Zamanın məhv etdiyi “Haray”ın bilinməzləri…

Dünyanın ən məşhur incəsənət nümunələrindən biri hesab olunan, norveçli rəssam Edvard Munkun “Haray” (The Scream) əsərinin yox olmaq təhlükəsi ilə qarşı-qarşıya olduğu bildirilib. Epiloq.az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə rəsm əsərində sarı rəngli boya vaxt keçdikcə məhv olur. Buna səbəb havanın yüksək rütubətidir.

1893-cü ildə çəkilmiş “Haray” Munkun ən məşhur əsərlərindən biridir. O, müasir insanda qlobal təşvişin ifadəsi kimi izah olunur.

Epiloq.az “Haray” əsəri ilə bağlı maraqlı faktları təqdim edir.

  • Munk 1893-cü ildən 1910-cu ilə qədər müxtəlif boyalardan istifadə edərək 5 fərqli “Haray” tablosu yaratmışdı.
  • Əsərin birinci adı “Haray”  olmayıb. Belə ki, Munkun ilk versiyası “Təbiətin harayı”  idi. O, bu adın hekayəsini belə danışırdı: “Bir gün axşamüstü dostlarımla birlikdə gəzirdik. Həmin vaxt günəş batmaq üzrə idi. Birdən göyün üzü qıpqırmızı rəngə boyandı. Körpünün üzərində dayanıb dəmirlərə söykəndim. Hiss etdim ki, çox yorğunam, nəsə danışmağa belə taqətim yoxdur.  Qırmızının tonları önümdəki körfəzin mavi və qara rənginə qarışmışdı. Dostlarım gəzintiyə davam etdilər, amma mən olduğum yerdə donub qaldım. Həmin an inanılmaz bir səslə təbiətin haray çəkdiyini eşitdim”.

  • Əsər intihar duyğusunun təzahürü kimi qəbul olunur. Belə ki, tablo çəkildiyi vaxtlarda Munk psixoloji xəstəliklər və qarşılıqsız sevgi kimi ilə bir çox problemlə mübarizə aparırdı. Rəsmdəki adamın körpünün üzərində dayanması da intihara işarə idi.

  • Munkun tablodakı adamı çəkərkən mumiyalardan ilham aldığı ehtimal edilir.

  • 1994-cü ildə Lillehammerdə Qış Olimpiya Oyunları başladığı gün Oslodakı “Nation Museum”dan tablonu oğurlayırlar. Oğruların qoyduğu qeyd kağızında belə yazılmışdı: “Mühafizəyə bu qədər səhlənkar yanaşdığınız üçün təşəkkürlər”. Lakin onlar 3 aydan sonra həbs olundu və tablo muzeyə qaytarıldı.
  • Əsər 2004-cü ildə yenidən oğurlanır. Bu dəfə oğru silahlı şəxs idi.  Cinayətə görə 3 nəfər həbs olunsa da, tablo 2006-cı ilə qədər hələ də yox idi və onu tapana 2 milyon kron (532,100 manat) mükafat vəd olunmuşdu. Bu zaman məşhur şokolad markası “M&M” axtarış tədbirlərinə dəstək olacağını açıqlayır. Sonradan məlum olur ki, markanın əsas məqsədi yeni istehsala buraxdığı şokoladları reklam etməkdir. Lakin tezliklə həbs olunan 3 nəfərdən biri tablonu yerini deyir və əsər yenidən muzeyə qaytarılır.

  • 119,9 milyon dollara (202 milyon manat) alınan “Haray”  tablosu “indiyə qədər hərracda satılan ən bahalı sənət əsəri” kimi qalmaqdadır.

  • “Evdə tək” filminin afişası “Haray” tablosundan ilhamlanaraq hazırlanıb.
  • Sənətşünasların fikrinə görə rəsmdə təsvir olunan yerə yaxın ərazidə sallaqxana var idi. Buna görə də Munkun eşitdiyi harayın sallaqxanadakı heyvanlarla əlaqəsi olduğu da ehtimal olunur.

  • Digər bir varianta görə rəsmin çəkildiyi il – 1893-də Munkun bacısı ruhi xəstəxanaya salınmışdı. Həmin xəstəxana rəsmdəki ərazinin yaxınlığında yerləşirdi. Bir ehtimala görə Munk xəstəxanada müalicə alan bacısının çığırtılarını eşitmiş və “Haray” tablosunu yaratmışdı.

Cahan Seyidzadə