Yazıçılar Fransa ordusuna cəlb olunur

Fransız ordusu gələcəkdə yarana biləcək hərbi təhlükələri əvvəlcədən təxmin etmək məqsədilə elmi fantastika janrında yazan yazıçıların təxəyyül gücündən faydalanacaq.

Belə ki, ölkə ordusu bu janrda yazan yazıçılardan ibarət qrupun ehtimal olunan hərbi təhlükələr barədə düşünməyini istəyir.

Fransa ordusu uzun müddətdir müdafiə sahəsində yeni addımlar atmağa başlayıb. Müdafiə Texnologiyasında Yeniliklər Agentliyinin  (DİA) yayımladığı sənəddə dünyagörüşü yüksək olan şəxslərin, hərbi mütəxəssislərin ağlına gəlməyən təhdid planları üzərində işləyəcəkləri qeyd olunub.

4-5 yazıçıdan ibarət qrupun, ordunun ənənəvi düşüncəsindən fərqli olaraq, mümkün təhlükələrlə bağlı daha yaradıcı ehtimallar irəli sürəcəyi gözlənilir. Qrup terrorçu dəstənin və  xarici dövlətlərin müasir texnologiyalar ilə hansı təhlükələr yarada biləcəyini xəyal etməyə çalışacaq.

Bu günə qədər reallaşan elmi-fantastik nəsr nümunələri:

Aya enmək: Jül Vernin 1865-ci ildə çıxmış “Aya səyahət” kitabında Floridadan göndərilən bir kosmik gəmidə üç nəfər aya göndərilir. Bu təsvir 104 il sonra xeyli oxşar cəhətlə “Apollo 11” tərəfindən həyata keçirilib.

Görüntülü telefonlar: Görüntülü danışıq imkanı olan telefon ideyası ilk dəfə 1927-ci ildə “Metropol” filmində göstərilib. Amma filmdəki görüntülü ünsiyyət cihazları müasir telefonlardan daha böyük ölçüdə idi.

Atom bombası: HG Vellsin 1914-cü ildə nəşr edilən “The World set free” adlı kitabında atom araşdırmalarından təsirlənərək yaradılan və hər şeyi yox edən bombalardan bəhs edilir.