XX əsrin ruhunu ən yaxşı ifadə edən roman – SORĞU

Epiloq.az “XX əsrin ruhunu ən yaxşı ifadə edən roman hansıdır?” mövzusundakı sorğunu təqdim edir.

Vilayət Hacıyev

Ümumiyyətlə, bir əsrin ruhunu bütövlükdə özündə əks etdirən roman adı çəkmək çətindir. Ancaq hər bir əsrə öz möhrünü vuran hadisələr olur ki, həmin dövrdə yaranan əsərlərin ruhuna çevrilir. Şübhəsiz ki, XX əsrin belə hadisəsi bədnam İkinci Dünya Müharibəsidir. Və bu əsrin II yarısında yaranan bədii əsərlərin çoxu bilvasitə və ya bilavasitə bu hadisəylə bağlı idi. Bu baxımdan mən Nobel mükafatı laureatı alman yazıçısı Haynrix Böllün “Kişisiz ev” romanının adını çəkərdim. Çünki bu roman iki uşağın həyatı fonunda müharibənin törətdiyi bütün faciələri, onun insan psixologiyasına təsirini və onun mənəvi-əxlaqi dünyasını necə darmadağın etdiyini özünəməxsus ustalıqla əks etdirir.

Yaşar Əliyev

Məncə, XX əsrin ruhunu özündə ən dolğun əks etdirən əsərlərdən biri də “Master və Marqarita”dır. Düzdür, romanda Ponti Pilat dövründən bəri böyük bir zaman kəsiyi verilsə də, o zamanın içində yenə də XX əsrin bütün məşəqqətləri, tarixin gedişatı, gələcəkdə insanlığı, bəşəriyyəti gözləyən bütün o dəhşətlər, faciələr öz əksini tapır. Bu əsər o qədər əhatəlidir ki, onun sədası  təkcə XX əsrə yox, gələcək əsrlərə də düşəcək.

Etimad Başkeçid

20 əsrin ruhunu əks etdirən ən səciyyəvi əsər mənə görə C.Oruellin “1984” romanıdır. Əvvəla bu əsər yüksək sənətkarlıqla yazılıb. İkincisi də, bütün gedişat göstərir ki, bəşəriyyət bu romanda əks olunan gerçəklikdən hələ uzun müddət qurtula bilməyəcək. Zaman keçir, formasiyalar dəyişir, ümumiyyətlə hər şey dəyişir… Amma hər şeyi qamarlayıb içəri ötürməyə çalışan, öz mənasız varlığını bütün mahiyyətlərdən üstün tutan insan xisləti heç cür dəyişmək istəmir – fürsət düşər-düşməz, əlverişli şərait yaranan kimi insan havalanır və dərhal instinktlərindən yapışır.

Aqşin Yenisey

 XX əsr kommunizm və ona qarşı qoyulan millətçilik ruhunun güc qanadığı əsrdir. Məntiq etibarilə bu əsri ifadə edən roman bu ruhu özündə əks etdirməlidir; kommunist və millətçi rejimlərdəki insanın vəziyyətini. Məncə, bu vəziyəti ən yaxşı ifadə edən Kafkanın “Məhkəmə” romanıdır. Kunderanın sözləri ilə desək, bu əsr cəzanın günahı axtardığı əsrdir, günah isə məlum deyil, onu uydurmağa belə gərək yoxdur. Hər kəs günahkardır və cəzalandırıla bilər. XX əsrin ruhu bu mənəvi anarxiyada idi. Kafka hamıdan əvvəl hiss etmişdi onu.

Qismət

 Bir kitabı seçib ayırmaq mənə həmişə çətin gəlib, cavabım indiki pandemiya ovqatının təzahürüdür: Corc Oruel – 1984. XX əsrdə Coysun “Uliss”, Prustun “İtmiş zamanında sorağında”, Kafkanın “Məhkəmə”, Nabokovun “Solğun atəş”, Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”, Folknerin “Səs-küy və qəzəb”, Kamyünün “Yad”ı kimi xeyli digər müəllifi və romanı xatırlamaq, hər birinin əhəmiyyətindən danışmaq olar.

Cahan Seyidzadə