. Dankanın isə ümidi var idi ki, yeddi ədəd korlanmamış cəsəd əldə edəcək.

Taubenberger Vaşinqton anbarında saxlanılan daha 35 nümunəni araşdırmaq qərarına gəlir. Cəmi biri müsbət nəticə verir ki, bu ağ ciyər hissəsi Ceyms Daunsa məxsus idi. Ölümcül sirrin həlli artıq əlçatan idi. Növbəti ay Taubenberger iki ildən sonra ilk dəfə məzuniyyətə gedəcəkdi.  Lakin o qayıdanda ofisdəki poçt qutusundan bir məktub tapacaqdı. Taunbergerin araşdırmalarının gələcək taleyi həmin məktubun ağlasığmaz məzmunundan asılı idi.

Longyir, Şpitsbergen, Norveç, 1998-ci ilin payızı

Kirsti Dankan telekameraların obyektivinə gülümsəyir. Çünki bütün həyatını həsr etdiyi layihə artıq kulminasiya nöqtəsinə çatmışdı. Həmin gün o yeddi nəfər cavan şaxtaçının cəsədini eksqumasiya edəcəkdi və  bu dünya tarixində əsrin ən böyük elmi sıçramasını həyata keçirməyə kömək edə bilərdi. Artıq bir həftədir ki, o, Şpitsbergendə idi. Ona qazıntı aparmağa yalnız bir şərtlə, qəbiristanlıqda nəqliyyatdan istifadə etməyəcəyi halda icazə vermişdilər. Nəticədə 16 nəfərlik komanda 17 tonluq avadanlığı təpəyə bir neçə günə daşıyır. Onlar qəbiristanlıqda içərisində dezinfeksiya üçün duş kabinası da daxil olmaqla böyük bir çadır qururlar. Bundan başqa elektrik xətti çəkilməli, generator və soyuducu kameralar qurulmalı idi. Hətta arktik tundra imkan versə, maksimal dördüncü səviyyədə mühafizə olunan bioloji təhlükəsizlik laborotoriyası qurmağa da hazır idilər. Çünki onlar donmuş torpaqlar altında gizlənmiş vəhşini azadlığa buraxmaqdan çox qorxurdular.

“Şpitsbergen layihəsi” üzərində işləməyə Kirsti, demək olar ki, “super qəhrəmanlardan” ibarət komanda hazırlamışdı.  Fironların qəbrini araşdıran, firon V Ramzesdə çiçək virusunu aşkar edən autopsiya mütəxəssisi, Kanadalı geoloq və daimi donuşluq ərazilər  üzrə mütəxəsis, ABŞ və Britaniyadan olan tanınmış virusoloqlar, elmi institutların direktorları bu komandaya daxil idi. Onlar cəsədlərlə işləmək üçün xüsusi avadanlıqlar fikirləşib hazırlamış, dondurulmuş qurbağaların üzərində təcrübədən keçirmiş, hətta ekspedisiyanın ehtimal olunan dəhşətli nəticələrini konfransda müzakirə etmişdilər. Onlar eksqumasiya üçün ən yaxşı komandanı işə götürdülər,  tanınmış,  “itmiş eskadriliyanı” Qrenlandiyanın buzlaqlarında axtaran   şirkət isə onlar üçün georadarlar vasitəsilə torpağı skan etdi. Hər şey nəzərə alınmışdı.

Ümumi xeyir duadan sonra fəhlələr qazıntıya başlayırlar və həmin an taxta tabuta dirənirlər.  Tabutların ən az iki metr dərinlikdə olması gözlənilirdi. Səthə çox yaxın olmaları, cəsədlərin təkrar-təkrar donub, donunun açılmasına səbəb olmuş, buna görə də onlar quru skeletə çevrilmişdilər. Kirsti uğursuzluğunu hər şəkildə jurnalistlərdən gizlətməyə çalışırdı.  O, bütün şaxtaçıların qalıqlarını toplayır və yalnız bir neçə il sonra nəticəni ictimaiyyətə açıqlayır. Orada virusun izləri yox idi.

Kirstinin layihəsinin miqyasına əhəmiyyət verməyən ictimaiyyətin  nəzəri yalnız ekspedisiyanın uğursuzluğunda cəmlənir. Onun alim yoldaşları da tez bir zamanda  layihədən uzaqlaşırlar.

Həmin müddət ərzində Taubenberger öz komandası ilə birgə virusun sirrini açmaq üçün bircə dəqiqə belə itirmir. O keçən yay Kaliforniyada yaşayan 72 yaşlı patoloqoanatomdan məktub alır. Həmin şəxs öz yardımını təklif edir və iddia irəli sürürdü ki, 50 il əvvəl o, Alyaskada olub və yenidən eskimosların qalıqlarından nümunə tapmaq üçün oraya gedə bilər.

Yoxan Xaltin Taubenbergi inandıra bilmişdi və cəmi bir həftədən sonra artıq Brevik Mişnda idi. O, Vaşinqtondan olan alimlərin işini zərbə altında qoymamaq üçün öz hesabına, anonim şəkildə yola düşmüşdü. Xaltin yazının əvvəlində qeyd olunan dolu eskimos qadının cəsədinə rast gələnə qədər bir neçə cəsədi qazıb çıxarır. Qadının cəsədi sanki bütün bu müddət ərzində dəyişməmiş, olduğu kimi qalmışdı. Dərialtı yağ təbəqəsi onun bədənini çürüməkdən qorumuşdu. Həyat yoldaşının verdiyi bağ qayçısı ilə çox yaxşı vəziyyətdə qalmış ağciyərləri kəsib götürür. Xaltin yoluxmaqdan qorxmurdu, virus onun üçün 50 il əvvəl ölmüşdü.

Xaltin evə içində bəşəriyyətin ən ölümcül virusunun qalıqları olan ağciyərlər qoyulmuş kiçik soyuducu çemodanlarla qayıdır. Hər ehtimala qarşı Taubenbergerə nümunələri dörd fərqli bağlamada müxtəlif daşıma şirkətləri ilə yollayır. Hər dörd bağlama Taubenbergerə heç bir zərər görmədən çatdırılır.

Paleantropoloq Donald Cohanson Efiopiyada ilk avstralopitekin skeletini tapanda ona “Lyusi” adını vermişdi. Bu nümunədən ilhamlanan Xaltin də öz tapıntısını “Lyusi” adlandırır.

2020-ci ilin yazı  

Yoxan Xaltinin bu möcüzəli tapıntısı  alimləri o qədər heyrətləndirir ki, onlar Yoxanı “Elm dünyasının İndiana Consu” adlandırırlar. O öz həyat yoldaşı ilə birlikdə demək olar ki, planetin dörd bir yanında– dünyanın bütün ölkələrində araşdırmalar aparıb. Xaltin Pamir dağlarının ən ucqar zirvələrindən olan Muztaqatu zirvəsini fəth edən ən yaşlı insandır. Brevik-Mişndakı araşdırmasından 5 il sonra o, 1889-cu ildə Sibirdə baş vermiş qrip epidemiyası qurbanlarının donmuş  qalıqlarını axtarmağa yola düşür. Hal-hazırda onun 96 yaşı var.

Kirsti Dankan isə Kanadada uğurlu siyasi fəaliyyətə başlayıb və ictimai palatanın sədrinin müavini vəzifəsindədir. Bundan əvvəlki vaxtlarda isə o, Castin Tryudonun hakimiyyəti dövründə  Elm və İdman naziri postunu tutan ilk qadın olmuşdur.

Kirsti Dankan öz ekspedisiyası barədə “İspan qripi ovunda–1918” adlı kitab yazmışdır.

Cefri Taubenberger “ispan qripi” virusunun genomunu deşifrə etdi. O, quş mənşəli idi, sonradan donuz qripinə çevrilmiş və nəhayət, insan üçün təhlükəli formaya mutasiya olmuşdu. 2005-ci ildə  genomun açılması barədə “Science” jurnalında dərc olunmuş məqalə ilin əsas  elmi sıçrayışı kimi qiymətləndirilmiş, “Lancet” jurnalında isə ilin məqaləsi adlandırılmışdı. İndi Taubenberger ABŞ Milli Allergiya və İnfeksion xəstəliklər İnstitutunun İnfeksion Xəstəliklər laboratoriyasına rəhbərlik edir. Həmin laboratoriya dünyada COVİD-19-la mübarizə aparan ən mühüm qurumlardan biridir.