“Yazıçılıq etməyin!” – Yazıçılara məsləhətlər

Epiloq.az “The New York Times” qəzetinin 2001-ci ildə dərc etdiyi “Elmor Leonardın yazıçı olmaq istəyənlər üçün məsləhətləri” adlı yazısını təqdim edir.

Elmor Leonard amerikan yazıçısı və ssenaristidir. Onun XX əsrin ortalarında çıxan ilk əsərlərində daha çox “vestern” ruhu hiss olunsa da, sonradan dedektiv, qorxu, fantastika janrında əsərlər yazmağa və bu sahədə ixtisaslaşmağa başlamışdır. Yazıçının “Qaçış” “Ölüm zərbəsi”, “Ölümcül təqib”, “Sirlər oteli” adlı romanları məşhurdur. Həmçinin, “Rum Punch” romanı məşhur rejissor Kventin Tarantinonun “Ceki Braun” filmi üçün ilham qaynağı olmuşdur. Elmor Leonard 2009-cu ildə “PEN” mükafatına layiq görülmüşdür.

  1. Əsərə heç vaxt hava xəbərləri ilə başlamayın. Əgər çox vacib deyilsə, hava durumunu şərh etməyə ehtiyac yoxdur. Təbii ki, qarlı havaları eskimoslardan daha yaxşı təsvir edən Barri Lopez (amerikan yazıçı, esseist) deyilsinizsə.
  2. Uzun “giriş”lərdən qaçın.
  3. “Dedi” felindən başqa, digər feillərlə olan dialoqları davam etdirməyin. Çünki dialoqdakı cümlələr obraza aiddir, feillər isə yazıçının dialoqa müdaxilə etməsidir. Buna görə də “dedi” feili bu halın qarşısını almış olur.
  4. Nida işarələrinə hakim olun.
  5. “Qəfildən” və “qiyamət qopdu” kimi kəlmələrdən istifadə etməməyə çalışın.
  6. Dialekt və ləhcələrdən təmkinlə istifadə edin.
  7. Obrazları ətraflı və ən xırda detalına qədər təsvir etməkdən qaçın. Daha sadə təsvirlərə yer verin. Ernest Heminqueyin “Hills like White Elephants” adlı hekayəsində olduğu kimi: “Papağını çıxardı və masanın üzərinə qoydu.”
  8. Eləcə də, məkan və əşyaları təsvir edərkən lakonikliyə üstünlük vermək lazımdır.
  9. Oxucuya maraqsız gələ biləcək yerləri hekayədən çıxarın. Bunun üçün hər hansı əsəri oxuyarkən sizə darıxdırıcı və lüzumsuz gələn hissələri, uzun cümlələrdən ibarət paraqrafları düşünün. Belə hissələrdə müəllif ya yenidən havadan-sudan söhbət açır, ya da xarakterlərin daxili aləmində dolaşır. Onsuz da oxucu əsər əsnasında obrazların daxili aləmi ilə tanış olur, təkrar-təkrar oxumağa isə ehtiyac duymur. Lakin heç bir oxucu dialoqları oxumadan keçməz. Çünki əsərin əsas mənası və ideyası dialoqalarda açılır. Mən hər zaman “yazıçılıq” etdiyimi anlayanda, yazdıqlarımı silib yenidən başlayıram.

Cahan Seyidzadə