Epiloq.az “Yazıçılar və pişikləri” yazısını təqdim edir.
Rus ədəbiyyatında itlərə daha çox rast gəlirik, amma pişiklər də istisna deyil. İstər əsərin məzmununda, istər yazıçının çiynində…
Hətta bəzi yazıçı və şairlər öz pişiklərinə sevdiyi qələm adamlarının adını qoyub. Məsələn, Herman Hessenin pişiyinin adı ‘‘Narsis‘‘ idi. Ahmed Hamdi Tanpınar pişiyinə ‘‘Kafka‘‘ adı vermişdi. Edqar Allan Ponun pişiyi isə ‘‘Katarina‘‘ adını daşıyırdı. Haruki Murakami də pişiyini ‘‘Kafka‘‘ deyə çağırırdı. Jan Pol Sartrın və Samuel Bekketin pişiklərinin adı isə ‘‘Mörfi‘‘ idi.

Tomas Eliot modernist şeirlərində pişiklərdən çox bəhs etmişdi. Tomas Mannın
sevimli pişiyi Banbino itəndə jurnala elan vermişdi. Samuel Conson küçədə
rastına çıxan hər pişiyə xərçəng çubuqları alırdı.
Pişiklər və yazıçılar arasındakı ən kədərli hadisə isə Ernest Heminqueyin dostu İvançiçə yazdığı məktubda ortaya çıxır.

Onun pişiyini maşın vurmuşdu. Qəzaya düşən pişik güc-bəla ilə özünü Heminqueyə çatdırır. Pişiyin bir neçə yerdən sümükləri qırılmışdı. Heminquey “Vilyam” adlı yaralı pişiyinə əvvəlcə süd verir, sonra isə onu əzablardan qurtarmaq üçün güllə ilə vurur.
Yazıçı məktubunda
yazırdı: ‘‘Pişiyi süd içdiyi yerdə başından güllə ilə vurdum. Çox acı
çəkdiyini hesab etmirəm. Sinir hüceyrələri zədələndiyi üçün hələ sümüklərinin
ağrısını hiss eləmir. Monstruo mənim əvəzimə gülləni pişiyin başına çaxmaq
istədi, amma buna razı olmadım. Bu məsuliyyəti başqasının üstünə atmaq
istəmədim. Əvvəllər də birini gülləylə vurmuşdum, amma 11 ildi sevdiyim və
qırıq ayaqlarla mırıldayan birini vurmaq…”
Heminqueyin 30-dan çox pişiyi olub. Qəribədir ki, pişiklərin hamısının 6
barmağı varmış. Günümüzdə 6 barmaqlı pişiklər “Heminquey pişiyi” adlanır.
Ceyms Coys hər iki övladına hekayə həsr eləmişdi. Hər iki mətn pişiklərdən bəhs edirdi. Hekayələr “Pişik və şeytan” və “Kopenhagen pişikləri” adı ilə çap olunmuşdu.

Çarlz Dikkensin evində kitabxanaya bənzəyən gizli qapı vardı. Orada “Pişiklərin həyatı” adlı 9 cildlik kitablar yer almışdı.

Görkəmli yazıçıların, rəssamların əksəriyyəti pişik saxlayıb. Bəlkə də sənət adamları səssizliyi və tənhalığı sevdiyi üçün pişiklərlə yaşamağı seçmişdilər.

Lakin Şərq və Qərb insanı pişiyə münasibətdə bir-birilərilə zidd fikirdədir.

Xristianlıqda pişiklər əhliləşdirilsə belə, insana xidmət məqsədi ilə saxlanılmır. Pişiklərin 9 canının olması xristian aləmində cənnət məsələsinə ironiya kimi qəbul edilir.

Qəribədir ki, Avropa xalqlarının əksər folklor nümunələrində pişiklərə uşaq qatili, cadugər kimi rast gəlmək olar. O cümlədən, Edqar Allan Ponun ‘‘Qara pişik” hekayəsində folklordan gələn qorxu, qaranlıq, dəhşət özünü əks elətdirir.

Şərqdə isə, xüsusən islam şərqində pişiyə xoş münasibət var. İslam peyğəmbərinin heyvanlara, xüsusən də pişiklərləə mehriban davrandığı hər kəsə bəllidir.
Dəniz Pənahova